Azərbaycan Seysmoloqlar Assosiasiyası Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Abşeron yarımadasında olan palçıq vulkanlarının yaşayış məntəqələrinə olan təhlükəsizlik səviyyəsinin qiymətləndirilməsi” layihəsinin icrası başa çatıb.
Layihənin məqsədi yaşayış məntəqələrinə ən yaxın və real təhlükə olması ehtimal edilən vulkan seçilərək insanların təhlükəsizliyini təmin etmək olub. Layihə Xəzəryanı-Quba vilayətində yerləşən Qaynarca vulkanı və Şamaxı-Qobustan vilayəti, yəni Böyük Qafqazın cənub-şərq hissəsini əhatə edən zonanı əhatə edib.
Layihə çərçivəsində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin stansiyalarından alınan məlumatlar emal olunaraq vulkanların parametrləri, onların koordinatları, dərinliyi, ayrılan enerji, püskürmələrin davamiyyət müddət və s. təyin edilib.
Vulkanların yerləşməsinin, onların püskürməsi zamanı ətrafa yayılan brekçiya materiallarının yayılma arealının öyrənilməsi və vulkanların monitorinqinin həyata keçirilməsi məqsədi ilə 14 oktyabr tarixində Şamaxı- Qobustan vilayəti, yəni Böyük Qafqazın cənub-şərq hissəsini əhatə edən zonada yerləşən Qobu-Bozdağ vulkanın yerləşdiyi əraziyə səfər təşkil edilib. Monitorinqdə ekspertlər Rauf Muradov, Soltan Abasov, Ramiz İskəndərov və layihə rəhbərinin köməkçisi Telman Cəfərov iştirak edib. 17 oktyabr tarixində isə Keyrəki vulkanının yerləşdiyi əraziyə səfər təşkil edilib. Monitorinqdə ekspert Tahir Məmmədli və layihə rəhbərinin köməkçisi Telman Cəfərov iştirak edib.
Monitorinqlər zamanı vulkanların yaşayış massivlərindən olan məsafələri qiymətləndirilib, brekçiya kütləsinin həcmi, yayılma arealı və digər parametrlərə əsasən vulkanın böyüklüyü keyfiyyətcə təyin olunub.
Vulkan ətrafı ərazilərdə tikinti işlərinin aparılması və təhlükəsizliklə bağlı video çarxlar hazırlanıb.
Bu vulkanların yerləşdiyi əraziyə səfər zamanı ekspertlər yerli sakinlərin nəzərinə çatdırılıb ki, planetimizdə mövcud olan palçıq vulkanlarının 300-dən çoxu Azərbaycan ərazisində – Abşeron yarımadasında, Şamaxı – Qobustan regionunda, aşağı Kür çökəkliyində və Bakı arxipelağında yerləşir. Buna görə də bir çox hallarda Azərbaycanı “palçıq vulkanları ölkəsi” adlandırırlar. Hər il ayrı-ayrı ölkələrdən yüzlərlə turist Azərbaycandakı palçıq vulkanlarını görməyə gəlir. Bunun da əsas səbəblərindən biri ölkəmizdəki vulkanların həm say etibarı ilə, həm də bəzi xüsusiyyətlərinin (onların çoxçeşidli olması və əksəriyyətinin aktiv fəaliyyət göstərməsi) fərqli olması və forma müxtəlifliyidir. Azərbaycandakı palçıq vulkanları morfologiyası müxtəlifdir. Burada konusvari, künbəzvari və layvari vulkanlar mövcuddur.
Yerüstü (kontinental), aktiv fəaliyyətdə olan, “sönmüş”, 150-250 ildən artıq fəaliyyətdə olmayan gömülmüş (yer səthinə çıxmayan) və dənizdə püskürən vulkanlar qeydə alınmışdır. Gömülmüş vulkanlar qazılan quyularla açılıb, aerokosmik şəkillərin deşifrə üsulu ilə aşkar edilmişdir. Morfoloji cəhətdən palçıq vulkanlarının nisbi hündürlüyü 10 m-dən 400 m-dək kəsik konus şəklində olub, xarici görünüşünə görə maqmatik vulkanları xatırladır. Vulkanın təpəsi krater bəndinə uyğun gəlir. Kraterin diametri 15-500 m, əsası isə 150-3000 m və daha artıq olur. Təbiətin nadir və maraqlı hadisələrindən biri olan palçıq vulkanları xərcsiz başa gələn təbii dərin kəşfiyyat quyusu vəzifəsini daşıyır və məhz buna görə də onların öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Neft quyuları kimi vulkanlar da geoloqlara yerin dərin qatlarının quruluşu barədə məlumat verir. Quru ərazisində 190 palçıq vulkanı və vulkan təzahürləri vardır. Ən böyük palçıq vulkanları Abşeron ərazisində yerləşir. Bunlar – Otmanbozdağ, Bozdağ-Güzdək, Qobustanda – Torağay, Böyük Kənizədağ (onların hündürlüyü 400 metrə çatır), Mədrəsə, Qırlıq, Axtarma- Paşalı, Şorbulaq, Ayrantökəndir. Həmçinin, Xəzər dənizində də palçıq vulkanları var. Cənubi Xəzərdə 200-dən artıq sualtı palçıq vulkanı vardır. Onların 120-si Xəzərin Azərbaycan sektorundadır. Bakı arxipelağında vulkan mənşəli 8 ada (Xərə-Zirə, Zənbil, Qarasu, Səngi-Muğan, Gil və s.) var. Palçıq vulkanizmi ilə seysmikliyin arasında sıx əlaqə vardır. Güclü zəlzələlər də (5-6 bal və artıq) palçıq vulkanlarının fəaliyyətinin aktivləşməsinə, püskürməsinə səbəb olur. Aparılan tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, zəlzələnin hazırlığı dövründə (gərginliyin artdığı zaman) vulkanların fəallığı müşahidə olunur, onların yer səthinə atdığı qazların, suların tərkibində bəzi komponentlərin faizi kəskin artır. Qazların tərkibində helium, karbon qazı, suların tərkibində bor, bəzi hallarda xloridlər və sulfatlar artır. Hər il Azərbaycanda orta hesabla 5 vulkan püskürür. Son iki yüz il ərzində (1810-2006) 81 vulkanda 309 püskürmə qeydə alınmışdır. Çox fəal, tez-tez püskürən vulkanlar da vardır. Lökbatan (23 dəfə), Şıxzəyirli (20 dəfə), Keyrəki (15 dəfə), Quşçu (11 dəfə), Bahar (8 dəfə) və s. Palçıq vulkanlarının çirklənməsi, zibillənməsi, onların sistemsiz, amansızcasına dağıdılması texnogen fəaliyyətlə əlaqədardır.
Vulkan yaxınlığında tikinti işlərinin aparılması mütləq dayandırılmalıdır. Vulkan püskürməsinin törədə biləcəyi təhlükə nəzərə alınmalıdır. Əhalinin təhlükəsizliyi gözlənilməlidir. Bəzi yerli bələdiyyə orqanları və icra hakimiyyətlərinin məsuliyyətsizliyi nəticəsində Keyrəki ətrafında salınmış yaşayış massivində «Ağdam məhləsi», «Vulkan market», «Vulkan» restoranı tikilmişdir. Bu isə orda yaşayan insanların həyatı üçün böyük təhlükə mənbəyidir. Çünki palçıq vulkanın püskürməsi zamanı bir çox zəhərli qazlar yaranır ki, bunlar da insanların sağlamlıqlarına mənfi təsir göstərir, bəzən isə onların ölümünə belə səbəb olur. Bundan başqa püskürmə ətrafdakı tikililərin uçub dağılmasına da təsir göstərir. Buna nümunə kimi Bozdağ – Qobu vulkanının son püskürməsi zamanı 1 çobanın öz qoyunları ilə birlikdə həlak olmasını göstərmək olar.
Məlumat üçün qeyd edək ki, Bozdağ – Qobu vulkanı Qobu kəndindən 3 km şimal, şimal-şərqdə, Bakı şəhərindən 15 km şimal-qərbdə yerləşir. Qərbi Abşeronun ən böyük və fəal vulkanlarından biridir. İki hissədən ibarət olan bu vulkanın biri Qobu dağında, digəri isə ondan 800-1000 m şərqdə yerləşir. Vulkanın 100-dən çox qrifonu 5 böyük sönmüş sopkaları vardır. Vulkan brekçiyalarının yayıldığı sahə 437 ha, sopka örtüyünün ümumi qalınlığı 80 m, vulkan tullantılarının ümumi həcmi 349,6 mln m3-dir. İlk püskürməsi 1827-ci ildə qeydə alınıb. 1885, 1894, 1902, 1952, 1964, 1966, 1968, 2002-ci illərdə püskürmələr baş vermişdir. Bu püskürmələrin bir qismi güclü Şamaxı zəlzələləri (məsələn 1902-ci il) ilə bağlı olub.
Əsas təhlükə ondan ibarətdir ki, insanlar gələcəyi düşünmədən vulkana yaxın olan sahələrdə evlər tikir, yollar çəkirlər. Məsələn, Xırdalanda olan Ziyilpiri vulkanının üstündə yaşayış binaları salınmışdır. Binəqədi rayonunda yerləşən Abix vulkanı sahəsində böyük su hovuzu tikilmişdir və bu vulkanlarda tədqiqat aparmaq indi mümkün deyildir. Abşeron yarımadasındakı Keyrəki, Bozdağ – Qobu və Bozdağ-Hökməli vulkanlarının yanında son 3 il ərzində böyük yaşayış massivi yaranmışdır. Bozdağ – Qobu vulkanının kraterinin yanında tikilən binaların sayı artmışdır və 1999-cu ilin iyul ayında Abşeron yarımadasındakı vulkanın püskürməsi nəticəsində əmələ gələn çat evlərin yaxınlığındadır. Vulkanların yuxarıda qeyd edilən sönmüş sopkalarının hamısının yerləşdiyi ərazilərdə salınan yaşayış massivlərində tikilmiş 1-3 mərtəbəli yaşayış evlərinin zaman keçdikcə çökməyə, sürüşməyə məruz qalması ehtimal olunur ki, bu da gələcəkdə bir çox fəlakətlərə yol aça bilər. Abşeron rayonunun «Atyalı» adlanan sahəsində tikilmiş evlərin bir qismində çatlar əmələ gəlmiş, hətta bəziləri uçmuşdur. Binəqədi rayonu ərazisində, Bakı şəhərindən 12 km şimalda, Binəqədi qəsəbəsindən cənub-qərbdə yerləşən Keyrəki vulkanı Abşeron yarımadasında olan vulkanlardan biridir. Morfologiyasına görə vulkan kümbəz şəkillidir, mütləq hündürlüyü 146 m-dir, krateri nisbətən kiçikdir. İlk püskürməsi 1824-cü ildə qeydə alınmışdır. Vulkan 15 dəfə püskürmüşdür. Onlardan 4 dəfə (1824, 1830, 1865, 1885-ci illər) XIX əsrdə, 8 dəfə (1902, 1915, 1952, 1957, 1964, 1966, 1968, 1989 və 1991- ci illər) XX əsrdə 3 dəfə isə XXI əsrdə olub.
Qeyd edək ki, bütün püskürmələr yeraltı gurultularla, partlayışlarla, brekçiyanın 15-40 m hündürlüyə atılması ilə müşahidə olunub. 1952-ci ildə baş vermiş püskürmə daha intensiv olmuş, bir neçə saat ərzində yer səthinə 30 ha sahəni örtən 375 min m3 həcmdə brekçiya çıxmışdır. 26 iyun 2001-ci ildə saat 20:42 dəqiqədə növbəti güclü püskürmə zamanı 2,5 saat ərzində 15 ha sahəni örtən, qalınlığı 2,0 m (orta qalınlıq 1,2 m) olan 180 min m3 brekçiya çıxışı qeydə alınıb. Brekçiyanın axım uzunluğu 200-250 m olmuşdur. Sonuncu püskürmə 28 aprel 2002-ci ildə nisbətən zəif olmuş, vulkanın qərb və şərq yamaclarında vulkan brekçiyası axını qeydə alınıb. Bu fəal vulkanın cənub – şərqində və cənub – qərbində, Binəqədi rayonu ərazisində böyük bir yaşayış massivi salınıb. Bu yaşayış massivi vulkanın fəlakət doğura biləcək yaxınlığında yerləşir. Boş torpaq sahələri qalmadığı üçün vulkanın yamacları əhaliyə torpaq sahələri kimi paylanır və intensiv tikinti işləri bu gün də davam etdirilir.
Yuxarıda qeyd etdiyimiz kimi, intensiv bir püskürmə baş verərsə və bu zaman brekçiyanın həcmi 500 m3 təşkil edərsə, brekçiya ilə örtülən sahə 50 ha yaxın, bu yaşayış massivində yerləşən yüzlərlə evlər, minlərlə insan həyatı üçün isə çox fəlakətli nəticələrə səbəb olacaqdır. Vulkan sahələrində torpaq ayrılması və tikinti işləri təcili dayandırılmalı, mütəxəssislərin rəyi öyrənilməli, təhlükəli məsafədə yerləşən tikintilər barədə müvafiq tədbirlər görülməlidir.
Bu vulkanların ərazilərinə baxışlar zamanı vulkanlar ətrafında kifayət qədər yaşayış evlərinin inşa olunduğu, hətta belə evlərin tikintisi proseslərinin son dövrlərə qədər davam etdiyi müşahidə edilib. Nübar qəsəbəsində dağılmış evlərin əhatəsində yeni evin tikintisinin davam etdiyi məlum olub. Evlərin bilavasitə vulkanların yanında tikilməsi onlara böyük təhlükənin ehtimalı olmasından xəbər verir. Bütün deyilənləri nəzərə alaraq bu ərazidə yaşayan əhali arasında izahlı məsləhətlər verilib, təhlükə riskinin gözlənildiyi onların nəzərinə çatdırılıb.
Number of View: 1076