Tələbələr narkomaniya və zərərli vərdişlərə “yox“ deyir

 

Odlar Yurdu Universitetində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri” layihəsi çərçivəsində, “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi tərəfindən tədbir keçirilib.

Layihənin rəhbəri Vidadi Fətullayev, vətəndaşların sağlamlığının qorunması sahəsində ölkəmizdə aparılan islahatlardan, narkotik vasitələr və zərərli vərdişlərin insan sağlığı və cəmiyyətimiz üçün fəsadlarından danışıb. O, narkomaniya və zərərli vərdişlərə qarşı maarifləndirmə işinə cəmiyyətimizin bütün üzvlərinin qatılmasının zəruriliyini vurğulayıb və gəncləri zərərli vərdişlərdən uzaq durmağa çağırıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun (NMDK) məsul əməkdaşı Vasif Quliyev, narkomaniyaya qarşı 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı çərçivəsində İşçi Qrup tərəfindən görülən işlər barədə danışıb, slaydlarla narkotik və psixotrop maddələr, onların səbəb olduğu xəstəliklər barədə ətraflı məlumatlar verib, 802 və 102 qaynar xətlərinin bu istiqamətdə əhəmiyyətini qeyd edib və tələbələrin bu mövzuda səsləndirdikləri sualları cavablandırıb.

Maarifləndirici bukletlər və çap materiallarının paylandığı tədbirdə çıxış edən iştirakçılar, Prezident İlham Əliyevin bu il Gənclər Günündə zərərli vərdişlərə qarşı səsləndirdiyi fikirlərin onlar üçün bir şüar olduğunu vurğulayıblar və tədbirin təşkilinə dəstək göstərən bütün qurumlara minnətdarlıqlarını çatdırıblar.

Number of View: 818