Noyabrın 3-də Diasporla İş üzrə Dövlət Komitəsində Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Abdullah Erenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov əvvəlcə oktyabrın 30-da Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində həlak olanların yaxınlarına, dost və qardaş türk xalqına başsağlığı verib.
Bildirilib ki, sentyabrın 27-də Ermənistan silahlı bölmələrinin genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən əks-həmlə əməliyyatına başlanılıb. Torpaqlarımızın işğalçılardan azad olunması və düşməni sülhə məcburetmə məqsədilə həyata keçirilən əməliyyatların ilk günündən Türkiyə Respublikasının siyasi rəhbərliyi özünün qəti və aydın mövqeyini ifadə edərək Azərbaycanla həmrəyliyini bildirib.
Sevindirici haldır ki, eyni həmrəylik həm diplomatiya, həm də media sahəsində nümayiş etdirilib. Dünya ictimaiyyəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ən doğru və düzgün məlumatları Türkiyə mediası vasitəsilə öyrənib.
Döyüş meydanında hərbi-texniki və canlı qüvvə baxımından böyük məğlubiyyətə uğrayan düşmən hərbi əməliyyatların getdiyi zonadan xeyli uzaqda yerləşən şəhər və rayonlarımızı ağır artilleriyadan, ballistik raketlərdən və qadağan olunmuş kasetli bombalardan atəşə tutub. Terror hücumu nəticəsində aralarında uşaqlar, qadınlar və yaşlılar da olmaqla, xeyli sayda dinc sakin həlak olub, yaralanıb, dini-tarixi, mədəni obyektlər, yaşayış evləri və infrastruktur ciddi zərər görüb.
Qeyd edilib ki, Ermənistanın Azərbaycan şəhərlərinə həyata keçirdiyi terror hücumundan əziyyət çəkən ailələrə Türkiyə Respublikası tərəfindən, eləcə də bu ölkənin ayrı-ayrı iş adamları tərəfindən humanitar yardım göstərilib.
Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Abdullah Eren bildirib ki, son 2 ildə hər iki dövlətin diasporlarının birgə fəaliyyəti istiqamətində böyük işlər həyata keçirilib. Azərbaycanla Türkiyə arasındakı əlaqələrin yaxın qonşuluq, mehriban dostluq, tarixi, etnik və dini yaxınlıq prinsiplərinə əsaslandığını, bunun bütün dünya üçün ən yaxşı nümunə olduğunu deyən A.Eren Azərbaycana dəstək və həmrəyliyin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Number of View: 924