Biz Azərbaycanın bu haqlı savaşında qələbə qazanacağına ürəkdən inanırıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Xaricdə Yaşayan türklər və Əqrəba İcmalarının Baş İdarəsinin rəhbəri Abdullah Eren jurnalistlərə müsahibəsində deyib. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bəzi qurumlar yaradılsa da, onlar öz işlərinin öhdəsindən gələ, vəzifələrini yerinə yetirə bilməyiblər. “Qardaş ölkə Azərbaycan 30 il idi ki, torpaqlarının 20 faizinin işğalından əziyyət çəkirdi. Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı bu məsələnin sülh yolu ilə həll ediləcəyinə ümid bəsləyirdi. Son 6 ayda Ermənistanın təxribatçı hərəkətləri Azərbaycanın səbrini tükəndirdi, buna görə də onlara cavab verməyə məcbur oldu”, – deyə o bildirib.
Türkiyənin Xaricdə Yaşayan türklər və Əqrəba İcmalarının Baş İdarəsinin rəhbəri 1 aydan artıq davam edən müharibənin Türkiyə və Azərbaycanın qardaşlığını daha da möhkəmləndirdiyini bildirib. O deyib: “Türkiyədən Azərbaycana bir çox siyasətçilər, rəsmi şəxslər səfər ediblər. Biz də Türkiyə diasporunu təmsil edən qurum olaraq buraya gəlmişik. Gəncəyə də səfər edəcəyik. Oradakı terror aktının nəticələrini öz gözlərimizlə görmək istəyirik. Ermənistanın mülki əhalini atəşə tutması beynəlxalq cinayətdir. Azərbaycan tezliklə öz ərazi bütövlüyünü bərpa edəcək və daha da qüdrətli olacaq”.
Number of View: 841