Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İnsan hüquqlarını pozan və xalqların öz müqəddəratını təyinetmə hüququnu həyata keçirməyə mane olan vasitə kimi muzdlulardan istifadə üzrə İşçi Qrupun sədri Kris M.A.Kvacaya müraciət ünvanlayıb.
Bu barədə AZƏRTAC-a Fondun prezidenti Umud Mirzəyev məlumat verib.
Müraciətdə Ermənistanın Azərbaycana qarşı müharibədə qanunsuz olaraq muzdlulardan istifadəsinin qınanılmasına və bu kimi halların baş verməməsi üçün müvafiq addımların atılmasına çağırılır.
Müraciətdə deyilir ki, bu yaxınlarda Azərbaycan Respublikası Baş Prokurorluğu müxtəlif terror təşkilatlarının üzvlərinin, o cümlədən xarici vətəndaşların muzdlu şəxs qismində Azərbaycanın işğal olunmuş ərazilərinə gətirilməsi və Ermənistan tərəfindən ölkəmizə qarşı istifadə edilməsi faktını müəyyənləşdirib.
Beləliklə, hərbi əməliyyatlar zamanı zərərsizləşdirilən döyüşçülər arasında Suriya, Livan, ABŞ, Kanada, Yunanıstan və Fransadan çox sayda muzdlu aşkar edilib, onların Ermənistan tərəfindən münaqişə bölgəsinə gətirilməsinə dair sübut var.
Bundan əlavə, PKK terror təşkilatının Azərbaycanın işğal olunmuş torpaqlarında hərbi bazalar yaratdığı, Ermənistanın təşəbbüsü ilə Azərbaycana qarşı vuruşduğu barədə əsaslı məlumatlar var.
Bildiyimiz kimi, “muzdlu” termini 1949-cu il tarixli 12 avqust Cenevrə konvensiyalarına Əlavə Protokolun və Beynəlxalq Silahlı Münaqişələrin Qurbanlarının Müdafiəsinə dair Protokolun (Protokol I, 1977) 47-ci maddəsində öz əksini tapıb. Bu maddəyə görə, muzdlunun döyüşçü və ya hərbi əsir statusu almaq hüququ yoxdur. Bu, o deməkdir ki, muzdluların hərbi münaqişədə iştirakı beynəlxalq humanitar hüquqa ziddir.
Muzdlulardan istifadə ilə mübarizədə əsas hüquqi vasitə 1989-cu il 4 dekabr tarixli qətnamə ilə BMT Baş Assambleyasının 44-cü sessiyasında muzdluların işə götürülməsinə, istifadəsinə, maliyyələşdirilməsinə və təliminə qarşı qəbul edilmiş Beynəlxalq Konvensiyadır.
Göründüyü kimi, muzdlular beynəlxalq hüquqa görə cinayətkar kimi tanınır və beynəlxalq cinayətkarlar kimi mühakimə olunmalıdırlar. Muzdlulardan istifadə ilə bağlı universal yurisdiksiya “ekstradisiya və ya təqib etmək” (“aut dedere aut judiciare”) prinsipinə uyğun olaraq müəyyənləşdirilib.
Ermənistan muzdluları Azərbaycana qarşı müharibəyə fəal şəkildə cəlb edərək, beynəlxalq hüquq normalarını bir daha kobud şəkildə pozur.
Azərbaycanda fəaliyyət göstərən QHT olaraq, muzdluları münaqişəyə cəlb edən Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn norma və prinsiplərinin pozulmasını kəskin şəkildə qınamağa və bu kimi halların baş verməməsi üçün müvafiq addımlar atmağa çağırırıq”.
Number of View: 943