I Yazı
Hazırda Azərbaycanın olduqca əhəmiyyətli, ən şanlı tarixi yazılır. 30 ilə yaxındır işğal altında olan torpaqlarımızı işğaldan azad etmək üçün haqq savaşı gedir. Bu savaş yalnız ön cəbhədə getmir, həm də arxa cəbhədə, eyni zamanda Azərbaycanın sərhədlərindən kənarda aparılır. Bu gün dünyanın dörd bir tərəfində yaşayan həmvətənlərimiz indiyədək heç vaxt olmadığı qədər əzmkarlıq, birlik nümayiş etdirərək, mənfur düşmənlə bütün cəbhələrdə mübarizə aparırlar. Bu mübarizəyə xarici ölkələrdə yaşayan gənc könüllülərimiz də töhfə verməkdədirlər. Səsimizin eşidilməsi üçün bu gün onlar həmişəkindən daha fəal, daha mütəşəkkildirlər. Bu dəfəki yazımızda belə könüllü gənclərdən ikisi ilə sizi tanış edəcəyik.
Ədalət Əliyev: “Dünyanın harasında olmağımdan asılı olmayaraq, hər zaman Vətənimlə nəfəs alıram”
Ədalət Əliyev uzun illərdir Kanadanın Toronto şəhərində yaşayır. Təhsilini orada alıb, orada ailə qurub və həyatını da elə orada davam etdirməli olub. İxtisasca videoqraf olsa da, hazırda bir neçə sahədə fəaliyyət göstərir.
– Ədalət, Azərbaycandan çox uzaqda azərbaycanlı olmaq nə deməkdir?
– Dünyanın harasında olmağımdan asılı olmayaraq, hər zaman Azərbaycanla, Vətənimlə nəfəs alıram. Bu bizə nəsildən-nəsilə ötürülən Vətən sevgisidir, valideynlərim, nənələrim və babalarım bunu mənə lap körpəlikdən aşılayıblar. Bu gün həyatıma Vətəndən kənarda davam etsəm də, yenə də Vətən üçün çalışmaq çox qürürverici haldır. Biz burda yaşayan həmvətənlərimizlə birgə Azərbaycanı təbliğ etmək üçün var gücümüzlə çalışırıq.
– Necə təşkilatlanmısınız? Fəaliyyətinizi necə koordinasiya edirsiniz?
– Kanadada bir neçə Azərbaycan icması var. Hazırda vətənizimdə elə hadisələr baş verir ki, bütün azərbaycanlılar, hətta bu icmalara üzv olub-olmamasından asılı olmayaraq bir yumruq kimi birləşib ortaq amal uğrunda hərəkət edirlər. Hər kəs düşmənin yalançı təbliğatının qarşısını almaq üçün səfərbər olub. Biz burda, demək olar ki, hər addımda mübarizə aparırıq.
– Kanada ermənilərin sıx yaşadığı ölkələrdən biridir…
– Tamamilə, doğrudur. Təəssüf ki, ermənilərin miqrasiya tarixi daha qədimlərdən başlayıb. Buna görə də onların lobbi fəaliyyətləri bizdən çox illər əvvələ gedib çıxır. Amma bu bizi qorxutmur. Ermənilərin diaspor təcrübələrinin bizdən çox olmasına baxmayaraq, biz gənc diaspor könüllüləri olaraq, onların öz mənfur niyyətlərini yerinə yetirmələrinə heç vaxt imkan verməyəcəyik. Çünki bizim mübarizəmizin bünövrəsində haqq, ədalət durur, yalançı lobbiçilik və təbliğat deyil. Bizi güclü edən də məhz budur.
– Fəaliyyətinizi istədiyiniz, arzu etdiyiniz şəkildə qura bilirsizmi?
–Bir icma olaraq burda dərindən kök salmaq üçün gərək cəmiyyətə maksimum inteqrasiya edək. İnteqrasiya yalnız burda mövcud olub yaşamaq deyil, eyni zamanda cəmiyyətin hər pilləsində aktiv fəaliyyət göstərməkdir: hüquqda, jurnalistikada, siyasətdə, ədliyyədə, təhsil sistemində gərək öz nümayəndələrimiz olsun. İndiki görülən işləri təhlil edəndə əminliklə demək olar ki, birləşib bu istiqamətdə irəliləyirik.
– Üzvü olduğunuz icma Azərbaycan – Kanada Multikultural Mərkəz adlanır. Mərkəz fəaliyyətini daha çox hansı sahələr üzrə qurmağı qarşısına məqsəd qoyub?
– Vətənimizin mədəniyyətini, tarixini tanıtmaq üçün fəaliyyətimiz tələbəlik vaxtımızdan başlayıb. İndi də davam edir və gələcəkdə də edəcək. Azerbaijani Canadian Multicultural Centre (ACMC) adlandırılan icmanın mən də üzvüyəm. Mən onun nəzdindəki media qrupunda könüllü olaraq çalışıram. Qrupun fəəaliyyəti çərçivəsində soydaşlarımızla müxtəlif işlər görürük. İşlərimiz təkcə təbliğatla məhdudlaşmır, həm də Kanadaya yeni köçən həmyerlilərimizə bura uyğunlaşmaqda kömək edirik. Məncə, xaricdə təhsil alan hər bir azərbaycanlı tələbənin ilk işi ordakı müvafiq Azərbaycan icmasına üzvlük olmalıdır. Bu yolla həm icmanın fəaliyyətinə dəstək ola biləcək, həm də digər soydaşlarıyla tanış olub cəmiyyətə daha asan inteqrasiya edəcək. İcma üzvləri də gənc həmvətənlərimizə dost, dayaq olacaq, eyni zamanda köçdükləri ölkə haqqında faydalı məlumatlar verəcəklər.
– Diaspor fəaliyyətində iştirak edən gənc könüllülərə nələri tövsiyə edərdiniz?
– Ümumiyyətlə, ölkə xaricində yaşayan hər bir həmyerlimizin mədəniyyətimizi, Azərbaycanımızı təbliğ etməkdə fəal olması son dərəcə vacibdir. Bizim şəxsi mənafeyimiz heç bir vaxt vətənimiz, millətimiz üçün faydalı şəxsiyyət olmağımızın qarşısına keçməməlidir. Azərbaycanımızın dar günlərində, ələlxüsus, indiki müharibə və pandemiya vəziyyətində icma fəaliyyətinə dəstək verən soydaşlarımız çoxdur. Könüllülərimizin sayı hər gün durmadan artır. Son dövrlərdə Kanadadakı azərbaycanlılar daha fəal olublar. Gərgin günlər bizi sıx birləşdirir və hər birimiz Vətən üçün birgə çalışmağın əhəmiyyətini daha aydın başa düşürük. Aktiv təbliğat və təşviqat işlərinə başlamışıq və bu işlərin nəticələri artıq öz bəhrəsini verir. Diasporun Kanada qolu olaraq səsimizi Kanada Parlamentində eşitdirmək üçün əlimizdən gələni edirik: parlament üzvlərilə əlaqə yaratmaq niyyətilə bir sıra işlər görür, görüşlər keçiririk, ermənilərin yalan üstndə qurulmuş təbliğatının qarşısını almaq üçün yerli xəbər agentliklərinə həqiqəti əks etdirən məktublar yazırıq. Bundan əlavə, Kanadanın böyük şəhərlərində aksiyalar, bir sıra tədbirlər həyata keçiririk. İcma olaraq daim bizim də mövqeyimizin nəzərə alınması üçün öz gücümüzdən də artığını nümayiş etdiririk. Burda əsas məqsədimiz birtərəfli fikirlərin formalaşmasının qarşısını mümkün qədər almaq, ermənilərin yalançı haray-həşirlərinə imkan verməmək, Azərbaycan tərəfinin də fikirlərini bütün dünyaya çatdırmaqdır.
Nüşabə Hüseynova
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) “Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması” layihəsi çərçivəsində dərc olunub
Number of View: 1027