Proqramda iştirak edən gənc könüllülər iki aylıq təlim barədə müsbət təəssüratlara malikdirlər
(əvvəli ötən sayımızda)
Hilalə Ələkbərlinin sözlərinə görə, Proqrama qoşulmaqda hər bir gənc kimi məqsədi təcrübə qazanmaq və öz biliklərini daha da genişləndirməkdir: “Bu müddət ərzində mən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti ilə yaxından tanış oldum. Xaricdə yaşayan soydaşlarımızın həyata keçirdiyi layihələrin və tədbirlərin gedişatını birbaşa özlərindən öyrənmək şansı əldə etdim. Gənc könüllülərin buradakı fəaliyyətinə gəldikdə isə onlar proqramdan əlavə, həmçinin buradakı şöbələrdə də təcrübə qazanmaq imkanı vardır Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində, ümümiyyətlə, hər bir könüllüyə qarşı xoş səmimiyyət mövcuddur. Deyə bilərəm ki, burada olarkən mən özümü bu ailənin bir parçası hesab edirəm”.
Proqramın digər bir içtirakçısı olan Bakı Xoreoqrafiya Akademiyasının məzun Ülviyyə Qarayeva da öz təəssüratlarını bölüşüb. Proqrama qoşulması ilə bağlı danışan Ülviyyə Qarayeva “Təlimlərdə iştirak etməklə biz gənc könüllülər geniş təcrübə qazanırıq. Bu müddət ərzində mən təlimlərlə yanaşı bir çox görüşlərdə iştirak etmişəm və gözəl təcrübə qazanmışam. Xaric ölkələrdəki soydaşlarımızın Azərbaycan üçün, Vətənimiz naminə nə kimi işlər gördüklərinin, xaric ölkələrdə yaşasalar belə vətənpərvərlik hisslərinin nə dərəcədə böyük olduğunu görüb, qürur duydum” deyib.
“Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində biz, həqiqətən də özümüzü ev sahibi kimi hiss edirik. Düzü ilk başda bu cür səmimi kollektivlə qarşılaşacağımızı gözləmirdim. Amma biz o qədər pozitiv, gözəl, səmimi, təcrübəli və öyrətməyə, cavab verməyə daim hazır olan bir kollektivlə qarşılaşdıq ki, bu, həqiqətən mənim üçün çox xoş oldu” deyə, o, əlavə edib.
Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İqtisad Fakultəsinin məzunu olan Pərvin Qarayeva da proqram iştirakçısı kimi çox zəngin biliklər əldə etdiyini söyləyib. Pərvin deyib ki, “Azərbaycan Diaspor Könüllüləri” proqramına qoşulmaqla, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin timsalında dövlət orqanlarının iş prinsipləri, fəaliyyətləri haqqında məlumatlar əldə edib: “Bu proqramın iştirakçısı olduğum üçün çox məmnunam. Bu proqramda iştirak etməklə, mən olduqca əhəmiyyətli təcrübə qazandım. Qazandığım bu təcrübənin gələcək karyeramda faydalı olacağını düşünürəm”.
“Azərbaycan Diaspor Könüllüləri” proqramı çərçivəsində görülən işlərə gəlincə müsahibimiz deyib ki, “Diaspor könüllüsü olduğumuz müddətdə Komitənin ərazi şöbələri ilə tanış olduq, onların fəaliyyətləri haqqında məlumatlar əldə etdik. Xaricdə yaşayan soydaşlarımızla videogörüntü vasitəsilə danışaraq, onların gördükləri işlər, Azərbaycanın xarici ölkələrdə təbliğ olunması, Qarabağ həqiqətlərinin yaşadıqları ölkələrin vətəndaşlarına geniş və dəqiq şəkildə çatdırılması barədə önəmli biliklər əldə etdik. Bundan əlavə ASAN Xidmət ilə əməkdaşlıq çərçivəsində təlimlərdə də iştirak etdik. Komitə əməkdaşları ilə tanış olaraq, xaricdə keçirilən tədbirlər, açılan Azerbaycan məktəbləri, könüllülük fəaliyyətləri haqqında məlumatlandıq”.
Aytac Qasımova isə Azərbaycan Dövlət Pedaqoji Universiteti Kimya və Biologiya fakültəsi 4-cü kurs tələbəsidir. Aytac xanım da Proqrama qoşulduqdan sonra bir cox yeni məlumatlar yeni dostlar qazandığını bildirib: “Dövlət komitəsinin strukturlarının fəaliyyəti ilə tanış olmuşam və düşünürəm yaxşı ki, mən də Azərbaycan diaspor könüllüsüyəm. Proqrama qoşulmaqda məqsədim təcrübə qazanmaq və bu sahədə yeni biliklərə yiyələnməkdir. Bu müddət ərzində diasporumuzun xarici ölkələrdə gördüyü işlərlə, orda yaşayan həmvətənlərimizin fəaliyyəti ilə yaxından tanış olmuşam. Qeyd edim ki, gənc könüllülər əsasən xarici ölkələrdə yaşayan həmvətənlərimizlə əlaqə yaradılmasında və Komitədə təşkil olunan görüşlərdə daha aktivdirlər. Dövlət komitəsində bizə yanaşma çox gözəldir, Komitə əməkdaşlarının gənc könüllülərə qarşı səmimiyyəti bizə ev sahibi hissini yaşadır. Fürsətdən istifadə edib, cənab Prezidentimiz İlham Əliyevə, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova və bütün Komitə əməkdaşlarına gənclərə bu cür şərait yaratdıqları üçün öz minnətdarlığımı bildirirəm. Onu da deyim ki, əgər bir gün məndə ölkə xaricində yaşasam mütləq Azərbaycan diasporunun bir üzvi olmaq istəyərəm”.
Digər həmsöhbətimiz Aytac İbrahimova Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsidir. Onun ilk dəfə Dövlət Komitəsində təcrübə qazanmaq kimi şansı olub və bu şansı dəyərləndirdiyi üçün özünü xoşbəxt hiss edir: “Dövlət Komitəsinin strukturları haqqında ilk gəldiyimdə təsəvvürüm olmasa da, artıq hər birinin fəaliyyəti ilə yaxından tanışam. Eyni zamanda, düşünürəm ki, gördüklərim, öyrəndiklərim gələcək qərarlarımda özünü büruzə verəcək. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin qapısı hər zaman üzümüzə açıqdı və buna görə dəyərli Komitə kollektivinə dərin minnətdarlığımı bildirirəm. Düzü, mən gənc diaspor könüllüsü olmadan öncə heç düşünmürdüm ki, soydaşlarımız xaricdə xalqımız adına bu qədər işlər görür. Çox fəxr edirəm ki, Azərbaycanın adını xaricdə yaşadan soydaşlarımız var”.
Fuad Hüseynzadə
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN)” Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması” layihəsi çərçivəsində dərc olunub
Number of View: 1107