QHT-lər Ermənistanın Gəncəni raket atəşinə tutması ilə bağlı həmsədr dövlətlərin prezidentlərinə müraciət ünvanlayıb

Azərbaycan QHT-ləri Gəncədə uşaq və qadınların Ermənistanın raket atəşi nəticəsində öldürülməsi ilə bağlı Rusiya Federasiyasının prezidenti Vladimir Putinə, ABŞ prezidenti Donald Trampa, Fransanın prezidenti Emmanuel Makrona, habelə Rusiya, ABŞ və Fransa ictimaiyyətlərinə müraciət ünvanlayıb.

QHT.az-ın xəbərinə görə, müraciətdə 9 oktyabrda Moskvada Rusiya Xarici İşlər naziri Sergey Lavrov, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında üç tərəfli görüşün keçirildiyi xatırladılıb.

“Ancaq təəssüflər olsun ki, Ermənistan tərəfi öz riyakar xislətinə və təcavüzkar mahiyyətinə uyğun olaraq imzalanan razılaşmanın bütün maddələrini kobud şəkildə pozaraq, atəşkəs haqqında razılaşmaya əməl etməyərək Azərbaycanın həm cəbhə boyu rayon və kəndlərini, həm də cəbhədən uzaq məsafədə yerləşən şəhərlərini ağır artilleriya və raket atəşinə tutmaqda davam edir.

Ən acınacaqlısı isə odur ki, oktyabrın 11-də saat 04.00 radələrində Azərbaycanın ikinci ən böyük və 500 mindən çox əhalisi olan, cəbhə xəttindən  80 km uzaqlıqda yerləşən Gəncə şəhəri Ermənistanın siyasi və hərbi rəhbərliyinin əmri ilə raket atəşinə tutuldu.

Ermənistanın bu barbar və vəhşi hücumu nəticəsində 3 yaşayış binası dağılıb, 7-dən çox mülki şəxs ölüb və 33-dən çoxu yaralanıb. Ölənlər arasında uşaq və qadınlar da var. Ermənistanın bu cinayəti dinc və günahsız azərbaycanlılara qarşı törədilən və Xocalıdan sonra növbəti soyqırımı aktıdır.

Atəşkəsin elan olunmasından sonra Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı açıq hücum etməsi və onlarla insanı öldürməsi və yaralaması tarixdə görünməmiş bir alçaqlıq və cinayətdir. Ermənistan bu cinayət əməli ilə bir daha sübut etdi ki, o heç zaman əldə olunan razılaşmaya, imzaladığı sənədə əməl etməyib. Digər tərəfdən, Ermənistanın Gəncəni raket atəşinə tutması həm də onu göstərir ki, işğalçı ölkə əvvəlki illərdə olduğu kimi yenə də dünya ictimaiyyətinin, konkret olaraq həmsədr ölkələri kimi sizin mövqeyinizi və çağırışınızı heçə sayır, bütün beynəlxalq konvensiyaları kobud şəkildə pozmaqda davam edir. Bunun isə tək səbəbi indiyə kimi Ermənistanın cəzasız qalması və işğalçı ölkəyə qarşı hər hansı bir beynəlxalq sanksiyanın tətbiq olunmamasıdır.

Uşaq və qadın hüquqlarının müdafiəsi ilə məşğul olan QHT-lər sizə və sizin ölkələrin vətəndaş cəmiyyəti institutlarına müraciət edərək atəşkəs rejimini riyakarcasına pozan və çoxlu sayda günahsız uşaq və qadını qətlə yetirən Ermənistana qarşı ciddi addımlar atmağa, təcavüzkarı durdurmağa çağırırıq.

Siz münaqişənin həllinə məsul olan ölkələr Ermənistanın bütün dünya qarşısında bu qədər açıq və birmənalı şəkildə müharibə cinayəti törətməsinə laqeyd qala bilməzsiniz. Azərbaycana qarşı törədilən bu təcavüzə laqeyd qalmanız, sizin insani dəyərlərə, beynəlxalq öhdəliklərə və beynəlxalq humanitar qanuna açıq hörmətsizliyiniz kimi qiymətləndiriləcəkdir.

Ümid edirik ki, ABŞ, Rusiya və Fransa ictimaiyyəti də Ermənistanın insanlıq əleyhinə törətdiyi bu cinayəti qəti şəkildə pisləyəcək və ölkə rəhbərlərindən Ermənistanın cəzalandırılmasını tələb edəcəklər”, – deyə müraciətdə qeyd olunub.

Oktyabrın 11-də Gəncə şəhərinin Ermənistan tərəfindən bombalanmasını özündə əks etdirən fotolar müraciətə əlavə olunub.

Müraciəti 75 QHT imzalayıb.

Number of View: 613