Səmərəli müzakirələr, iki qardaş ölkənin dövlət başçılarına müraciət, türklük ruh üzərində köklənən bəddi hissə

Noyabrın 27-də Füzulidə Azərbaycan-Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib.
İki qardaş ölkənin ictimai sektor təmsilçiləri arasında keçirilən ilk belə tədbir kimi tarixə düşən Forumun rəsmi açılış hissəsi kimi panel müzakirələri də maraqlı çıxış və təkliflərlə yadda qaldı.

“İmkanlar və perspektivlər” mövzusunda panel müzakirələri səmərəli keçdi

Məlumat üçün bildirək ki, rəsmi açılışdan sonra Forumda “İmkanlar və perspektivlər” mövzusunda panel müzakirələri keçirildi.
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənovun moderatorluğu ilə keçirilən panel müzakirələrində qardaş Özbəkistanda fəaliyyət göstərən bir sıra aparıcı QHT-lərin təmsilçiləri, o cümlədən qanunverici və icra hakimiyyətinin təmsilçiləri həm təqdimatlarla çıxış etdi, həm də müvafiq sualları cavablandırdılar. Ümumiyyətlə, hər iki ölkədən olan iştirkaçıların da qeyd etdikləri kimi bu müzakirələr istər gələcək əməkdaşlıq, istərsə də bir-birinin təcrübəsindən yararlanmaq baxımından səmərəli keçdi.

Özbəkistanda ictimai sektora qanunvericilik bazasında verilən dəstək, göstərilən diqqət

Məsələn, panel müzakirələrində çıxış edən Özbəkistan Respublikasının Ali Məclisi yanında qeyri-hökumət qeyri-kommersiya təşkilatlarına və digər vətəndaş cəmiyyəti institutlarına dəstək ictimai fondunun direktoru Otabek Xusanov ictimai sektora qanunvericilik bazasında verilən dəstək, göstərilən diqqət barədə danışdı.

Natiq, həmçinin 2008-ci ildən bu günə kimi Özbəkistanda QHT sektoruna ayrılan məbləğlər barədə də ətraflı məlumat verdi.
Çıxış edən Demokratik Proseslərin Təhlili Mərkəzinin direktoru Azamat Pərdayev öz növbəsində Özbəkistanda QHT sektorunu həyatın müxtəlif sahələrini əhatə etdiyini dedi.

Konkret olaraq rəhbərlik etdiyi quruma gəlincə, o, vurğuladı ki, Demokratik Proseslərin Təhlili Mərkəzi istər müxtəlif istiqamətlərdə sorğuların keçirilməsi, istər təhlillərin hazırlanması, istərsə də təkliflərin formalaşdırılması baxımından davamlı işlər görür.

Əslən azərbaycanlı millət vəkili Bobur Bekmurodovun çıxışı xüsusi maraqla qarşılandı

“Yüksəliş” Milli Hərəkatının sədri Bobur Bekmurodovun çıxışı isə xüsusi maraqla qarşılandı. Rəhbərlik etdiyi təşkilat haqqında ətraflı məlumat verən B.Bekmuradov Azərbaycan-Özbəkistan qardaşlığının sarsılmaz olduğunu, iki ölkənin əlaqələrinin inkişafı naminə atılan addımların xüsusi önəm kəsb etdiyini dedi.

Hazırda Özbəkistan parlamentinin üzvü olan B. Bekmurodov onu da bildirdi ki, anası azərbaycanlıdır. Bəlli oldu ki, millət vəkilinin ana tərəfi Naxçıvandandır.

Özbəkistan QHT-ləri Azərbaycanın ictima sektor təmsilçiləri ilə əməkdaşlıqda maraqlıdır

Qadın və Qızlar Birliyinin sədri Nəsibə Mirodilova isə Özbəkistanda qadın və qızların sosial problemlərinin həlli, onların çeşidli ictimai proqramlarda yaxından iştirakı barədə danışdı.

Nəsibə xanım çıxışında Azərbaycanın müvafiq QHT təmsilçiləri ilə sıx əməkdaşlıq qurulmasının vacibliyini önə çəkdi və bu istiqamətdə hər cür addımı atmağa hazır olduqlarını bəyan etdi.

Elə Özbəkistan Könüllülər Birliyinin rəhbəri Şirin Abidovanın çıxışı da maraqla qarşılandı. Özbəkistanda hazırda könüllülük hərəkatının inkişaf etməkdə olduğunu deyən Şirin xanım bildirdi ki, COVID pandemiyası zamanı dünya birliyi könüllülük hərəkatının inkişafının vacib olduğunu bir daha gördü.

Ş.Abidova da digər çıxışçılar kimi Azərbaycanın QHT sektoru ilə əməkdaşlıqda maraqlı olduqlarını bəyan etdi.

Panelin sonuncu çıxışçısı, Özbəkistan Əlillər Cəmiyyətinin rəhbəri Kamil Abdullayev də rəhbərlik etdiyi qurumun fəaliyyət sahəsinə dair geniş məlumat verdi. Çıxışda xüsusi olaraq vurğulandı ki, Özbəkistan rəhbərliyi əlillərə xüsusi diqqət və qayğı göstərir.

Panel müzakirələrinin sonunda sual-cavab sessiyası keçirildi.

Prezident İlham Əliyevə və Prezident Şavkat Mirziyoyevə Qarabağdan müraciət etməkdən bəxtiyarlıq duyuruq

Sonra isə Özbəkistan və Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri hər iki ölkənin dövlət başçılarına birgə müraciət ünvanladılar.

Müraciətdə deyilir:

“Biz – Özbəkistan və Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri hər iki qardaş ölkənin dövlət başçılarına – Türk dünyasının nəhəng şəxsiyyətləri olan Prezident İlham Əliyevə və Prezident Şavkat Mirziyoyevə Qarabağdan müraciət etməkdən bəxtiyarlıq duyuruq.
30 ilə yaxın xarabalığa çevrilmiş, tamamilə dağıdılmış Qarabağ torpaqları indi cənnətə çevrilir. Qısa müddətdə görülmüş genişmiqyaslı, nəhəng işlər bütün Türk dünyasını fərəhləndirir.

Bu, məhz Sizlərin xidmətidir – cənab Prezident İlham Əliyev və cənab Prezident Şavkat Mirziyoyev!

Sizlərə müraciəti qəbul etdiyimiz məkan da simvolikdir. Füzulidə özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyan təhsil ocağı eyni zamanda Özbəkistan və Azərbaycanın daha bir dostluq və qardaşlıq mərkəzidir. Qarabağın bərpası və quruculuğu işinə Özbəkistanın hədiyyəsi olan bu məktəb həmrəyliyimizin parlaq nümunəsidir. Təsadüfi deyil ki, ilk dəfə keçirilən Azərbaycan və Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu da məhz bu mərkəzdə baş tutub.

Bu gün bütün dünya Özbəkistan və Azərbaycanın dostluğuna, birliyinə, bütün beynəlxalq platformalarda bir-birini necə müdafiə etməsinə şahiddir. Tarixdə heç vaxt Azərbaycan-Özbəkistan münasibətləri bu cür yüksək səviyyədə olmayıb. Bu, məhz Sizlərin xidmətidir – cənab

Prezident İlham Əliyev və cənab Prezident Şavkat Mirziyoyev!

Biz – hər iki ölkənin vətəndaş cəmiyyəti təmsilçiləri olaraq, bu şəxsi nümunəyə, böyük əməyə, Türk dünyasının güclənməsi, Azərbaycan və Özbəkistanın inkişaf etmiş dövlətlərə çevrilməsi naminə tarixi fəaliyyətinizə görə Sizlərə sonsuz təşəkkür edirik!

Məhəmməd Füzulinin uzun əsrlərdən bəri Özbəkistanda qorunub saxlanan əlyazmalarından birini 2022-ci ildə Daşkənddə Özbəkistan Prezidenti Azərbaycan Prezidentinə hədiyyə etdi. Dahi mütəfəkkir-şair Məhəmməd Füzulinin adını daşıyan Füzuli rayonunda bu hadisəni xatırlamamaq mümkün deyil. Qədirbilən özbək xalqı özbək ədəbiyyatının və poeziyasının banisi Əlişir Nəvainin böyük Nizami Gəncəvinin əsərlərindən ilham almasını, onu “şairlərin şahı” adlandırmasını unutmur.

Özbəkistan və Azərbaycanı çoxəsrlik tarix, ortaq mənəvi dəyərlər, din, oxşar mədəniyyət, dil birləşdirir. Biz – hər iki ölkənin vətəndaş cəmiyyəti təmsilçiləri olaraq, bu möhkəm bünövrə üzərində münasibətləri öz səviyyəmizdə daha inkişaf etdirmək, genişləndirmək əzmini ifadə edirik. Azərbaycan və Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu bir-birimizi daha yaxından tanımaq fürsəti verməklə, ortaq fəaliyyəti təşkil etmək, irəli aparmaq üçün körpü rolunu oynadı”.

Biz Özbəkistan və Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri olaraq, apardığınız siyasəti tam müdafiə edirik

Müraciətdə daha sonra bildirilir:

“Bu gün Azərbaycan və Özbəkistan dünya miqyaslı güclü siyasi liderlərinə görə sülh və sabitlik adası kimi sürətlə inkişaf edir. Dünyanın müxtəlif regionlarındakı qanlı hadisələri, toqquşmaları, sonu görünməyən müharibələri ürək ağrısı ilə izləyirik. Bizim ölkələrimiz də bu fəlakətlərə düçar ola bilərdi. Ancaq Azərbaycan və Özbəkistan xalqları müdrik seçimlərində yanılmadılar, onlar ölkələrinin taleyini ancaq Prezident İlham Əliyevə və Prezident Şavkat Mirziyoyevə etibar etdilər.

Biz Özbəkistan və Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri olaraq, Sizlərə üz tutaraq bildirmək istəyik ki, apardığınız siyasəti tam müdafiə edirik, Sizlərin yanındayıq!

Biz Azərbaycanı sevirik! Biz Özbəkistanı sevirik!

Yaşasın Özbəkistan-Azərbaycan dostluğu, qardaşlığı!”

Zəfər Yallısı

Qeyd edək ki, Forum bədii hissə ilə başa çatdı. İki qardaş ölkənin mahnı və rəqslərinin səsləndirildiyi, türklük ruhu üzərində köklənən bədii hissəni maraqlı edən əsas məqamlardan biri də iştirkaçıların birlikdə Yallı rəqsini oynaması oldu.

Əslində, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin nümayəndəsi Tural Əliyevin həmçinin, Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanovun da aralarında olduğu iştirakçıların xüsusi şövqlə oynadıqlaır bu rəqsi Zəfər Yallısı kimi də dəyərləndirmək olar.

Number of View: 349