Yaxud bölgələrdə fəaliyyət göstərən QHT-lər mətbuat və sosial medianın imkanlarından yararlana bilirlərmi?
(Əvvəli 29 oktyabr tarixində)
Beləliklə, vurğulandığı kimi, Azərbaycandafəaliyyət göstərən qeyri-hökumət təşkilatları içərisində region QHT-lərinin də özünəməxsus yeri var. Region QHT-ləri yerlərdə əhalinin maariflənməsi, onların bilik və bacarıqlarının artırılması üçün faydalı işlər görür, bir-birindən maraqlı layihələr reallaşdırırlar.
Belə region təşkilatlarından biri də Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyidir. İctimai Birliyin sədr müavini Anar Məhərrəmov deyir ki, QHT-lərin hər birinin mətbuatla əməkdaşlığı fərqlidir: “Bu münasibət, əməkdaşlıq səviyyəsi QHT-lərə görə dəyişir. Qarşılıqlı əməkdaşlığın əhəmiyyətli olduğunu dəyərləndirən təcrübəli QHT-lər bu işdə maraqlıdırlar. Onlar öz fəaliyyətləri, icra etdikləri layihə, təşkil etdikləri tədbirlərlə bağlı öncədən press-relizlər hazırlayır, redaksiyaya göndərirlər. Yaxud tədbirlərinə mətbuat nümayəndələrini dəvət edir, iştirakını təmin etməyə çalışırlar. Bir sözlə, təcrübəli QHT-lər KİV ilə əməkdaşlığa yüksək önəm verirlər”.
Sosial mediadan istifadəyə gəlincə, A.Məhərrəmov “demək olar ki, bütün yerli QHT-lərin özünün sosial şəbəkələrdə, xüsusilə, Facebook və İnstagramda öz səhifəsi var. Onlar fəaliyyətlərini əks etdirən foto və məlumatları öz səhifələrində yerləşdirirlər. Təcrübəli QHT-lər sosial şəbəkələr, ümumiyyətlə, marketinq, rəqəmsal marketinq alətlərilə bağlı qismən, yaxud orta səviyyədə məlumatlıdırlar”, – deyib.
Bununla belə Anar Məhərrəmov bildirir ki, bu istiqamətdə QHT nümayəndələrinin təlimlərə cəlb edilməsinə ehtiyac var.
Digər həmsöhbətimiz, Şəki şəhərində fəaliyyət göstərən “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin (“Balans” İMİB) sədri MöhübbəliNağıyev də maraqlı məqamlara toxundu.
Öncə onu deyək ki, 2007-ci ildən fəaliyyətə başlayan təşkilat indiyə qədər 15 layihə həyata keçirib.
Birliyin media fəaliyyəti, təbliğat və təşviqat, eləcə də marketinq xidmətləri ilə sədr özü məşğul olur: “Ancaq, layihələrdən və fəaliyyətin genişliyindən asılı olaraq layihə müddətində media ilə əlaqələr üçün müvəqqəti kontraktla işçi cəlb olunur. Facebook.com, WhatsApp.com, Linkedin.com və Twitter.com sosial şəbəkələrindən, Youtube.com saytından istifadə edirik və mütəmadi olaraq fəaliyyətimiz haqqında məlumatlar dərc olunur. Lakin, KİV ilə münasibətlər bizim ən yaralı yerimizdir. Belə ki, əvvəllər yerli və regional qəzetlərlə işləyirdik, yazılarımız və fəaliyyətimiz mütəmadi işıqlandırılırdı. O zaman, həmin media qurumları ödənişlə bağlı (çünki, nəqd ödəniş edə bilirdik) sənədləşmə apara bilirdilər. İndi bu məsələ çox çətinləşib. Biz də başa düşürük ki, bütün media qurumlarının, saytların xidmətlərinin qarşılığı olmalı və ödəniş edilməlidir. Lakin, e-qaimə və köçürmə dedikdə heç bir media qurumu QHT-lərin materiallarını çap etmir və yayımlamır. Bircə QHT.az saytı bizimlə işləyir. Məlumdur ki, Agentlik və digər fondlar təbliğata və təşviqata daha çox önəm verirlər. Bununla belə, bunun üçün nəzərdə tutlan maliyyə vəsaitinin həcmi artırılsa çox yaxşı olar”.
“Bundan başqa, heç bir müstəqil və ya dövlət saytları QHT məlumatlarını yayımlamaqda maraqlı deyillər. Hər layihəmiz zamanı ən azı 20 sayta müraciət edirəm. Lakin indiyədək QHT.az saytından başqa heç bir saytdan müsbət və ya mənfi cavab almamışam”, – deyə təşkilat sədri onları narahat edən problemi dilə gətirib.
Həmsöhbət olduğumuz daha bir region QHT-si, Qazax rayonunda fəaliyyət göstərən “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Tükəzban Süleymanova öncə onu bildirdi ki, indiyədək 15-dən çox layihə icra olunub. Bu layihələr çərçivəsində 5 film, eləcə də intiharlar mövzusunda “İntiharlara YOX deyək!” adlı sosial çarx hazırlanıb.
Onun sözlərinə görə, təşkilatın rəsmi Facebook, Instagram səhifələri, YouTube və Tik-Tok kanalları mövcuddur. Region təşkilatı olaraq, yerli KİV-lərlə əlaqələri yaxşıdır.
İcra etdikləri layihə və tədbirlər barədə bir neçə yerli və mərkəzi saytlarda materiallar paylaşılır. QHT.az saytı və bir sıra digər saytlarla əməkdaşlıqları var. Bunlarla yanaşı bəzi KİV-lərlə əməkdaşlıqda bəzən problemlər yaşadıqlarını bildirən T.Süleymanova göndərdikləri press-relizlərin ya işlqlandırılmadığını qeyd edir. “QHT-lərə Dövlət Dəstəyi Agentliyi layihələrin KİV-lərdə işıqlandırılması üçün bir paket – 250 manat vəsait ayırır. Bu vəsait də 4-5 KİV-lə müqavilə bağlanıb ödənməlidir. Qarşımıza hərdən elə media orqanları çıxır ki, xəbərin dərci üçün bizdən çox yüksək məbləğ istəyirlər. Heç kimi qınamırıq, sayt və qəzetlərin pul qazanmaq istəyini də başa düşürük. Onlardan bunu tələb etmək də olmaz. Ancaq bizi də başa düşsünlər. Tədbirlərimizin telekanallarda işıqlandırılması da böyük problemdir”.
Beləliklə, ölkənin müxtəlif regionlarını əhatə edən (Lənkəran, Mingəçevir, Qəbələ, Şəki, Qazax) QHT-lərlə bağlı apardığımız araşdırmanın nəticəsi real mənzərəni ğöz önündə bir daha canlandırdı. Buradan belə qənaətə gəlinir:
* Regionlarda QHT-lərin rolu hələ də tam qüvvəsilə dəyərləndirilmir
* Mətbuat ilə əməkdaşlıqda xeyli problemlər mövcuddur
* Sosial medianın üstünlükləri, yaratdığı imkanlarla bağlı QHT nümayəndələri ya yetərincə məlumatlı deyillər, ya da bu interaktivliyi təmin etmək üçün bilik və bacarqıları çatışmır.
Sadaladığımız amillər QHT-lərin fəaliyyəti üçün kifayət qədər ciddi məsələ olduğuna görə buradan belə nəticəyə gəlinir ki, mətbuatla, sosial media ilə davranış və əməkdaşlıq istiqamətində QHT-lərin, xüsusilə, region QHT-lərinin maarifləndirilməsinə ehtiyac vardır. Bunun üçün də “QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsi” tipli layihələrin gələcəkdə də davam etdirilməsi vacibdir.
Cavid Şahverdiyev
Məqalə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb