Və ya diaspor güclü olarsa…
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı! Amerikada olan Azərbaycan diasporu ölkəmizin Müstəqillik Gününə belə bir hədiyyə etdi!
Ümumiyyətlə, 2020-ci ilin Müstəqillik Günü əvvəlki illərinkindən xeyli fərqləndi. İlk olaraq ona görə ki, 2020-ci ilin 18 oktyabrı şanlı Azərbaycan Ordusunun zəfər yürüşünün davam etdiyi və işğal altındakı ərazilərimizin işğaldan azad edildiyi, erməni işğalçılarının torpaqlarımızdan qovulduğu tarixi bir zamana təsadüf etdi. Azərbaycan əsl müstəqil dövlət kimi beynəlxalq hüquq və normalardan çıxış edərək ərazilərini işğalçılardan təmizləməyə davam edir.
Biz artıq boynu bükük, məğlub xalq deyilik. Bu bayramı da Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək qarşıya qoyulan hər bir vəzifəni həll etməyə qadir qalib bir xalq kimi qeyd etdik!
Bu bayramı fərqli edən başqa bir məqam da var ki, o barədə daha ətraflı yazmaq istəyirəm. Bu məqam dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan diasporu nümayəndələrinin son illər artan aktivliyidir. Məhz, onların fəaliyyəti sayəsində Müstəqillik Gününü sanki bütün dünya bizimlə birlikdə qeyd etdi!
Türkiyə, Gürcüstan, Qazaxıstan və s. ölkələrin paytaxtlarının ən möhtəşəm binaları, Niaqara şəlaləsi Azərbaycanın üçrəngli bayrağının rənglərinə boyandılar. Dünya azərbaycanlıları hamı bir nəfər kimi Müstəqillik Günü münasibətilə küçələrə çıxaraq yaşadıqları ölkələrin vətəndaşlarına Azərbaycanın apardığı ağır, lakin ədalətli mübarizəsi barədə bilgilər verdilər.
Qarabağda antiterror əməliyyatları başlanılan gündən bəri xaricdə yaşayan soydaşlarımız öz aktiv fəaliyyətləri ilə Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaqla məşğuldurlar. Maraqlısı odur ki, hal-hazırda bu aktivlik vahid uğurlu bir strateji xətt üzrə aparılır, bu isə ötürülən ismarıcların dəqiq hədəflərə çatmasına imkan yaradır. Buna necə nail olundu?
Əvvəlki illərdən fərqli olaraq son illərin diasporu daha həvəsli görünür. Onlar, təbliğat vasitələrinin demək olar ki hamısından istifadə etməyə çalışırlar. Son hadisələrlə bağlı diaspor nümayəndələrimiz 50-dən çox ölkədə 25 dildə 300-ə yaxın bəyanat və müraciət hazırlayıb yayıblar. Soydaşlarımız bunu həm elektron poçt, həm adi poçt, həm də şəxsən təqdimetmə yolu ilə həyata keçiriblər.
Bundan əlavə, soydaşlarımız tərəfindən 50 ölkədə 31 dildə 1000-ə yaxın məqalə və ya xəbər çap edilib, televiziya və radio reportajları hazırlanıb. Diasporla iş üzrə Dövlət Komitəsinin rəsmi saytındakı məlumatlardan da aydın olur ki, 19 oktyabr tarixinə 24 ölkədə 94 yürüş-mitinq, mətbuat konfransı, dəyirmi masa və digər tədbirlər təşkil edilib.
Əvvəlki illərdən fərqli olaraq, bu il diasporumuz müasir və daha təsirli təbliğat aləti olan sosial şəbəkələrdən də məharətlə istifadə ediblər. Yerli istifadəçilərlə bir komanda kimi çıxış edərək erməni yalanlarına aldanan bir neçə xarici tanınmış simalara həqiqətləri ifadə edən məlumatlar ötürərək onları geri çəkilməyə və proseslərə ədalətli yanaşmağa müvəffəq olublar. Ermənipərəst olaraq Azərbaycana qarşı yalan məlumatlar yayan onlarla məşhurun sosial profilləri kütləvi şikayət əsasında bloklanıb, yerləşdirdikləri materiallar silinib və ya ədalətli yanaşma bərpa edilib.
Daha bir məqam Azərbaycan diasporunun xarici ölkələrdə təşkil etdiyi tədbirlərə yerli əhalinin və başqa ölkələri təmsil edən diaspor nümayəndələrinin qoşulmasıdır. Əgər əvvəllər diasporumuzun təşkil etdiyi tədbirlərdə yanımızda təkcə Türkiyə diasporunun nümayəndələrini görürdüksə, bu dəfə yəhudi, ukrayna, pakistan, gürcü icmalarının nümayəndələri də bizə dəstək olurlar.
Bütün bu faktlar diasporumuzun keyfiyyətcə yeni bir inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir, bundan sonra daha mütəşəkkil və səmərəli fəaliyyət göstərəcəyinə ümid yaradır.
Diasporumuza güc verən başlıca səbəb isə Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycanın haqlı olması, xalqımızın birliyi, ordumuzun şücaətidir. Məhz bu birliyin, bu şücaətin nəticəsində cənab Ali Baş Komandanın “Qarabaq Azərbaycandır!” ifadəsi tam reallaşacaqdır.
Vəli Əlibəyov
Politoloq