Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı ilə başlayan və Azərbaycan Ordusunun zəfər yürüşü ilə davam edən xalqımızın Vətən müharibəsi ilk gündən ərəb KİV-lərində geniş işıqlandırılıb.
Azərbaycanın Misirdəki səfirliyi mütəmadi olaraq bu ölkənin KİV-lərini məsələ ilə bağlı məlumatlandırıb, Prezident İlham Əliyevin xalqa müraciətini, nüfuzlu televiziya kanallarına müsahibələrini, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin açıqlamalarını, Xarici İşlər və Müdafiə nazirliklərinin məlumatlarını gündəlik olaraq yerli qəzet, informasiya portalları və televiziya kanallarında yayıb. Səfir Tural Rzayev də Misir jurnalistlərinə müsahibələr verib. Diplomatik nümayəndəliyimiz tərəfindən ümumilikdə AZƏRTAC-ın ərəb dilində yayılmış 100-dən çox xəbəri Misir KİV-lərində yerləşdilirib.
Azərbaycanın ədalətli mövqeyi ilə bağlı misirli jurnalist və politoloqlar Məhəmməd Səlamə, Əhməd Əbdo Tərabik, Əbubəkir Əl Məcd, Əmirə Əbdülhəkim, Məhəmməd Rəfətin, iordaniyalı politoloq Ömər əl-Armutinin məqalələri yerli KİV-lərdə dərc edilib.
Müharibənin ilk günlərində Misir, İordaniya və Birləşmiş Ərəb Əmirliklərindəki diaspor təşkilatlarımız da həmin ölkələrin mətbuatında bəyanatlarla çıxış ediblər.
Bundan başqa, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İordaniyanın KİV-lərində diplomatlarımızın müsahibələri yer alıb. Nüfuzlu “Əl-Ərəbiyə”, “Aljazeera”, “İ24 News Arabic” telekanalları Azərbaycanın haqlı mövqeyini işıqlandıran reportajlar, ölkəmizin BƏƏ-dəki səfiri Mahir Əliyevin müsahibəsini yayıblar.
AZƏRTAC-ın ərəb dilində informasiya bölməsi və Qahirədəki müxbir məntəqəsi də agentliyin materiallarını yayıb, müxtəlif KİV-lərdə videoformatda təşkil edilən 20-dən çox müzakirələrdə iştirak ediblər. Agentliyin ərəb dilində informasiya bölməsinin müdiri Misirin “Masr al-arabi” xəbər portalına Ermənistanın Tovuz rayonunda və Qarabağda cəbhə xəttindəki son təxribatları barədə müsahibə verib. Həmin müsahibə bir sıra ərəbdilli KİV-də, o cümlədən “khabarmasr” , “mjmez” jurnalı, “alestadnews”, “lomazoma”, “Sada al-arab”, “npa-ar.com”, “elfagrsport” xəbər portallarında yayılıb. Həmçinin cəbhədə baş verən son hadisələrlə bağlı “TRT Arabic”, “Əl-Ərəbiyə”, “Rusiya əl-Yaum”, “əl-Ərəbi”, “Vatan”, “BBC Arabic” radiosu, “BBC Arabic”, “əl-Hurra”, “əl-Məyadin” telekanallarının və Əlcəzair Milli Radiosunun birbaşa efirində dəfələrlə çıxışlar edilib.
Number of View: 467