“Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi tərəfindən, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri” layihəsi çərçivəsində növbəti tədbir Azərbaycan Tibb Universitetində həyata keçirilib.
Tədbiri giriş sözü ilə layihə rəhbəri Vidadi Fətullayev açıb. O, ölkəmizdə narkomaniyaya qarşı hüquqmühafizə orqanları tərəfindən aparılan mübarizə, bu sahədə 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı, habelə vətəndaşların sağlamlığının qorunması sahəsində aparılan islahatlar, narkotik vasitələr və zərərli vərdişlərin insan sağlığı və cəmiyyətimiz üçün fəsadları barədə danışdı və gənclərimizi bütün zərərli vərdişlərdən uzaq durmağa çağırıb.
Tədbirdə çıxış edən Bakı Narkoloji Mərkəzinin psixoloqu Günay Babayeva tələbələrə, Mərkəzin fəaliyyəti, narkotik və psixotrop maddələr, onların səbəb olduğu bulaşıcı xəstəliklər, narkoloji asılılıq, onun psixoloji təsirləri, narkomaniya ilə bağlı bir hadisə ilə qarşılaşdıqlarında atılması lazım olan addımlar barədə geniş məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.
Maarifləndirici bukletlər və çap materiallarının paylandığı tədbirdə çıxış edən tələbələr mövzu barədə öz fikirlərini səsləndiriblər və tədbirin həyata keçməsinə dəstək olan QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Azərbaycan Tibb Universiteti və Bakı Narkoloji Mərkəzin rəhbərliklərinə minnətdarlıqlarını bildiriblər.
Number of View: 1010