Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, I Qarabağ müharibəsinin iştirakçısı, yazıçı-publisist Şöhrət Səlimbəylinin “Azərbaycan tarixinin zəfər salnaməsi” kitabı “Avropa” nəşriyyatında çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, kitab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gün davam edən II Qarabağ savaşında qazandığı zəfərdən bəhs edir.
Kitabın redaktoru filologiya üzrə elmlər doktoru Raqub Kərimov, rəyçisi filologiya üzrə elmlər doktoru Paşa Kərimov, hərbi məsləhətçisi ehtiyatda olan zabit, II qrup müharibə əlili Füzuli Rzaquliyev, məsləhətçisı yazıçı-publisist Şamil Cəfərdir.
Nəşrin elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Mahmud Allahmanlı “Ön söz”də vurğulayır ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, qüdrətli Azərbaycan Ordusunun və xalqın birliyi nəticəsində düşmən layiqli cavabını alıbdır.
Siyasət adamları terrorizmin millətinin, dininin, məmləkətinin olmadığını deyirlər. Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi terror aktları isə onu göstərir ki, terrorizmin vətəni də, milləti də, dini də mövcuddur. İndiyədək erməni vandallarının Azərbaycan torpaqlarında dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər, amansız terrorlar yaşadığımız XXI əsrdə heç də təsadüfi hadisə olmadığını, tarixən erməni siyasətçilərinin soyqırımı ideologiyasına əsaslanan məfhumların çağdaş mərhələlərdə müəyyən bir ifadəsi olduğunu isbat edir.
Vətən müharibəsi günlərində çağdaş dünyanın üzüdönüklüyü Azərbaycana, bütünlükdə türk xalqlarına yönlənmişdi. Böyük dəyərlərə, yüksək ideallara köklənmiş xalqımız haqq sözünü deyərək Azərbaycanın cahanşümul dövlət olduğunu bir daha ortaya qoydu. Qardaş Türkiyə və Azərbaycan insanlıq adına işlənən suçlara qarşı birgə mövqe nümayiş etdirir.
İşğaldan azad edilmiş torpaqlarımızın mənzərəsinə baxdıqca adam heyrətə gəlir. Erməni vəhşiləri Qarabağın coğrafi ərazisini, etnik tərkibini, iqtisadiyyatını, sosial-mədəni dəyərlərini, tarixi-mədəniyyət abidələrini, florasını və faunasını dağıdıb, bölgəni bütövlükdə bir məzarlığa çevirib. Muzeylər, məscidlər, məktəblər, mədəniyyət mərkəzləri, hətta məzarlıqlar dağıdılıb.
“Azərbaycan tarixinin zəfər salnaməsi” kitabında Prezident İlham Əliyevin dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə müsahibələrinə də geniş yer verilib.
Kitabda, həmçinin XII, XIV, XV, XVI əsr Çin, yunan, italyan, fransız, ingilis, ərəb, İran və digər xarici səyyahların, tacirlərin, diplomatların, coğrafiyaşünasların Azərbaycan haqqında fikirləri yer alıb.
Number of View: 2196