Bayraqdar.info – Aprelin 19-da Prezident İlham Əliyev Azərbaycanda qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” 2007-ci il 13 dekabr tarixli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb.
President.az saytının dərc etdiyi fərmana əsasən, dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılması, fəaliyyətinin yeni dövrün çağırışlarına uyğun təşkili, bu sahədə həyata keçirilən dövlət dəstəyinin təşkilati-hüquqi əsaslarının və mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradılır.
Fərmanda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının hüquq və öhdəlikləri, həmçinin əmlakı 1 ay ərzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının balansından alınıb Agentliyin balansına veriləcək.
Yeni Agentliyin nizamnamə fondu onun balansına verilən dövlət əmlakı hesabına formalaşacaq.
Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 11 üzvdən ibarət Müşahidə Şurası həyata keçirəcək. Üzvlərdən 8-i qeyri-hökumət təşkilatları, digər 3-ü isə dövlət orqanları nümayəndələrindən təyin ediləcək.
Dövlət Agentliyinin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına ödəniləcək.
Agentliyin nizamnaməsi də təsdiq edilib. Nizamnamədə göstərilir ki, Dövlət Agentliyinin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, ştamplatı, blankları və loqotipi var. Həmçinin, fərmanda bildirilir ki, Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur.
Number of View: 419