Dilşad Əhədova: Qarşıda yeni forumlar, getməyi hədəflədiyimiz ölkələr var
“Bu işə başlayanda “cəmiyyətə faydalı ola biləcək addım atmalıyıq” iddiasını ortaya qoyduq. Hesab edirəm ki, bu iddiamızı da doğrultduq. Çünki bu tədbiri keçirməklə media ilə sahibkarları bir araya gətirə, necə deyərlər, onların arasında daha bir, özü də güclü və etibarlı körpünün qurulmasına təkan verə bildik. Hər halda hər iki tərəfin, yəni media və iş sektorunun nümayəndələrinin ilkin dəyərləndirmələri bizə bu qənaətə gəlməyə əsas verir”.
Bunu “Adalia Agency” şirkətinin rəhbəri Dilşad Əhədova dedi. Məlumat üçün bildirək ki, ötən həftə məhz D.Əhədovanın layihə rəhbəri olduğu “Sahibkarlıqda Media” Forumu keçirilib.
Forum barədə məlumat verən müsahibimiz bildirdi ki, Adalia Agency-nin təşkil etdiyi tədbir İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin tərəfdaşlığı ilə reallaşıb.
Qeyd etdi ki, “Sahibkarlıqda Media” Forumunun təşkilində məqsəd sahibkarlıq və media subyektlərini bir araya gətirmək idi: “Deyə bilərərm ki, ilkin mərhələdə buna da nail ola bildik. Forum medianın sahibkarlıqda rolunun nə qədər yüksək olduğunu göstərdi. Belə tədbirlərin sahibkarlıq ilə media arasında dostluq körpüsünün qurulması, eyni zamanda yerli sahibkarlar, iş adamları arasında biznes və əməkdaşlıq əlaqələrinin qurulması və ortaq layihələrin icra edilməsinə dəstək sahəsində necə böyük önəm kəsb etdiyi vurğulandı. Məsələn, Milli Məclisin deputatı Aydın Hüseynov çıxışında bildirdi ki, sosial rifahın yüksəldilməsi iqtisadiyyatın digər sahələrinin, xüsusilə sahibkarlığın inkişafından keçir. Bildirildi ki, ölkə iqtisadiyyatında sahibkarlıq və onun subyektlərinin hüquqlarının qorunması, onların daha da geniş şəkildə iqtisadiyyatda təmsil olunması istiqamətində çox böyük işlər həyata keçirilir. Bütün bunlarla yanaşı, media da əsas rola malikdir. Bugünkü medianın təsir dairəsi olduqca genişdir. Azad medianın inkişaf etdirilməsində dövlət dəstəyi daim hiss olunur. Məhz buna görə də həm sahibkarlığın, həm də medianın birgə fəaliyyəti daha da effektiv nəticə göstərir. Bütün nəaliyyətlərlə yanaşı, cəmiyyətdəki digər neqativlərin üzə çıxmasında, ictimailəşməsində medianın böyük rolu var. Media həm cəmiyyət, həm də iqtisadiyyatımız üçün ən önəmli sahələrdən biridir”.
D.Əhədovanın sözlərinə görə, digər çıxışlarda, həmçinin panel iclaslardakı çıxışlarda da vurğulandı ki, tədbirin mövzusu çox maraqlı olmaqla yanaşı, həm sahibkarları, həm də medianı əhatə edir: “Çıxışlar və səslənən təkliflər isə bizə yeni addımlar üçün stimul verir”.
D.Əhədova onu da əlavə etdi ki, forumdakı çıxışlar zamanı maraqlı təkilflər də səsləndirildi: “Məsələn, millət vəkili Müşfiq Cəfərov belə bir layihənin həyata keçirilməsinin vacibliyindən danışmaqla yanaşı təklif etdi ki, burada üçüncü tərəf kimi tələbələrə də yer verilsin. Çünki onların da müəyyən mənada dəstəyə ehtiyacı var”.
D.Əhədova sonda “bizim şirkətimizin adı “Adalia”. Bu, italyan dilində “uğur böcəyi” deməkdir. Biz bu “uğur böcəyinin qanadları ilə gələcəkdə bir çox uğur əldə etmək, əməkdaşlıq etdiyimiz şirkətlərlə çox uzaq ölkələrə “uçmağı” niyyət edirik. Yəni, “Sahibkarlıqda Media” Forumu vasitəsilə sahibkarlarla medianı bir araya gətirmək qərarına gəldik və ilkin mərhələdə buna nail olduq. Lakin dediyim kimi bu son deyil. Qarşıda yeni forumlar, getməyi hədəflədiyimiz ölkələr var”.
Konkret atılacaq addımlara gəlincə, D.Əhədova “bu forumda səslənən çıxış və təkilfləri ümumiləşdirsək, belə deyə bilərik ki, hər iki tərəf, yəni sahibkarlar və media subyektləri belə tədbirin davamlı olmasının istəyir, bunu arzu edirlər. Biz də öz komandamızla bu istəyi reallaşdırmaq üçün hərəkətə keçdik. Yəni ilk forum başa çatan kimi növbəti forumlara hazırlıqlara başladıq. Mən heç də təsadüfən “forumlar” ifadəsini işlətmədim. Qərara gəlmişik ki, bu cür forumları ildə 4 dəfə, yəni hər rübdə bir dəfə olmaqla keçirək. Eyni zamanda, bu tipli tədbilərin əhatə dairəsini də genişlədnirmək niyyətindəyik” dedi.
Qeyd olundu ki, “Adalia Agency” gələcəkdə bu tipli forumları Türkiyədə, Özbəkistanda, hətta uzaq Afrikada keçirmək niyyətindədir: “Biz Afrikaya da getməliyik. Çünki orada gözəl iqtisadi potensial var. Afrika həm də səmərəli layihəlırin gerçəkləşməsi üçün münbit bir yerdir. Biz də bundan ümumi işimiz naminə yararlanmaqda qərarlıyıq. Təbii ki, biz tədbir xatirən tədbir keçirməyin də əleyhinəyik. Ona görə də ilkin olaraq birinci tədbirimizi ətraflı müzakirə edəcək, çatışmayan məqamların üzərində dayanacaq və növbəti forum da bunlaırn olmaması üçün müvafiq addımar atacayıq”.
Number of View: 1110