“13” adlı bədii-sənədli filmin təqdimatı olub

Aygün Əliyeva: Əsir, girov və itkinlər mövzusuna müvafiq QHT layihələrində geniş yer verilməsi əsas prioritetlərdən biridir

Nizami Kino Mərkəzində “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin ərsəyə gətirdiyi “13” adlı bədii-sənədli filmin təqdimat mərasimi keçirilib.

Xocalı itkinlərindən 13 nəfərin naməlum taleyini araşdıran film QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Bu barədə Agentlikdən məlumat verilib.

Məlumata görə, məraismdə çıxış edən Agentliyin icraçı direktoru Aygün Əliyeva “əsir, girov və itkinlər mövzusuna müvafiq QHT layihələrində geniş yer verilməsi əsas prioritetlərdən biridir” deyib.

Sonra Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndəsi Eldar Səmədov çışış edib. E.Səmədov itkinlərin axtarışı ilə əlaqədar işlərin son itkinin taleyi müəyyən edilənədək davam edəcəyini və artıq işğaldan azad edilən ərazilərdə 13 kütləvi məzarlığın aşkarlandığı bildirib.

Məlumata görə, bədii-sənədli filmin müəllifi “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri, telejurnalist və ssenarist Mübariz Əsgərov film üzərində peşəkar komandanın aylarla gərgin iş apardığını diqqətə çatdırıb.

Filmin rejissoru Elçin Elxanlı isə Xocalı soyqırımı mövzusunun ağırlığı və tarixi Zəfərin gətirdiyi təsəlli, ümid barədə danışıb.

Məlumat üçün bildirək ki, film 1992-ci ilin fevralında Xocalıda baş verən hadisələrə işıq salır. Belə ki, Xocalı soyqırımı zamanı 2 gün meşədə gizləndikdən sonra Dəhraz kəndi istiqamətində mühasirəyə düşərək girov götürülən bir qrup dinc əhali həmin kənddəki fermaya aparılır. Orada Ermənistanın müharibə cinayətkarları dinc insanlara amansız işgəncələr verir, fermada saxlanılan girovların içərisindən 13 nəfər gənc seçilərək naməlum istiqamətə aparılır. Həmin 13 nəfərdən bu günə qədər də xəbər yoxdur.

Təqdimat mərasimində çıxış edən digər natiqlər itkinlər mövzusunda bu cür peşəkar işlənilmiş QHT layihələrinə, audiovizual əsərlərə, bədii və sənədli fimlərə böyük ehtiyac olmasından danışıblar.

Onu da diqqətə çatdıraq ki, filmi fevralın 26-da saat 21:00-da AZTV-də izləmək mümkündür.

Bundan başqa, filmin ingilis dilindəki versiyası bu günlərdə xarici ölkələrdə də nümayiş olunacaq.

Əlaqəli

Number of View: 1146