Ləman Aslanova: Ən böyük arzum Azərbaycanın Xalq rəssamı adını almaqdır
Rəssamlıq sahəsində fitri istedada malik olan bu qızla ilk dəfə 2023-cü ilin iyulunda tanış olduq. Rəhbərlik etdiyim “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Türk dünyasının birliyində Heydər Əliyev amili” layihəsi çərçivəsində eyniadlı rəsm müsabiqəsi elan etmişdi. Məktəbli və gənclər arasında keçirilən bu müsabiqə barədə mediada elan verilmişdi. Təxminən elandan bir neçə gün sonra bizimlə əlaqə saxlayan anası öncə Ləman haqqında ətraflı məlumat verdi, sonra qızının müsabiqədə iştirak edəcəyini bildirdi. İştirak etdi və “Türk dünyasının liderləri” adlı əsəri ilə qalib oldu.
Həmin vaxt çəkilən əsərlərlə yanaşı, iştirakçıların da öz yaşlarına görə fitri istedada malik olduqlarını gördük və qərara gəldik ki, ilk üç yeri tutanlar haqqında müxtəlif media orqanlarında yazılar, ümumilikdə bütün iştirakçılar barədə isə təşkilatın saytında tanıtım yazıları verək.
Ləman hələ uşaq yaşlarından çoxsaylı fəxri fərman və diplomla təltif edilib
Beləliklə, birinci yerin qalibi olan Aslanova Ləman İlqar qızını oxuculara təqdim edək. Öncə onu qeyd edək ki, eşitmə qüsuru olduğu, dolayısı ilə həm də danışa bilmədiyi üçün Ləmanla söhbətdə bizə anası Lalə xanım yaxından dəstək oldu. Lalə xanım dedi ki, 1997-ci il oktyabrın 11-də Bakı şəhərində anadan olan Ləman 2005-ci ildə Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının rəssamlıq bölməsinə daxil olub. Hələ Gimnaziyada oxuyandan etibarən müxtəlif dövlət tədbirlərində, sərgi və müsabiqələrdə iştirak edib”.
Qeyd edildi ki, Ləman hələ uşaq yaşlarından çoxsaylı, fəxri fərman, diplom və təltifnamə ilə təltif olunub. Gimnaziyada hər il fərdi sərgisi keçirilib. İzmir Anadolu Güzel Sanatlari Liseyinda bu qurumla Gimnaziyanın ortaq sərgisində iştirak edib. İki əsəri (“Gecə İstanbulu” və “Türkiyənin qərənfilləri”) xüsusi olaraq dəyərləndirilərək İzmir Anadolu Güzel Sanatlar Liseyinin muzeyində saxlanılıb.
Xocalı faciəsinə həsr edilən “Ananın harayı” əsəri Berlinə göndərilib
11-ci sinifdə Gimnaziyadakı fərdi sərgisində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tanınmış rəssamları iştirak ediblər. 2016-ci ildə Gimnaziyanı bitirdikdən sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Qrafika” fakultəsinə daxil olub. Akademiyada oxuduğu müddətdə dövlət tədbirlərində iştirak edib.
2017-ci il 14-21 noyabr tarixlərində “Qalereya 1969 MMC” də tanınmış rəssam Sakit Məmmədovun dəstəyi ilə fərdi sərgisi keçirilib. Orada sərgilənən və Xocalı faciəsinə həsr edilən “Ananın harayı” əsəri Berlinə göndərilib və hazırda həmin şəhərdə muzeydə saxlanılır. 2020-ci ildə Akademiyanı “Qrafika” ixtisasi üzrə bitirib.
Bu günə kimi Azərbaycanda və xarici ölkələrdə keçirilən sərgi və müsabiqələrdə iştirakına, həmçinin fərqləndiyinə görə 70-ə yaxın diplom alıb. Düz üç il öncə, 2 fevral 2021-ci il tarixində Azərbaycan Rəssamlar İttifaqında keçirilən müsabiqədə iştirak edib və Rəssamlar İttifaqının üzvü seçilib. Prezident təqaüdçüsüdür.
Bu günə kimi müxtəlif televiziya kanallarında Ləmanın yaradıcılığından bəhs edən reportajlar yayımlanıb.
Yeri gəlmişkən, onu da vurğulayaq ki, Ləman sosial şəbəkələrdə də öz fəallığı ilə seçilir. Bloger kimi paylaşımları geniş şəkildə izlənilir. Onun izləyiciləri arasında tanınmış şəxslər, ictimai xadimlər də var.
Eşitmə qüsuru olsa da, onun gözəl rəssamlıq duyumu və istedadı var
Öncə ondan başlayaq ki, Ləman ilk dəfə rəsm çəkməyə hələ 4 yaşı olanda başlayıb. Anası Lalə xanım həmin dövrü belə xatırlayır: “Ləman hələ 4 yaşından rəsm çəkməyə başladı. Daha doğrusu fırçanı əlinə aldı. Əvvəllər karandaşla, qələmlə cızma-qaralar edirdi. Lakin rəssam dostlarımızdan biri bunu görəndə “bu qız rəssam olacaq” dedi. Ondan sonra biz də Ləmanın rəsm çəkməyə necə maraq göstərdiyini müşahidə etməyə və bu işdə ona lazım olan hər cür dəstəyi göstərməyə başladıq. Onu ilk olaraq Gimnaziyaya apardıq və dərs almağa başladı. Beləliklə də rəssamlıq sahəsində ilk addımlar sonradan ona peşəkar rəssam olmağa kömək etdi”.
O da qeyd edildi ki, Ləmanın qulağında eşitmə problemi var:“2019-cu ildə koxlear-implant əməliyyatı olunub. Üçüncü qrup əlildir. Amma Allaha qurban olum. Allah birini alanda, birini verir. Ləmanda da eşitmə qüsuru olsa da, onun gözəl rəssamlıq duyumu və istedadı var”.
Ləman memarlıq və tikiş sənəti ilə bağlı da fitir istedada malikdir
Bəli, uca yaradan bu qıza təkcə bir deyil, bir neçə sahədə istedad və bacarıq bəxş edib. Anasının da dediyi kimi Ləmanın rəssamlıqla yanaşı, memarlıq və tikiş sənətinə də marağı, həmçinin bu sahələrə uyğun xüsusi istedadı var: “Hələ Ləman Gimnaziyada oxuyanda müəllimi dedi ki, onun memarlığa da çox həvəsi və buna uyğun istedadı var. Ötən hər il Ləman üçün bu sahələri daha da dərindən öyrənmək, sonra isə öz istedadını, bacarığını ortaya qoymaq baxımdan uğurlu oldu. Yəni Ləman hazırda ev dizaynı və s. sahədə fitri istedada sahibdir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Qrafika” fakültəsini bitirdiyi üçün də bu sahəni dərindən öyrənib. Bundan başqa Ləman tikiş də tikə bilir. Gözəl geyimlər hazırlayır”.
Çəkdiyi hər bir rəsmdə o, özünü tapır
Amma bütün bunlar onun üçün belə deyək ki, ikinci dərəcəlidir. Birinici dərəcəli isə rəssamlıqdır.
Yenə də Lalə xanımı dinləyirik: “Rəssamlıq Ləmanın idealıdır. Çünki çəkdiyi hər bir rəsmdə o, özünü tapır”.
Anası deyir ki, Ləman hər hansı bir əsəri çəkəndə o çəkdiyini yaşayır: “Sanki həmin əsərin içərisinə daxil olur. Onu bütünlüklə hiss edir. Onu da deyim ki, Ləmana çəkmək ilhamı əsasən gecələr gəlir. Əksər vaxtlar gecə səhəri kimi işləyir”.
Daha çox maraq göstərdiyi vətənpərvərlik mövzusudur
Ləmanın daha çox maraq göstərdiyi isə vətənpərvərlik mövzusudur. Vətənpərvərlikdən söz düşmüşkən, onun çəkdiyi “Dəmir yumruq” əsəri xaricdə xüsusi maraqla qarşılanıb.
Davamı olacaq…
Number of View: 794