Azər Allahverənov: Bu gün seçki hüququna malik olan vətəndaşlarımız seçkilərə xüsusi bir əzmlə, həvəslə hazırlaşır

“2024-cü il fevral ayının 7-də Azərbaycanda keçiriləcək prezident seçkiləri bir çox göstəricilərinə görə kifayət qədər əhəmiyyətli, bir növ taleyüklü hadisə hesab olunur”.

Bu sözləri Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması İctimai Birliyinin sədri Azər Allahverənov QHT.az- a açıqlamasında bildirib. QHT sədri qeyd edib ki, hər bir vətəndaşımızın arzusu idi ki, ölkənin ərazi bütövlüyü təmin edilsin. 30 ilə yaxın ölkənin 1/5 hissəsinin işğal altında olduğunu, mənəvi, psixoloji cəhətdən natamamlıq hiss olunduğunu vurğulayan Azər Allahverənov insanların seçkilərdə iştirak etdiyini, amma işğal olunmuş ərazilərimizdə seçkilər keçirilmədiyi üçün xoş olmayan hislərlə seçkilərə qatıldıqlarını da qeyd edib: “7 fevral prezident seçkilərində artıq bir neçə gün qalmağına baxmayaraq, vətəndaşlar arasında coşqunun yaşandığını görürük. Onların bu seçkilərdə böyük məmuniyyətlə iştirak edəcəyi, öz layiqli namizədinə səs verəcəyi əminliklə bildirilir və bunun da əsas səbəbkarı Müzəffər Ali Baş Komandan İlham Əliyevdir ki, 30 ilə yaxın olan işğala son qoydu və ölkənin ərazi bütövlüyünü tam təmin etdi. Bu gün Şuşa və Xankəndi şəhərlərində Azərbaycan Respublikasının 3 rəngli bayrağı dalğalanır”.

QHT sədri böyük qürur hissi ilə bildirir ki, hər bir Azərbaycanlının qəlbində uzun illər yaşanan torpaq nisgili, torpaq həsrətinə son qoymuş Ali Baş Komandandır. Bu gün Azərbaycanda məhz onun seçkilərinin keçirildiyini də qeyd edən Azər Allahverənov bu seçkilərin kifayət qədər ruh yüksəkliyi şəraitində keçiriləcəyinə əmindir: “Seçkilər demokratik prinsiplərə, demokratik qaydalara uyğun, tam şəffaf şəkildə keçiriləcək. Buna hər hansı şübhə olmamalıdır. Bu gün Azərbaycan Respublikasının seçki hüququna malik olan vətəndaşı bu seçkilərə xüsusi bir əzmlə həvəslə hazırlaşır. Bunun əsas səbəbkarı, memarı da məhz Cənab lham Əliyevdir. Preziden seçkilərində insanların artıq seçki prosesi öncəsi münasibət göstərməsi, mövqe ortalığa qoyması vətəndaş olaraq məni sevindirir. Çünki əvvəlki seçkilərdə də biz dəfələrlə iştirak etmişik, müxtəlif statuslarda məntəqələrdə, dairələrdə olmuşuq, tək səsvermə ilə seçki hüququmuzu realizə etməmişik, həm də müşahidəçi qismində də olmuşuq. Əminliklə deyə bilərəm ki, elan olunmuş prezident seçkilərinin növbədənkənar və qısa müddətdə olmasına baxmayaraq, çoxşaxəli və kifayət qədər mütəşəkkil qaydada hazırlıq işləri gedir. Hansı ki, ölkə daxilində, ölkə hüdudlarından kənarda fəaliyyət göstərəcək seçki məntəqələri ilə bağlı siyahıların müəyyən olunması, seçkilərdə iştirak edəcək şəxslərlə bağlı gündəlik rutin işlərlə bağlı işlər, bildirişlər evlərə paylanılır, mobil operatorlardan mesajlar gəlir. Seçkilərdə iştiraka çağırış edən bu kimi mesajlar olmasa belə ölkənin həm daxilində, həm də xaricində olan seçicilərimiz bu seçkilərə böyük həfəs və ruh yüksəkliyilə qatılacaqlar”.

Number of View: 592