“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Həyata pozitiv baxaq!” adlı layihə çərçivəsində növbəti tədbir Gəncədə keçirilib.
Bu haqda xəbər sözügedən Birlikdən daxil olub.
Xəbərdə qeyd edilir ki, layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir. Dörd aylıq layihə dünyanın və Azərbaycanın aktual mövzularından olan yeniyetmə və gənclərin intiharları ilə bağlıdır.
“Gəncləri özünə qəsd və intiharlardan çəkindirmək üçün bu layihə həyata keçirilir. Layihə çərçivəsində “ÖZÜNÜ SEV! İntihar çıxış yolu deyil!” adlı kitab çap olunub. Həmin kitablar təşkil olunan tədbirlərdə şagird və tələbələrə paylanılması üçün nəzərdə tutulub. Layihənin ilk tədbiri Bakıda, R.Əliyev adına 3 nömrəli tam orta məktəbdə yüz nəfərdən artıq şagirdin iştirakı ilə keçirilib”, – deyə xəbərdə bildirilir.
Daha sonra bildirilir ki, “layihənin yekun tədbiri Gəncə şəhərində – Gəncə Dövlət Universiteti nəzdində Regional Kollecdə yüz otuzdan artıq tələbənin iştirakı ilə keçirilib. Kollecdə gənclərlə görüşə teatrşünas-tənqidçi Anar Bürcəliyev, yazıçı-jurnalist İsmayıl Abbasov, psixoloqlar Günel Maarifqızı və Sevda Murquzova qatılıb”.
Number of View: 1999