Geri dönün, dəyərli Qənirə xanım

Çünki hələ MİSSİYAnız tamamlanmayıb

 

BAYRAQDAR MEDİA – Sentyabrın 24-də dostumuz, həmkarımız Qalib İbrahimoğlunun göndərdiyi xəbərin başlığını oxuyanda, öncə nəsə yanlışlığa yol verildiyini düşündüm. Başlıq belə idi: “Qənirə Paşayeva komaya düşdü”.

Xəbəri tez-tələsik nəzərdən keçirib, digər saytlara baxdım və təəssüf ki, heç bir yanlışlığı yol verilmədiyini öyrəndim. Bu xəbər nə qədər üzücü olsa da, həm də təəccüblü idi.

Axı, cəmi iki gün öncə, sentyabrın 22-də Azərbaycan Milli Kitabxanasında keçirilən bir tədbirdə Qənirə xanım gözəl çıxş etmişdi. Qazaxıstan-Azərbaycan əlaqələrindən danışmışdı və iştirakçılar tərəfindən alqışlanmışdı. Amma orada onun səhhətində hansısa problemin olduğunu hiss etməmişdik. Kim bilir, bəlkə də canı ağrısa da, bu ağrını Qazax qardaşlarımızın qarşısında büruzə vermək istəməmişdi.

Qənirə xanımı uzun illərdir ki, tanıyıram. Hər zaman, ilk görən kimi, “əziz qardaşım necəsən?” deyə, mehribancasına sual edər, ailəm və uşaqlarımla maraqlanardı. Bir də məclislərdə tanımayanlara təqdim edərək, “Nadir qardaşım qələmi ilə, bütün varlığı ilə türk dünyasına xidmət edən bir vətən oğludur” deyərdi.

Türk dünyasından söz düşmüşkən, hazırda komada olan bu gözəl, hörmətli insana səslənmək istəyirəm – Geri dönün, dəyərli Qənirə xanım.

Geri dönün, çünki sayımız (türklüyə gerçəkdən və təmənnasız xidmət edənlərin sayı –N.A) elə də çox deyil.

Geri dönün, çünki dəstək verdiyiniz neçə-neçə ahıl, gənc, xəstə sizin üçün duaçıdır. Onları yarıyolda tək qoya bilməzsiniz.

Geri dönün, çünki Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin təbliği və bu siyasətə dəstək üçün sizin kimi millət vəkillərinə ehtiyacımız çoxdur.

Geri dönün, çünki zəhməti və qələmi ilə bu dövlətə, bu xalqa xidmət edən media təmsilçiləri sizin üçün dua edir. Axı, bəzi təşkilatlar xoş gündə də, kədərli anda da qələm əhlini quru bir təbrik, yaxud adı bir başsağlığı mesajı ilə yada salmağı özünə artıq iş bildiyi halda, biz məhz sizi yanımızda görmüşük. Bundan sonra da yanımızda olun. Bundan sonra da BİZimlə olun.

Geri dönün, çünki missiyanız hələ tamamlanmayıb. Türk dünyasına xidmət missiyanızı deyirəm…

Türk dünyasına xidmətdən söz düşmüşkən, yadımdadır, qızım Şəmsiyə Denizlidə Pamukkale Universitetinə daxil olanda təbrik üçün telefon açmışdınız. “Denizliyə gedəndə, orada Hudaverdi bəylə görüşün, oradan mənə zəng edin” demişdiniz. Getdim, eyni ilə oradan zəng etdim və sizin Hudaverdi bəyə dediyiniz “Nadir bəy gerçək bir türk oğlu, vətənini, bayrağını sevən qardaşımdır. Onun qızına nə lazımdırsa, dəstək olun. Çünki Nadir bəy mənim qardaşımdır” sözləri eşidəndə, sanki mənə dünyaları verdilər.

Üstündən bri il keçəndən sonra, oğlum Nihat ali məktəbə qəbul olmuşdu. Bu dəfə köməkçinizdən zəng gəldi. Qənirə xanımın məni və övladlarımı təbrik üçün komitəyə dəvət etdiyi bildirildi. Deyilən tarixdə komitəyə getdik. Orada da yenə dediyiniz sözlər bu günə kimi yaddaşımdan silinməyib.

Öncə övladlarıma dediyiniz “Siz fəxr etməlisiniz ki, Nadir Azəri kimi vətənpərvər, zəhmətkeş atanız var. Onun zəhmətini hər zaman uca tutun. Bunun üçün isə oxyun və vaxt gəlsin atanız da sizin uğurlarınızla fəxr etsin” sözlər dəyərli bir nəsihət idi. Sonra isə Eskişehir Azərbaycanlılar Dərnəyinin başqanı Cavid Aydın bəyə zəng etdiniz: “Mənim qardaşımın balası, dəyərli Nadir Azərinin övladı Nihat bundan sonra sizlərə əmanətdir. Nə lazımdırsa dəstək olun”.

Geri dönün, çünki siz doğrudan da bizlərə bir bacılıq edirdiniz. Bizi bacısız qoymayın.

Dostlardan biri bir dəfə dedi ki, bir insanın digər insan haqqında dediyi xoş sözlər də, etdiyi xoş dualar da, bəd dualar da öncə səmaya qalxır, sonra ünvanına çatır. Mən əminəm ki, artıq sizinlə bağlı xəbər çıxan andan həm Azərbaycanda, həm də türk dünyasında insanlar dua edirlər. Xoş dualar. Ona da əminəm ki, bu dualar səmaya daha tez çatacaq və oradan ildırım sürəti ilə ünvana yönələcək. Əminəm, bütün varlığımla inanıram ki, həkimlərin dediyi o kritik 48 saat səddini bizim xoşniyyətli dualarımız qıracaq. Əminəm ki, Allah bizim dualarımızı cavabsız qoymayacaq və Sizi geri qaytaracaq.

Çünki MİSSİYA hələ tamamlanmayıb.

P.S: Bu yazımda, Qənirə xanımın şəxsimə və ailəmə diqqətindən, qayğısından da söz açdım. Amma bütün Azərbaycan bilir ki, o, təkcə mənə deyil, bu dövlətə gerçəkdən xidmət edən hər kəsə diqqət və qayğı ilə yanaşıb.

Number of View: 2177