Narkomaniyaya qarşı maarifləndirici tamaşa

 

2 saylı Bakı Baza Tibb Kollecində Bakı Uşaq və Gənclər Teatrının təqdimatında “Həyatla Oyun” tamaşası göstərilib. Tamaşa Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi tərəfindən icra edilən “Narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbirləri” layihəsi çərçivəsində reallaşdırılıb.

Bu barədə İctimai Birlikdən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayan tədbirdə layihə rəhbəri Vidadi Fətullayev çıxış edib. O, 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı, bu sahədə Azərbaycanda ölkəmizdə hüquq-mühafizə orqanları və müvafiq dövlət qurumları tərəfindən görülən işlər, 102 və 802 qaynar xətləri haqqında məlumat verib.

V.Fətullayev, həmçinin narkomaniya və tütündən istifadəyə qarşı mübarizə və maarifləndirmə işlərində dövlət qurumları ilə yanaşı, ictimaiyyətin də fəal rol almasının vacib olduğunu qeyd edib və hər kəsi narkomaniya bəlasına, zərərli vərdişlərə qarşı birlikdə mübarizə aparmağa çağırıb.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin azyaşlılarla iş üzrə şöbəsinin məsul işçisi Emin Babayev Azərbaycan dövlətinin gənclərə qayğısından, Yasamal rayonu ərazisində gənclər arasında narkomaniya əleyhinə həyata keçirilən maarifləndirmə tədbirlərindən və onların əhəmiyyətindən danışıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı Şahin İsmayılov təmsil etdiyi qurumun fəaliyyətindən, narkotik vasitələrin insan sağlamlığına zərərlərindən bəhs edib.

Maarifləndirici buklet və kitabçaların paylandığı tədbirdə aktyorların yüksək peşəkarlıqla təqdim etdiyi tamaşa tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Number of View: 376