“Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Milli-mənəvi dəyərlərimiz milli kimliyimizdir” adlı layihənin icrasına yekun vurulub. Layihə çərçivəsində Beynəlxalq Avrasiya Mətbut Fondunda “Örnək dünyası Azərbaycan” adlı sənədli filminin təqdimat mərasimi keçirilib.
Bu barədə İctimai Birlikdən məlumat verilib.
Bildirilib ki, mərasimdə öncə “Azərbaycan Milli İnkişaf Layihəsi” İB-nin sədri, layihə rəhbəri Rauf Rəcəbov çıxış edib. O, qeyd edib ki, qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşadıb və inkişaf etdirib: “Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Milli-mənəvi və dini dəyərlərimizin qorunması, inkişaf etdirilməsi ölkəmizdə dövlət siyasətinin əsasını təşkil edir. Layihənin əsas məqsədi milli-mənəvi cəhətdən zəngin, müxtəlif dil, din və mədəniyyətlərin sərbəst şəkildə inkişaf etdiyi ölkələrdən biri olan Azərbaycanda sülh, dostluq, qardaşlığın necə hökm sürdüyünü təbliğ etməkdir”.
Məlumata əsasən, filmdə Azərbaycan xalqının hər zaman milli dəyərlərə sadiqliyi, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirməsi, eləcə də tarixin hər bir dövründə Azərbaycanda milli dəyərlərin qorunması və onun gələcək nəsillərə çatdırılmasının aktuallığı işıqlandırılıb. Rauf Rəcəbov qeyd edib ki, maariflənirmə xarakteri daşıyan filmdə Azərbaycanda dövlət-din münasibətləri, milli-dini sabitlik, etnik və dini dözümlülük, tolerantlıq və multikulturalizmın dövlət səviyyəsində qorunub saxlanılması xüsusi olaraq vurğulanır.
Məlumatda daha sonra deyilir: “Tədbirdə digər çıxış edənlər, “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman Məmmədov, “Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri, qazi Rey Kərimoğlu, “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin sədri Niyaz Niftiyev, “Elçi” qəzetinin və eyni adlı saytın baş redaktoru, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Əli Həziquliyev və “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir İsmayılov qeyd ediblər ki, Azərbaycan hər zaman milli-mənəvi və bəşəri dəyərlərə ehtiram göstərən məkan olub. Bu məmləkətdə əsrlərdən bəri multikulturalizm və tolerantlıq ənənələri mövcud olub, formalaşıb. Son illər Azərbaycanda milli-mənəvi dəyərlərimizin təbliği və inkişafı istiqamətində uğurlu işlər həyata keçirilir. Azərbaycanda milli-mənəvi irsə, dini dəyərlərə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələri yüksək səviyyədədir. Milli- mənəvi dəyərlərimizi müqəddəs borc kimi qorumaq, yaşatmaq və gələcək nəslə ata-baba əmanəti olaraq ötürmək millətimizin, xalqımızın varlığının əbədiliyinə verdiyimiz zəmanətdir. Hər bir xalqın milli-mənəvi dəyərləri, zəngin mədəniyyəti, özünəməxsus adət-ənənələri onun tarixi qədimliyinin əsas göstəricilərindəndir. Əsrdən-əsrə keçən, nəsildən-nəslə ötürülən bu dəyərləri qoruyub saxlamaq, yaşadıb inkişaf etdirmək hər kəsin doğma xalqı qarşısında mənəvi borcu, müqəddəs vəzifəsidir”.
Number of View: 389