“Biz sülh istəyirik” Mingəçevirdə ictimaiyyətə təqdim olunub

Sentyabrın 19-da Mingəçevir Media Mərkəzində “Biz sülh istəyirik” sənədli filminin ictimaiyyətə təqdimatı keçirilib. Film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Mingəçevir Valideynlər Assosiasiyasının həyata keçirdiyi “Birgəyaşayış ilə bağlı əhali arasında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində “ElTV” kanalı ilə əməkdaşlıq şəraitində çəkilib.

Bu barədə Mingəçevir Valideynlər Assosiasiyasından məlumat verilib.

Məlumata əsasən, filmin qəhrəmanları Kəlbəcər, Şuşa və Ağdamdan olan köçkünlərdir: “Onlar 1988-ci ilə qədər Şuşada, Xankəndidə və Qarabağın digər ərazilərində Azərbaycan əsilli ermənilərlə mehriban qonşuluq şəraitində yaşayıblar. Amma 1988-ci ildə “saqqalıların” peyda olması və rus silahlılarının havadarlığı ilə münaqişə, sonra isə müharibə baş verib. Nəticədə bir milyon köçkün 30 il ərzində dədə-baba yurdlarından uzaqda məskunlaşmağa məcbur olub. Onları filmdə təmsil edən şəxslər bütün məşəqqətlərə baxmayaraq, belə hesab edirlər ki, gələcəkdə birgəyaşayış mümkündür və bunun üçün etibarlı sülh lazımdır”.

Mingəçevir Valideynlər Assosiasiyasının və layihənin rəhbəri Fərman Nəbiyev, filmin ssenari müəllifi Elgiz Mahmudov, filmin qəhrəmanlarından Roza Rüstəmova və Gəray Həşimov, Müharibə Veteranları şəhər təşkilatının sədr müavini Rizvan Mikayıllı, “Abral” tədris mərkəzinin müəllimi Aynur Quliyeva, ELTV-nin aparıcı redaktoru İnqilab Şirinli, Dini Qurumların İşi üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Əlisa Fərəcəov, “Azərbaycan Bələdiyyəsi” qəzetinin bölgə müxbiri İxtiyar Şirinli filmin nümayişindən sonra fikkirlərini bölüşüblər: “Onlar bildiriblər ki, 30 ilin fraqmentləri ustalıqla ideya ətrafında birləşdirilib və yaradıcı heyət birgəyaşayışa köklənən uğurlu film ərsəyə gətirib. Birgəyaşayışa səsləyən filmdə keçmişin dərslərini unutmamaqla sülh çağırışlarının təqdir edilməsi Azərbaycanın bu günkü siyasəti ilə üst-üstə düşür və geniş auditoriya üçün ciddi mesajlar verir. Hətta təklif edilib ki, gələcəkdə bu ideyanı davam etdirmək, filmi başqa dillərə, o cümlədən ingilis və erməni dillərinə çevirməklə ictimaiyyətə çatdırmaq məqsədəuyğun olardı”.

Məlumata əsasən, 2023-cü il iyulun 1-dən sentyabrın sonunadək həyata keçirilən layihə çərçivəsində Yevlax rayonunun 32-ci məhəllə, Mingəçevir şəhərinin “Yeni həyat” və Bərdə rayonunun 866 saylı məcburi köçkün qəsəbələrindəməskunlaşan şəxslərlə fokus-qrup müzakirələri və birgəyaşayışla bağlı araşdırma aparılıb.

Number of View: 361