Türkiyədə səfərdə olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, BAYRAQDAR MEDİA-nın Baş redaktorunun müavini, Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının katibi Nadir Azəri görüşləri davam etdirir. Növbəti görüş Eskişehir Osmangazi Universitetinin rektoru, Prof. Dr. Kamil Çolakla olub.
Bu barədə Nadir Azəri məlumat verib.
O, qeyd edib ki, Denizlidən sonra Eskişehirdə bir sıra maraqlı görüşlər keçirib: “Belə görüşlərdən biri də Eskişehir Osmangazi Universitetinin rektoru Prof. Dr. Kamil Çolakla oldu. Maraqlı keçən görüşdə cənab rektor rəhbərlik etdiyi ali təhsil ocağı haqqında geniş məlumat verdi. Həmçinin, Eskişehir Osmangazi Universitetinin türk dünyası, o cümlədən Azərbaycanla əlaqələrindən geniş bəhs edildi. Prof. Dr. Kamil Çolak Azərbaycanla təhsil sahəsində böyük önəm verdiklərini vurğuladı. Azərbaycan Turizm və Menecment Universiteti ilə Eskişehir Osmangazi Universiteti arasında Turizm işi ixtisası üzrə qurulmuş ikili diplom proqramının reallaşdırıldığını bildirdi. Azərbaycan universitetləri ilə əməkdaşlıq istiqamətində yeni-yeni addımların atılacağını da dedi”.
N.Azəri onu da bildirib ki, görüş zamanı rektora Vətən müharibəsindəki tarixi Zəfərimizin simvolu olan Xarı Bülbül döş nişanını təqdim edib.
QHT rəhbəri deyib ki, görüş zamanı rektora sentyabr və oktyabrda keçirəcəkləri beynəlxaql konfrans barədə də məlumat verib: “Bildirdik ki, CASCFEN Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi əsasında qalib olmuş “Türk dünyası birliyində Heydər Əliyev amili” layihəsini reallaşdıracaq. Bu layihə əsasında biri Naxçıvanda, biri isə Bakıda olmaqla iki konfrans keçiriləcək. Görüş zamanı Naxçıvan və Bakı konfranslarında Eskişehir Osmangazi Universitetindən də professor-müəllim heyətindən videoçıxışçıların olması arzusunu dilə gətirdik. Cənab rektor da bunu müsbət qarşladı və hazırlıq üçün müvafiq addımların atılacağını dedi. Mən bir daha göstərilən diqqətə görə Prof. Dr. Kamil Çolaka təşəkkür edirəm”.
Qeyd edək ki, Prof. Dr. Kamil Çolak BAYRAQDAR MEDİA-ya özəl müsahibə də verib. Həmin müsahibəni tezliklə oxuculara təqdim edəcəyik.
Number of View: 391