Şəhid ailələri və qazilərin ən etibarlı dayağı həmişə dövlətdir – JEM-dən yeni layihə

Jurnalist Ekspert Mərkəzi (JEM) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə yeni layihənin icrasına başlayır.

“Şəhid ailələri və qazilərin ən etibarlı dayağı həmişə dövlətdir” adlanan layihə çərçivəsində internet televiziyası olan Missiya TV-də verilişlər yayımalanacaq.

Bu barədə JEM-dən məlumat verilib.

Bildirilib ki, iyulun 1-dən başlayaraq 3 ay müddətində həftədə bir dəfə yayımlanacaq verilişlərin aparıcısı layihənin rəhbəri, JEM sədri Ceyhun Musaoğlu olacaq: “Verilişlərdə şəhid ailələrinin nümayəndələri və qazilər qonaq qismində iştirak edəcəklər. Son iki verilişin qonaqları isə rayon icra hakimiyyətlərinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələrinin rəhbərləri olacaq”.

Məlumatda daha sonra deyilir: “Layihənin məqsədi şəhid ailələri və qazilərin hüquqlarının qorunmasına təkan olmaq, bu təbəqənin təmsilçilərinə yönələn dəstək xarakterli fəaliyyət barəsində ətraflı məlumat vermək, çatışmazlıqları şəffaf şəkildə göstərməkdir. Xatırladaq ki, Jurnalist Ekspert Mərkəzi 2022-ci il kiçik qrant müsabiqəsində “Şəhid ailələri və qazilərin ən etibarlı dayağı dövlətdir” layihəsi həyata keçirmişdi. Layihə çərçivəsində imtiyazlı təbəqənin təmsilçiləri olan ictimaiyyət nümayəndələri və bu sahəyə cavabdeh olan dövlət orqanlarının rəsmiləri, xeyriyyəçi iş adamları hazırlanan verilişlərin qonaqları olmuşdular. “Şəhid ailələri və qazilərin ən etibarlı dayağı həmişə dövlətdir” layihəsi 2022-ci ildə gerçəkləşən layihənin davamı hesab oluna bilər”.

Number of View: 511