“Jurnalist Araşdırmaları Mərkəzi “İctimai Birliyi “Regionlarda yaşayan şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin həllinə dəstəyin göstərilməsi, tədbirlərin təşkili” layihəsinin icrasına başlayıb.
İctimai birlikdən bildirilib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirilir: “Məqsəd regionlarda yaşayan şəhid ailələri və müharibə əlillərinin sosial problemlərini, onların ehtiyac və istəklərini öyrənmək, bu problemləri media vasitəsilə müvafiq dövlət qurumlarının diqqətinə çatdırmaqdır”.
“Layihə çərçivəsində həm ölkənin tanınmış, ictimai sektorda fəal olan şəxsləri, həm də bu kateqoriyadan olanların özlərinin fikirləri dinləniləcək, qaldırılan məsələlər onlayın media vasitəsi ilə ictimaiyyətin diqqətinə çatdırılacaq. Bundan başqa layihə çərçivəsində regionlarda yaşayan şəhid ailələrinin və müharibə əlillərinin evlərinə səfərlər, bu kateqoriyadan olan təşkilatların nümayəndələri ilə görüşlər, onların yaşayışı ilə bağlı reportajlar hazırlanacaq. Ucqar rayonlarda, hətta ən ucqar kəndlərdə yaşayan şəhid ailələrinin və müharibə əlillərinin sosial problemlərinin ictimailəşməsi üçün bütün imkanlar səfərbər olunacaq”, – deyə JAM-ım mətbuat üçün yaydığı açıqlamada vurğulanıb.
Qeyd olunub ki, layihə 3 ay müddətində həyata keçiriləcək.
Number of View: 706