Həmin Əkbər Qoşalı

Yəqin ki, dəyərli oxucularımız növbəti köşəmizin kimə həsr olunduğunu bildi. Ona görə də, əlavə söz oynatmalarına, manevrli keçidlərə baş vurmadan birbaşa mətləbə keçməyi məqsədəuyğun sayırıq. Bəli, bu dəfəki köşəmiz dəyərli dostumuz, əziz qardaşımız, illər bir-birini əvəz etsə də, tutduğu görəvlər dəyişsə də ətrafdakılara münasibəti zərrə qədər də dəyişməyən, türk dünyası sevdalısı, torpaq adamı, gözəl sirdaş Əkbər Qoşalıya həsr edilib.

Mən “torpaq adamı” ifadəsinə sonda aydınlıq gətirəcəyəm. Hələlik isə onu deyim ki, bu köşəmizi Əkbər Qoşalıya həsr etməyimiz heç də təsadüfi deyil. Mənim kimi, Əkbərin də bu il 50 yaşı tamam olur. Sadəcə aylarımız fərqlidir. Mən 1973-cü ilin fevralın 26-da anadan olmuşam. Əkbər isə həmin ilin bu günündə, yəni aprelin 3-də dünyaya gəlib. Əkbər haqqında çox şey yaza bilərəm. Amma həm illər öncə, Gənclər Təşkilatları Milli Şurasının mətbuat katibi olarkən dərc etdiyim bülletendə, həm də zaman-zaman işlədiyim müxtəlif mətbu orqanlarda onun fəaliyyətindən bəhs etdiyim üçün yubiley yazısında, yalnız dostluğumuzun tarixi, həmçinin, bəzi digər incə və önəmli məqamlara toxunmağı vacib bildim.

Qardaşlığımız 28 ildir davam edir

Öncə ondan başlayım ki, bizim Əkbərlə ilk tanışlığımızın əsası da məhz Gənclər Təşkilatları Milli Şurasında, daha dəqiq desək, bu qurum yaranandan qısa müddət sonra, 1995-ci ilin sonlarında qoyulub. Həmin vaxt bu qurumun təsisçiləri arasında olan gənc “Ana Vətən”çilərin rəhbəri olaraq Əkbər Qoşalı eynən indiki kimi hər şeyin sakit, hamar getməsi üçün var gücü ilə çalışırdı. Yadımdadır, o dövrdə həm iqtidar, həm də müxalifət düşərgəsindən olan gənclər təşkilatlarının bir çətir altında toplaşıb, müzakirələr aparması üçün indi ayrı-ayrı vəzifələrdə, həmçinin parlamentdə olan dostlarımız (həmin vaxt onlar Azərbaycanda yeni formalaşmaqda olan gənclər hərəkatının önündə gedirdilər – N.A) çox çalışır, bəzən isə hər hansı məsələ ətrafındakı gərginlikdən dolayı qəzəblənirdilər. Bax, belə qəzəbli məqamda, az qala tərəflər arasında ipin qırılması nöqtəsində Əkbər qardaşımız ortaya girər, necə deyərlər, odun üzərinə su səpərdi.

Düzdür, bəzən bu quruma yanaşmağa yox, dalaşmağa gələnlər bu sakit Əkbəri də özündən çıxarmağa bacarardılar. Lakin bu zaman da başından bəri gənclərin ümumilli məsələlərdə çəkici bir zindana vurması üçün səy göstərmiş Şahin Rəcəb, Azər Həsrət və digər bu kimi şəxslər məsələnin sülh yolu ilə həllinə dəstək olardılar. Bir sözlə, bu çabalar, həmçinin, İntiqam Babayev, Əkrəm Abdullayev, Zaur Adıgözəlov, Eldar Aslanov kimi həmin dövrün gənc fəallarının səyləri sayəsində Gənclər Təşkilatları Milli Şurası həyata vəsiqə aldı. Deyərdim ki, Azərbaycanda iqtidar-müxalifət dialoqu ilk dəfə məhz bu qurum daxilində baş tutdu, özü də uğurla.

Cəmiyyət bunu bilməlidir

Mən Əkbər haqqındakı bu köşəmizdə həmin məsələnin üzərində heç də təsadüfən bu qədər geniş dayanmadım. Əvvəla istəyirəm ki, cəmiyyət, xüsusilə də indi ayrı-ayrı gənclər təşkilatlarına rəhbərlik edənlər, o cümlədən ayrı-ayrı dövlət strukturlarında (o cümlədən şəhər və rayon İcra Hakimiyyətlərində) rəhbər vəzifədə çalışan bəzi gənc kadrlar bu günə necə çətinliklərdən keçilib gəlindiyini, necə fədakarlıqlar göstərildiyini bilsinlər. Bilsinlər ki, bir gün Əkbər Qoşalı, Şahin Rəcəb, Azər Həsrət, lap elə Nadir Azəri haqqında eşidəndə üzlərində sualqarışıq təəccüb yaranmasın. Çünki müstəqil Azərbaycanda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan gənclər siyasətinin reallaşdırılması işində məhz adlarını sadaladığımız insanlar – həmin vaxt özləri də gənc olan İntiqam Babayev, Əkrəm Abdullayev, Eldar Aslanov, Əkbər Qoşalı, Elşad İsgəndərov, Zaur Adıgözəlov, Pərvanə Kazımzadə, Şahin Rəcəb, Azər Həsrət, Elçin Əsgərov, Faiq Qürbətov və digər bu kimi şəxslər, belə demək mümkünsə, qara fəhləlik edib, gecə-gündüz heç bir təmanna güdmədən çalışıblar. Nə isə, bu xüsusda çox dayandığım üçün dəyərli oxucularımızdan üzr istəyirəm. Ancaq hesab edirəm ki, bəzən iradlarımızı da dilə gətirməliyik.

Köşəmizin məhz Gənclər Təşkilatları Milli Şurası fonunda qurulmasının digər səbəbi də odur ki, Əkbərlə bu təşkilatda əsası qoyulan dostluğumuz, qardaşlığımız 28 ildir ki, davam edir.

Bu gün də paxıllığımızı çəkənlər az deyil

Yəni, bu, 28 il yaşadığımız 50 illik ömrümüzün yarıdan da çoxu edir. Düzü ilk dəfə, 1995-ci ildə Gənclər və İdman Nazirliyində rastlaşdığım bu, türk igidlərinə xas qıyqacı baxışları olan, ilk təmasdaca qarşısındakı insanda müsbət əhval-ruhiyyə yaradan bu gənc insanla dost ola biləcəyimi düşündüm. Səbəb isə sadə idi.

Əvvəla, İntiqam Babayevin “Əkbər Nadirlə tanış ol. Yevlaxdan gəlib, amma yaman iddialı gəlib. Gənclər Təşkilatları Milli Şurasının mətbuat katibi olmaq istəyir. Sən nə deyirsən” sualına bığaltı gülüşlə “Nə deyə bilərəm ki, Tovuza gedəndə Yevlaxdan keçirik. Deyirsən yox deyim, sonra gedəndə yolumu kəssin?” cavabını verməklə, Əkbər paxıl, xəbis, başqasının uğuruna mane olmaq üçün min bir oyuna girməyən, əksinə, bacardıqca hər kəsə dəstək vermək istəyən birisi olduğunu nümayiş etdirdi.

Mən paxıllıq məsələsinə də təsadüfən toxunmadım. Çünki Əkbər qardaşım da, mən də uzun zaman ətrafımızdakı bəzilərinin paxıllığına tuş gəlmişik. Sadə bir misal. Mətbuat katibi olandan sonra mən (onu da deyim ki, bunun üçün hər hansı büdcə, yaxud da indiki gənclər təşklatlarının müxtəlif dövlət qurumlarından aldıqları qrantlar yox idi. Bu bülleteni dostların cüzi dəstəyi ilə və qonararsız özüm hazırlayırdım) Gənclər Təşkilatları Milli Şurasının bülletenini hazırlayıb, çap edirdım. Həmin bülletendə fəal gənclər təşkilatı rəhbərlərinin həftəlik, bəzən də iki həftədən bir işi haqqında xəbərlər, kiçik açıqlamalar verirdim. Təbii ki, bu zaman həmin dövrdə gecə-gündüz qarışqa kimi çalışan gənc “Ana vətən”çilərin rəhbəri Əkbər Qoşalı haqqında məlumatlar da daha çox dərc edilirdi. Çünki ortada bəhs ediləcək fəaliyyət vardı. Amma təəssüflər olsun ki, bu, heç bir yerdə qeydiyyatdan keçməyən, heç bir yerdə satılmayan, yalnız gənclər təşkilatlarına və Gənclər və İdman Nazilriyinə, özü də pulsuz verilən bülletendə Əkbərin tez-tez görünməsinin paxıllığını çəkirdilər. Özü də bu paxıllığı çəkənlər Milli Şuranın məclisində onu görəndə süni təbəssümlə hal-əhval tutanlar idi. Nə yazıqlar olsun ki, illər dəyişsə də, bu gün də paxıllığımızı çəkənlər az deyil…

Bizlər türk dünyası sevdalılarıyıq

İkincisi, Əkbər həmin vaxt dərhal mənimlə mehribancasına söhbət etdi. Nə zaman, nə lazım olsa dəstək verməyə hazır olduğunu dedi və lazım olan anlarda da bunu etdi. Elə bu gün də edir. Beləliklə, Əkbərlə 1995-ci idlə əsası qoyulan tanışlığımız getdikcə mehriban dostluğa, sonra isə qardaşlığa çevrilməyə başladı. Təbii ki, bu məsələdə ikimizin də “bacı dediyimiz”, bizə hər zaman diqqət, qayğı göstərən Pərvanə Kazımzadənin də rolunu qeyd etməyə bilmərəm.

Üçüncüsü, Əkbər də türk dünyası sevdalısı, Güney Azərbaycan həsrətlisidir. O da, mən də, sidq ürəklə bu yolun yolçusu olan digər azsaylı dostlarımız da uzun illərdir ki, yeri gələndə tənələrə tuş gəlsək də, yeri gələndə, türklüklə bağlı, türk dünyası ilə bağlı, hətta Türkiyə ilə bağlı bəzi tədbirlərdən kənarda qalsaq da, bu sevdadan əl çəkməmişik. Nə mutlu bizə ki, dünən dəliqanlı gənc olaraq uğruna hər şeyimizi fəda etdiyimiz bu iki sevda bu gün bizim övladlarımızın da həyat amalına çevrilib.

Yubileyin mübarək ey topraq adamı!

Nəhayət, bizi dost-qardaş edən dördüncü amil Əkbərin də yuxarıda bəhs etdiyim “torpaq adamı” olmasıdır. Mən təpədən-dırnağa torpağa bağlı olan, torpaq qədər təbii və bərəkətli olan insanlara “torpaq adamı” deyirəm. Və bildirirəm ki, bu cür adamlar Vətənimizin sadiq keşikçiləridir. Bu cür adamlar heç zaman, Vətənə, torpağa və dosta xəyanət etməzlər.

Dediyim kimi, Əkbərlə 28 ilə söykənən dostluğumuz, qardaşlığımız var. Bu illər ərzində, hansısa dostdan incik düşəndə də, hansısa haqsızlığa tuş gələndə də bir-birimizlə məsləhətləşmişik, hansısa səhv addım atanda da bir-birimizin iradını özü demiş “qənfet kağızına büküb” üzünə demişik. Bu gün isə bir-birimizi yubiley münasibətilə təbrik edirik. Yubileyin mübarək ey torpaq adamı!

Number of View: 564