Milli maraqlar uğrunda mübarizə düşmənlərimizi narahat edib

Nadir İsmayılov: Nə qədər acınacaqlı olsa da onlara daxildə dəstək verənlər var

“Artıq 13-cü gündür ki, Azərbaycanın ekoloqları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və media təmsilçiləri Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirir. Qışın şaxtasına, soyuğuna baxmayaraq yolun kiçik bir hissəsində Rusiyanın silahlı sülhməramlıları ilə qarşı-qarşıya dayanaraq erməni bölücülərinin cinayətkar əməllərinə etirazını bildirən insanlar milli birliyin, xalq-dövlət vəhdətinin, Vətən uğrunda cəsarətin, Vətənə məhəbbətin nümunəsini bütün dünyaya göstərirlər”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir İsmayılov deyib.

O, qeyd edib ki, bu dirəniş, milli maraqlar uğrunda mübarizə düşmənlərimizi bərk narahat edib: “Nə qədər acınacaqlı olsa da onlara daxildə dəstək verənlər var. Hər halda, Şuşa-Xankəndi yolunda keçirilən aksiyanın ilk iştirakçılarından biri kimi bunu çəkinmədən deyirəm. Xarici düşmənlərimizin üstümüzə gəldiyi bir vaxtda daxildə hansısa narahatlıq yaratmağa cəhd etmək, Bakının hansısa meydanlarında səs-küy şousu ilə diqqəti özlərinə cəlb etmək istəyənlər də xaricdən Azərbaycana hücum edənlərdən fərqlənmirlər. Hər iki tərəfin bir məqsədi var – Azərbaycanı haqq yolundan döndərmək. Amma bacarmayacaqlar. Çünki onlardan fərqli olaraq bütün Azərbaycan, hətta bütöv Azərbaycan milli maraqlar naminə bir yumruq kimi birləşib”.

Əlavə edək ki, dekabrın 23-də Bakıda bir qrup şəxs sanksiyalaşdırılmamış aksiya keçirməyə cəhd edərək ictimai narahatlıq yaradıb. Bu isə ictimai rəydə kəskin tənqidlərə səbəb olub. Dövlətin müvafiq qurumları da qanunsuzluğun qarşısını alaraq vətəndaşların rahatlığını təmin edib.

Number of View: 789