İdmanın önəmindən bəhs edilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Azərbaycan Əlil Velosipedçilərə Dəstək İctimai Birliyinin həyata keçirdiyi “Biz Birik – Sağlam və inklüziv həyat” layihəsinin açılış mərasimi olub.

Bu barədə İctimai Birlikdən məlumat verilib.

Bildirilib ki, Respublika Velotrekində baş tutan və ümumilikdə 50-dən çox şəxsin iştirak etdiyi açılış mərasimində 30-a yaxın əlilliyi olan gənc iştirak edərək para-velosiped idmanı haqqında ətraflı məlumat əldə ediblər: “Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan layihənin açılış mərasimində çıxış edən Əlil Velosipedçilərə Dəstək İctimai Birliyinin sədri və para-velosiped idmanı növü üzrə baş məşqçi Amid Həsənquliyev layihə haqqında məlumat verib, idmanın önəmindən, xüsusilə əlilliyi olan gənclərə faydalarından danışıb”.

Daha sonra Respublika Reabilitasiya Mərkəzinin direktoru Şaban Eyvazov, Para-olimpiya çempiyonu Elvin Astanov və başqaları çıxış edərək bu kimi layihələrin önəmindən danışıb, əlilliyi olan gənclərin özünə qapanmamalarını, əksinə aktiv fəaliyyətdə olaraq həm özlərində, həm də cəmiyyətə daha çox fayda verə biləcəklərini vurğulayıblar: “Layihənin rəsmi hissəsindən sonra öncədən qeydiyyatdan keçmiş əlilliyi olan gənclər və Vətən müharibəsi qaziləri təlim otağına dəvət edilərək para-velosiped üzrə nəzəri təlim həyata keçirilib. Azərbaycan Para-Velosiped idmanı növü üzrə baş məşqçi Amid Həsənquliyev və para-velosiped növü üzrə atleti, birinci qrup vətən müharibəsi qazisi Bəhlul Əliyev tərəfindən həyata keçirilən nəzəri təlimdən sonra para-velosiped növü üzrə peşəkar idmançısı Mehman Ramazanzadə tərəfindən əl velosipedlərindən istifadənin praktiki təlimi baş tutub”.

Məlumata əsaəsn, təlimdən sonra iştirakçılar “Red Bull”un təşkil etdiyi musiqili əyləncə zonasına dəvət edilib: “Layihənin ikinci günündə əsas məqsədi əlilliyi olan gənclərin para-velosiped idman növünə cəlb edilməsi vasitəsilə onların cəmiyyətə inteqrasiyasına, özünəinam hisslərinin artırılmasına, şəxsi inkişafının və psixoloji vəziyyətlərinin bərpa olunmasına, sağlam həyat tərzinin təbliği ilə bağlı biliklərinin artırılmasına töhfə vermək və reabilitasiyalarına şərait yaratmaqdan ibarət olan “Biz Birik – Sağlam və inklüziv həyat” layihəsinin növbəti təlim sessiyası baş tutub. Nəzəri və praktiki hissədən ibarət olan təlimdə Respublika Olimpiya Velosiped Məktəbinin məşqçi-müəllimi Elçin Qasımov tərəfindən idmanda təhlükəsizlik, qidalanma, yol hərəkəti qaydaları, məşq prossesləri və s. məlumatları çatdırılıb. Daha sonra öyrəndiklərini praktiki olaraq əl velosipedlərində həyata keçirən iştirakçılar gün boyunca sürüş həyata keçiriblər. Layihədə iştirak etmiş gənclərə təşkilat tərəfindən iştirakçı sertifikatları təqdim edilib”.

Number of View: 702