Misir mətbuatı Edillidəki erməni vəhşiliyindən yazıb

Misirin newss.com və culturenews.info saytları Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində ermənilər tərəfindən amansızlıqla qətlə yetirilmiş azərbaycanlı hərbçilərin kütləvi məzarlığının aşkarlandığı barədə məqalə yayıb.

QHT.az xəbər verir ki, “Əqli Mülkiyyətçilərə Kömək” İB tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə çərçivəsində hazırlanaraq ərəb mətbuatına təqdim edilən yazıda erməni vəhşiliyi təsvir olunub.

Qeyd edilib ki, məzarlıqda Birinci Qarabağ müharibəsi (1988-1994) zamanı ermənilər tərəfindən öldürülmüş 12 azərbaycanlı hərbçiyə məxsus sümüklər tapılıb. Onların işgəncəyə məruz qaldıqdan sonra öldürüldüyü vurğulanıb.
“Bu, eyni kənddə tapılan üçüncü kütləvi məzarlıqdır. Belə ki, bu ilin əvvəlki aylarında Edilli kəndindəki daha iki yerdə azərbaycanlıların qətlə yetirilərək kütləvi basdırıldığı ərazilər müəyyən edilmişdi. Həmin ərazilərin birində 7, digərində 18 meyitin qalıqları tapılmışdı.

Beləliklə, erməni vəhşiliyini sübut edən növbəti fakt üzə çıxıb…”, – yazıda bildirilib.

Yazıda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevdən sitat gətirilib: “Edilli kəndi 1988-1994-cü illərdə Ermənistan tərəfindən azərbaycanlı əsir və girovlar üçün həbs düşərgəsi kimi istifadə edilib”.

Onun sözlərinə görə, 1988-1994-cü illərdə davam etmiş Birinci Qarabağ müharibəsində 4000 azərbaycanlı hərbçi və mülki vətəndaş hələ də itkin düşmüş sayılır. Onlardan çoxunun əsir götürüldüyü və işgəncəyə məruz qaldıqdan sonra öldürülərək kütləvi məzarlıqlarda basdırıldığı güman olunur.

Qeyd edək ki, Misirin hər iki saytı Edilli məzarlığı barədə məqaləni manşet yazısı kimi təqdim edib.

Number of View: 2106