Bakı, CASCFEN, 09.08.2015 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) “Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti” mövzusunda sonuncu bölgə seminarını Şamaxıda keçirib. Şamaxı təhsil şöbəsində baş tutan seminara 39 müəllim qatılıb. Xatırladaq ki, seminarı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası maliyyələşdirib.
Seminarın açılışında çıxış edən Şamaxı rayon təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev son illər ərzində ölkədə ifadə azadlığının təmin edilməsi istiqamətində dövlətin gördüyü işləri yüksək dəyərləndirib. O, CASCFEN təmsilçiləri – qurumun sədri Azər Həsrət və ekspert Əkbər Qoşalını iştirakçılara təqdim edərək bildirib ki, hər iki şəxs mövzuyla bağlı sayılıb seçilən ekspertlərdir. “Bu baxımdan seminarın çox faydalı və uğurlu olacağına şübhə etmirəm”, – deyə Eyvaz Eminalıyev bildirib.
Daha sonra çıxış edən CASCFEN sədri Azər Həsrət ekspert, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalıya söz verib. Əkbər Qoşalı öz çıxışında Şamaxının ədəbiyyat, maarif yurdu olduğunu, Azərbaycanın dövlətçilik tarixində hər zaman ciddi rol oynadığını qeyd edib. O, bildirib ki, Şamaxı özünün ziyalılarıyla həmişə seçilib, bu bölgə Azərbaycana Mirzə Ələkbər Sabir, Seyid Əzim Şirvani kimi neçə-neçə dahilər bəxş edib.
Bundan sonra CASCFEN sədri Azər Həsrət iştirakçılara ifadə azadlığının təmin edilməsində Azərbaycanın da tərəfdar çıxdığı beynəlxalq normalar, Azərbaycan qanunlarında ifadə azadlığının təminatı, ifadə azadlığından sui-istifadə hallarının yaratdığı məsuliyyət haqqında danışıb.
Ekspert Əkbər Qoşalı isə sosial şəbəkələr və digər onlayn platformalarda ifadə azadlığı məsələlərini geniş şərh edib.
Bunun ardından Azər Həsrət netiketin 10 qızıl qaydası, netiketin pozulma halları və onların aradan qaldırılması, həmçinin tədris prosesində onlayn mənbələrlə iş zamanı netiketə əməl edilməsi haqqında geniş çıxış edib.
İştirakçıların suallarının cavablandırıldığı, eyni zamanda onların fikirlərinin də müzakirə edildiyi seminar dinamikliyi ilə seçilib.
Sonda iştirakçılara CASCFEN-in sertifikatları təqdim edilib, xatirə şəkilləri çəkdirilib.
Anonim sorğu əsasında iştirakçılardan 31-i seminarı əla, 4-ü yaxşı qiymətləndirib. 4 nəfər isə sorğuda iştirak etməyib.
Seminardan bütün Fotolar.
CASCFEN Mətbuat Xidməti
Number of View: 15947