Bakı, CASCFEN, 05.08.2015 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) “Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti” mövzusunda növbəti seminarını İsmayıllıda keçirib. İsmayıllıdakı Heydər Əliyev Mərkəzində baş tutmuş seminarı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyələşdirib. Tədbirdə 24 nəfər iştirak edib.
İsmayıllı rayon təhsil şöbəsinin təmsilçisi Ramiz Baloğlanov qonaqları və iştirakçıları salamlayaraq Azərbaycanda ifadə azadlığı mədəniyyətinin genişləndirilməsi üçün atılan addımları yüksək dəyərləndirib. O, dövlətin gördüyü işləri ayrıca vurğulayaraq qeyd edib ki, son illər ərzində bu yöndə ciddi işlər görülməkdədir.
Daha sonra CASCFEN sədri Azər Həsrət İsmayıllı rayonunda seminarın keçirilməsinin təsadüf olmadığını deyib.
“Biz İsmayıllı müəllimlərinin yeni texnologiyalara olan marağını nəzərə alaraq bu rayonu da layihəmizə daxil etmişik. Bilirik ki, sizin rayonun müəllimləri istər rayon səviyyəsində, istərsə də ölkə səviyyəsində belə proqramlarda həvəslə iştirak edirlər, çoxlu uğurlara imza atıblar. O baxımdan düşündük ki, seminarımız üçün ən uyğun iştirakçıları elə bu rayondan tapa bilərik”, – deyə Azər Həsrət bildirib.
Seminarın eksperti, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı isə çıxışında qeyd edib ki, İsmayıllı hər zaman Azərbaycan dövlətçiliyi tarixində öz rolunu oynayıb. Bölgənin insanlarının istiqanlı və pozitiv olmasına diqqət çəkən Əkbər Qoşalı İsmayıllıdakı inkişafın da nəzərdən qaçmadığını vurğulayıb.
Rayon icra hakimiyyətinin əməkdaşı Gülər Baxışova da qonaqları və iştirakçıları salamlayaraq qeyd edib ki, İsmayıllıda QHT-lərin fəaliyyətinə, vətəndaş maarifləndirməsinə böyük önəm verilir.
“Bizim elə bu Mərkəzdə tez-tez bənzər tədbirlər təşkil edilir. O baxımdan sizin də belə bir seminar keçirmənizi alqışlayırıq”, – deyə Gülər xanım bildirib.
Bundan sonra işinə başlayan seminarda ekspert Azər Həsrət onlayn ifadə azadlığına təminat verən beynəlxalq və milli normalar haqqında qeydlərini edib. O, ayrı-ayrı örnəklərlə bu sahədə qarşıya çıxa biləcək problemlərdən də danışıb.
Ekspert Əkbər Qoşalı isə Azərbaycanda sosial şəbəkə istifadəçiləri arasında tez-tez rast gəlinən hallardan örnəklər verməklə ortaya çıxan problemlər haqqında təcrübəsini paylaşıb.
Bundan sonra Azər Həsrət netiketin 10 qızıl qaydası haqqında geniş bilgi verib və seminar başa çatıb.
Anonim sorğu zamanı iştirakçılardan 17-si seminarı əla, 6-sı isə yaxşı qiymətləndirib.
Sonda sertifikatlar təqdim edilib, qrup şəkli çəkdirilib.
Seminardan bütün Fotolar.
CASCFEN Mətbuat Xidməti
Number of View: 15297