CASCFEN Sumqayıtda müəllimlər üçün seminar keçirdi – VideoCASCFEN has conducted a seminar for teachers in Sumgayit – Video

Xatirə şəkli
Xatirə şəkli

Bakı, CASCFEN, 11.07.2015 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımıyla “Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti” mövzusunda növbəti seminarını keçirib.

Sumqayıt şəhərindəki Reduco Təlim-Tədris Mərkəzində təşkil edilmiş seminarda Sumqayıt şəhərindən, Abşeron rayonu Saray qəsəbəsindən və Şamaxıdan olmaqla 23 nəfər müəllim iştirak edib.

Seminarı giriş sözüylə açan CASCFEN sədri Azər Həsrət verdiyi dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür edib. O qeyd edib ki, başçılıq etdiyi qurum əvvəllər belə seminarları öz hesabına keçirib. “Amma son üç ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası belə seminarların müxtəlif kateqoriyalardan olan insanlarla keçirilməsini dəstəkləyir. Bu isə o deməkdir ki, dövlətimiz insanlarımızın ifadə azadlığı mədəniyyətinin möhkəmlənməsində maraqlıdır”, – deyə o, bildirib.

Belə tədbirlərin müəllimlər üçün faydalı olduğunu deyən Reduco TTM-in təmsilçisi Vüsal Mətləboğlu da iştirakçıları salamlayaraq onlara uğurlu seminar arzu edib.

Tədbirdə çıxış edən Sumqayıt Şəhər Təhsil Şöbəsinin xarici dillər üzrə metodisti Gülbahar Haqverdiyeva müəllimlərin öz bilik və bacarıqlarını artırması üçün göstərdikləri səyləri yüksək dəyərləndirib. O vurğulayıb ki, Azərbaycanda aparılan uğurlu təhsil islahatları, həmçinin özünümaarifləndirmə müəllimlər arasında yaxşı mənada rəqabətə səbəb olur. “Bu baxımdan bugünkü seminar bizim üçün faydalı olacaq”, – deyə G.Haqverdiyeva sözünü bitirib.

Bundan sonra seminar məruzə və müzakirələrlə işinə başlayıb. Ekspert, CASCFEN İdarə Heyətinin üzvü, “Kaspi” qəzetinin jurnalisti Lalə Musaqızı iştirakçılara ifadə azadlığı, onun formaları, sərhədləri və faydaları haqqında danışıb. Müəllimlərin də fəal şəkildə müzakirə etdiyi mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. İştirakçılar müxtəlif örnəklərlə mövzuya aid təcrübələrini paylaşıblar. L.Musaqızı isə öz növbəsində istər Azərbaycanda, istərsə də xaricdə insanların özünü ifadəsinin formalarıyla bağlı örnəklər verib, bir insanın azadlığının digər insanın azadlığının başlandığı yerə qədər olduğunu qeyd edib.

Digər ekspert, CASCFEN sədri Azər Həsrət isə iştirakçılara ifadə azadlığının hüquqi əsasları, bu sahədə beynəlxalq və milli qanunvericilik haqqında danışıb.

Seminarda onlayn ifadə azadlığından sui-istifadənin yarada biləcəyi məsuliyyət ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonda Azər Həsrət Gülbahar Haqverdiyevaya seminarın təşkilində yardımlarına görə CASCFEN-in diplomunu təqdim edib.

Sertifikatların təqdim edilməsi
Sertifikatların təqdim edilməsi

Bundan sonra iştirakçılara sertifikatlar verilib, xatirə şəkli çəkdirilib.

Bütün şəkillər burada.

CASCFEN Mətbuat Xidməti

Number of View: 13782