Bakı, CASCFEN, 23.06.2015 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımıyla iyunun 22-də Kürdəmirdə “Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti” seminarı keçirib.
Kürdəmirdəki 3 saylı məktəbdə baş tutmuş seminarda ümumilikdə 25 nəfər iştirak edib.
Açılışda çıxış edən məktəbin direktoru Bayram Cəfərov qonaqları salamlayaraq seminarın bölgə müəllimləri üçün faydalı olacağını vurğulayıb.
Daha sonra Kürdəmir rayon icra hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli də çıxış edərək CASCFEN təmsilçilərinə, həmçinin seminar iştirakçılarına öz xoş arzularını çatdırıb. O, qeyd edib ki, Azərbaycan dövləti hər sahədə olduğu kimi müəllimlərin təcrübə və bacarıqlarının artırılması üçün də şərait yaradır. “Təbii ki, rayon icra hakimiyyəti də bu yöndə təşəbbüsləri hər zaman dəstəkləyir”, – deyə o, bildirib.
Yaradılan şəraitə və dəstəyə görə Azərbaycan dövlətinə, həmçinin Kürdəmir icra hakimiyyətinə və 3 saylı məktəbə təşəkkürünü bildirən CASCFEN sədri Azər Həsrət deyib ki, yeni təşəbbüslərə verdiyi dəstəyə görə, məktəbin direktoru Bayram Cəfərov və layihənin rayondakı koordinatoru, eyni məktəbin coğrafiya müəllimi Xəyalə Veyisova qurumun diplomuyla təltif edilir.
Açılışdan sonra seminar öz işinə başlayıb.
Azər Həsrət iştirakçılara ifadə azadlığına təminat verən qanunlar haqqında danışaraq qeyd edib ki, Azərbaycan dövləti həm beynəlxalq normalar, həm də milli qanunlar çərçivəsində hər cür azadlıqlara şərait yaradıb.
“Azadlıqların olması yaxşıdır. Amma bu heç də o demək deyil ki, biz məsuliyyətimizi unutmalıyıq. Qanunlarımız azadlıqlara verdiyi təminatla bərabər onlardan sui-istifadə hallarına görə cəzalar da nəzərdə tutur. Amma Azərbaycan dövləti humanizm prinsiplərinə söykənərək vətəndaş özünüidarəsinə, insanlarımızın daha anlayışlı olmasına inandığından sərt tədbirlərə əl atmır. Ona görə də biz daha məsuliyyətli davranmalıyıq”, – deyə o, bildirib.
Seminarın eksperti, CASCFEN Nəzarət-Təftiş Komissiyasının sədri Sevda Əsgərova netiketin 10 qızıl qaydası haqqında danışaraq iştirakçıların həm də başqalarını bilgiləndirməsinin vacibliyini vurğulayıb. O, müəllimlərlə sual-cavab şəklində müzakirə təşkil edib.
Seminarın təşkilini iştirakçılardan 23-ü “əla”, 2-si “yaxşı” qiymətləndirib.
Tədbirin sonunda iştirakçılara CASCFEN-in sertifikatları verilib, xatirə şəkli çəkdirilib.
Bütün şəkillər üçün: Seminardan şəkillər.
CASCFEN Mətbuat Xidməti
Number of View: 12834