Azərbaycan xalqı sanki növbəti bayramına hazırlaşır

Cavid Şahverdiyev: Xaricdəki soydaşlarımız da bu seçkiyə qələbə əhval-ruhiyyəsi ilə hazırlaşırlar

“Bu il fevralın 7-də keçiriləcək prezident seçkisi tarixə Azərbaycan xalqının Zəfər seçkisi kimi düşəcək. Azərbaycanın dövlətçilik tarixində, Azərbaycan xalqının siyasi həyatında olduqca mühüm bir tarixi gün kimi yadda qalacaq. Çünki 7 fevralda keçiriləcək növbədənkənar seçki ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri, jurnalist Cavid Şahverdiyev deyib.

Onun fikrincə bu, onunla əsaslanır ki, müstəqillik dövrü tarixində ilk dəfə olaraq bu seçki ərazi bütövlüyü və suveren hüquqları bərpa olunan Azərbaycanın bütün ərazisində keçiriləcək.

QHT sədri onu da deyib ki, MSK-nın məlumatına görə azad olunan ərazilərdə yaradılan 26 seçki məntəqəsinin 20 mindən artıq seçicisi var: “Xalqımızın bu seçkiyə böyük əhval-ruhiyyə ilə iştirak edəcəyinə inanıram. Əhali arasında seçki aktivliyi müşahidə olunur, təbliğat yüksək səviyyədə aparılır. Azərbaycan xalqı sanki növbəti bayramına hazırlaşır. Apardığımız müşahidələrimiz göstərir ki, ölkə əhalisi böyük qələbədən, Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq, bərpa işlərindən ruhlanaraq seçki məntələrinə daha həvəslə gedəcək, öz seçimində daha doğru qərar verəcək”.

C.Şahverdiyev onu da vurğulayıb ki, Azərbaycan hüdudlarından kənarda yaşayan səsvermə hüququ olan vətəndaşlar da bu prosesdə həvəslə iştirak edəcəklər: “37 xarici ölkədə 49 seçki məntəqəsi yaradılıb ki, bu da 2018-ci ildə keçirilən prezident seçkisində xarici diplomatik nümayəndəliklərində yaradılan seçki məntəqə sayından çoxdur. Əlaqə saxladığım xarici diaspor təşkilat rəhbərlərindən aldığım məlumata görə, xaricdəki soydaşlarımız da bu seçkiyə qələbə əhval-ruhiyyəsi ilə hazırlaşırlar. Hətta səfirlik və konsulluqlarımızda yaradılan seçki məntəqələrindən 100-150 km uzaqlıqda yaşayan soydaşlarımız da gəlib səsvermə prosesində iştirak edəcəklər”.

QHT sədri prezident seçkisinin beynəlxalq aləm tərəfindən də diqqətlə izlənildiyini deyib. Onun sözlərinə görə, bir sıra xarici vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri prosesi müşahidə etmək üçün artıq Azərbaycandadırlar: “İki gün öncə, Pakistan, Rusiya, Türkiyədən olan siyasilərlə söhbətimdə fevralın 5-də Bakıya gələcəklərini deyiblər. Bu da onu deməyə əsas verir ki, dünyanın diqqəti də Bakıya yönəlib. İnanırıq ki, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində xalqımız düzgün seçimini bir daha nümayiş etdirəcək. Çünki Zəfər seçkisi gələcək inkişafımızı sürətləndirməklə ölkəmizin dünya birliyində rolunu, nüfuzunu, gücünü xeyli artıracaq”.

Number of View: 939