Azərbaycan gənci vətənpərvərdir

Seymur Verdizadə
Seymur Verdizadə

“Azərbaycanda uşaq və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması cəmiyyətin qarşısında dayanan bir nömrəli vəzifədir. Bu, təkcə ailənin və məktəbin deyil, həm də cəmiyyətin vəzifəsidir. Bu prosesdə hamılıqla iştirak etmək, müasir dövrün tələblərinə cavab verən, savadlı, intellektual, ən əsası isə vətənpərvər gənclərin yetişdirilməsi hər birimizin borcudur”.

Bu sözləri Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib.

O, bildirib ki, Azərbaycan gənci vətənpərvərdir, soy-kökünə, keçmişinə bağlıdır: “Azərbaycan gənci sağlam təməl üzərində dayanıb, torpağın dərinliyinə qədər uzanan kökündən güc-qüvvət alır, boy atır, pərvəriş tapır. Biz 44 günlük Vətən Müharibəsi dövründə bunun canlı şahidi olduq. Məhz Azərbaycan gəncliyinin cəsurluğu, rəşadəti sayəsində Qarabağ işğaldan azad olundu, tariximizə yeni və parlaq səhifə yazıldı. Bu qələbənin memarı Azərbaycan xalqı, onun avanqardı isə Azərbaycan gəncliyidir”.

Seymur Verdizadə Azərbaycan və erməni gənclərini müqayisə edib. Bildirib ki, azərbaycanlı həmyaşıdlarından fərqli olaraq erməni gəncləri qorxaqdır. Onlar ölkələrinin gələcəyinə ümid bağlamır və ən müxtəlif yollarla Ermənistanı tərk etməyə çalışırlar: “44 günlük müharibədə Ermənistan ordusunun 10 mindən çox fərarisi var idi. Ordudan yayınma halları ilə bağlı başladılan məhkəmə prosesləri bu gün də davam edir. Vəziyyət o həddə çatır ki, fərari olmaq Ermənistanda ayıb sayılmır. Azərbaycanda isə bunun tamamilə əksini müşahidə edirik. Ötən gün hərbi hissələrdə keçirilən andiçmə mərasimi də bunu sübut etdi. Azərbaycan gəncləri vətənə xidmət etməyi özlərinin bir nömrəli vəzifəsi hesab edirlər. Bu faktla qürur duymamaq mümkün deyil”.

Number of View: 925