Özbəkistan QHT-lərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb

Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxojayevin rəhbərliyi ilə geniş tərkibdə nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

Heyətə QHT sədrləri, media təmsilçiləri ilə yanaşı, Özbəkistanın aidiyyəti dövlət qurumlarının təmsilçiləri də daxildir.
Səfər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə həyata keçirilir.

Qardaş ölkədən qonaqlar bu gün Şuşa şəhəri ilə tanış olacaq.

Noyabrın 27-də Füzulidə ilk dəfə Azərbaycan-Özbəkistan QHT-lərinin Əməkdaşlıq Forumu keçiriləcək.
Səfər bir neçə gün davam edəcək. Səfər çərçivəsində əməkdaşlığa dair bir sıra sənədlərin də imzalanması, mühüm görüşlərin keçirilməsi planlaşdırılır.

Azərbaycan və Özbəkistan QHT-lərinin qarşıdakı dövrdə birgə fəaliyyətinin təşkili məsələləri də diqqət mərkəzində olacaq.

Number of View: 239