“Həyata pozitiv baxaq” və “Özünü sev”

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “ÖZÜNÜ SEV – İntihar çıxış yolu deyil!” adlı kitab işıq üzü görüb.

Xəbər BAYRAQDAR MEDİA-ya sentyabrın 14-də sözügedən Birlikdən daxil olub.

Xəbərdə deyilir ki, “kitabın müəllifi Birliyin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Lamiyə İsazadədir”.

Məzmuna gəlincə, kitab yeniyetmə və gənclər arasında intihar halları ilə bağlıdır: “Kitab yerli və xarici mənbələr, eləcə də sosial şəbəkələr üzərindən araşdırmalar əsasında hazırlanıb. Bildiyiniz kimi, son illərdə, eləcə də son günlərdə ölkəmizdə də yeniyetmələrin intihar cəhdlərinə rast gəlinir. Bu gün valideynlərimiz övladlarının özünü öldürməsi ifadəsini işlətməsini, ölüm təhdidini ifadə etməsini ciddiyə almırlar. Düşünürlər ki, uşaqdır ağlına gələni danışır. Əgər bir insanda – istər uşaq, istər gənc, istərsə də istənilən yaş kateqoriyasında olan şəxsdə özünü öldürməklə bağlı fikir formalaşıbsa, deməli onun beynində ilkin intihar toxumları əkilib və böyüməyə başlayır”.

Daha sonra bildirilir ki, “bunu heç kimlə müzakirə edə bilməyəndə artıq insan daxili dünyası ilə müzakirəyə başlayır. Müzakirədən sonrakı mərhələ mübahisə, mübahisədən sonrakı mərhələ isə fiziki və ya psixoloji cinayət olur. Ailədə psixoloji basqının olması, məişət zorakılığına məruz qalınması və şəxsin heç kimə müraciət etməməsi sonda intihar ilə nəticələnir”.

Erkən yaşda intiharın səbəbləri sırasında şəxsin ailədə şiddətə, fiziki və ya psixoloji zorakılığa məruz qalması göstərilir: “İntihara səbəb əsasən psixoloji pozuntulardır. “ÖZÜNÜ SEV” adlı kitabda intihar psixologiyası, intihar baş verənə qədər yaşanan depressiya halları, yeniyetmə və gənclərin davranış pozuntuları, intiharın əsasən hansı ailə tiplərində baş verməsi və digər zəruri mövzular yer alıb. Kitab “Həyata pozitiv baxaq” adlı layihə çərçivəsində hazırlanıb, bu yöndə keçiriləcək tədbirlərdə əsasən yeniyetmə və gənclərə paylanacaq”.

Əlaqəli

Number of View: 1279