Elman Cəfərli: Təşəbbüsümüzü dəstəklədiyinə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, layihəyə səs verən ekspertlərə və Müşahidə Şurasının üzvlərinə təşəkkür edirəm
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi Urmiya gölünün quruması ilə əlaqədar bölgədə yaranmış ekoloji fəlakəti özündə əks etdirən sənədli film hazırlayacaq. Bu barədə təşkilatın sədri Elman Cəfərli bildirib.
O, qeyd edib ki, film Azərbaycan Respublİkasının Qeyri-Hökumət Təşkilatlarına Dövıət Dəsəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Urmiya gölünü xilas et: ekoloji fəlakət qapıda” adlı layihə çərçivəsində çəkiləcək.
QHT sədri “Sahilləri Təbriz, Urmiya, Xoy, Marağa, Qoşaçay, Soyuqbulaq, Xana, Salmas, Uşnu və Sulduz kimi bölgələrini əhatə etməklə Cənubi Azərbaycan torpaqlarının beşdə birini təşkil edə zəngin mineral ehtiyatlara, o cümlədən, 5 milyard ton potas, 60 milyon ton potasium sulfat, 240 milyon ton maqnezium, 28 ton bromidə malik olan Urmiya gölü fəlakətli günlərini yaşayır. Əvvəllər göldə 32 milyon kubmetr su var idisə indi həmin rəqəm yalnız 3 milyona enib. Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb” deyib.
Onun sözlərinə görə, bura xeyli sayda çay, o cümlədən Acıçay, Tatuçay, Şəhərçay, Nazlıçay, Cığatı çayları tökülərdi: “Lakin İran hökuməti gölün əsas su mənbəyi olan çayların üzərinə bəndlər çəkib. Nəticədə isə göl qurumağa başlayıb. Hazırda Urmiya gölünün 94 faizi quruyub. Urmiya gölünün quruması və bu prosesə laqeydlik, habelə gölün bərpası layihələrinin yubadılması böyük bir qlobal fəlakətə yol açır. Mütəxəssislər hesab edir ki, Urmiya gölü tamamən quruyarsa onun yerində 10 milyard ton duz qalacaq. Göl quruyarsa duz fırtınaları əmələ gələcək. Bu isə insanların sağlamlığına, kənd təsərrüfatına xeyli ziyan vuracaq. Gölün yerində bataqlaşmış sahələr, şoranlıqlar meydana gələcək. Bu isə bölgədə yaşayan 14 milyon insanın ərazini tərk etməsinə səbəb olacaq”.
Elman Cəfərli deyib ki, Urmiya gölünə yönəlik ekoloji terror dayandırılmalı, gölün bərpası prosesi sürətləndirilməlidir: “İran adlanan dövlət Urmiya gölünün bərpasına lazımi diqqəti ayırmır. Bunun da iqtisadi və siyasi səbəbləri var. İran hakimiyyəti Türkiyə ilə sərhəddə yerləşən bölgədə ekoloji fəlakətin böyüməsində maraqlıdır. Gölün quruması ilə yaranacaq duz fırtınası, susuzluq, yayılan xəstəliklər insanların kütləvi köçünə səbəb olacaq. Bölgə türksüzləşəcək. Urmiya hövzəsini tərk edən əhali fars əyalətlərində yerləşən inkişaf etmiş sənaye şəhərlərinə üz tutacaq”.
Onun sözlərinə görə, layihənin məqsədi beynəlxalq ictimaiyyətin diqqətini Urmiya gölünün quruması ilə bağlı yaranacaq ekoloji fəlakətə, göldən qalxan duz fırtınalarının yaradacağı xəstəliklərə çəkmək, Urmiya gölünün qurumasına rəvac verən siyasi və iqtisadi maraqları üzə çıxarmaq, ekoloji terrora göz yumanları ictimai qınağın hədəfinə gətirmək, gölün bərpası ilə bağlı layihələrin qəbul edilməsinə və bərpa işlərinin sürətlənməsinə nail olmaqdır: “Layihə çərçivəsində Urmiya gölü ilə bağlı sənədli film hazırlanacaq, ictimai müzakirələr təşkil ediləcək”.
Elman Cəfərli Urmu fəlakəti ilə bağlı layihənin icrasına dəstək verən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirib: “Urmiya gölünün quruyacağı halda yaranacaq ekoloji və humanitar fəlakət təkcə İranı deyil, qonşuluqdakı bütün ölkələri, o cümlədən Türkiyə, Azərbaycan, Ermənistan və İraqa da təsir edəcək. Əslində bu qlobal bir ekoloji fəlakətdir. Düşünürük ki, Urmiya ilə bağlı faktları dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, gölün bərpası prosesini sürətləndirmək lazımdır. Təşəbbüsümüzü dəstəklədiyinə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, layihəyə səs verən ekspertlərə və Müşahidə Şurasının üzvlərinə təşəkkür edirəm. Bu, həm də ekoloji fəlakətdən əziyyət çəkən Güney Azərbaycanlı soydaşlarımıza verilən dəstəkdir”.
Number of View: 651