QHT-lər Ermənistanın mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ediblər

Aprelin 29-da Azərbaycanın vətəndaş cəmiyyətinin və hüquq müdafiə təşkilatlarının nümayəndələri Ermənistanın Azərbaycana qarşı davam edən mina terroru ilə bağlı mətbuat konfransı keçirərək, beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıblar.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Əməkdaşlıq Mərkəzinin sədri Azay Quliyev aprelin 28-də Tərtər rayonunda mina partlayışı nəticəsində həlak olan 3 mülki vətəndaşımıza Allahdan rəhmət diləyib, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Azay Quliyev Ermənistanın mina terrorunun qurbanlarının durmadan artdığını, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən indiyədək ümumilikdə 301 nəfərin mina qurbanı olduğunu, onlardan 57-sinin həyatını itirdiyini bildirərək deyib: “Tərtərdə baş verən mina partlayışının əsas səbəbi Azərbaycana yararlı və düzgün mina xəritəsi təqdim etməyən Ermənistanın beynəlxalq konvensiyalara, o cümlədən üçtərəfli Bəyanatın 6-cı bəndinə əməl etməməsi, öhdəliklərini kobud şəkildə pozmasıdır. 2022-ci ilin avqustundan etibarən Ermənistan 2021-ci ildə, yəni, müharibə başa çatandan sonra istehsal etdiyi 2700-dən çox minanı Laçın yolundan sui-istifadə etməklə Qarabağa gətirib və onları ərazilərimizdə basdırıb. Məqsəd postmünaqişə dövründə Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmalarına və öz yerlərində dinc yaşamalarına maneə yaratmaqdır”.

Azay Quliyev diqqətə çatdırıb ki, beynəlxalq ictimaiyyət və aparıcı dövlətlər hələ də Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə və xüsusilə Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi müharibə cinayətlərinə göz yummaqda israr edir.

Çıxış edən QHT sədrləri Azər Allahverənov, Nurəddin Mehdiyev, Günel Səfərova, Hafiz Səfixanov, Novella Cəfərova, Səltənət Qocamanlı, Vüsalə Hüseynli, Hafiz Həsənov, Rey Kərimoğlu, İlqar Hüseynli, Telman Qasımov, Elşad Məmmədli, Şəmsəddin Əliyev, Cəsarət Hüseynzadə, Əkrəm Bəydəmirli, Səadət Bənanyarlı, Rafiq İsmayılov və Ramil İskəndərli beynəlxalq ictimaiyyətin Ermənistan tərəfindən törədilən müharibə cinayətlərinə laqeyd qalmasını pisləyib, bu cür ikili yanaşmadan ciddi narahat olduqlarını bildiriblər. “Biz təkcə müraciət etməklə kifayətlənməməli, eyni zamanda, Ermənistanın cəzalandırılması üçün real hüquqi mexanizmlərdən yararlanmalı, Ermənistanın mina terrorunu dayandırmaq üçün yerli və beynəlxalq səviyyələrdə ən müxtəlif məlumatlandırma kampaniyaları və tədbirləri təşkil etməliyik”, – deyə QHT sədrləri vurğulayıblar.

Mətbuat konfransında Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli qeyd olunan təkliflər əsasında beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanatı səsləndirib.

Bəyanat QHT-lər tərəfindən imzalanıb.

Tədbir iştirakçıları bundan sonrakı fəaliyyətin daha sistemli, ardıcıl və effektiv şəkildə qurulması məqsədilə 15 nəfərdən ibarət İşçi Qrupunun yaradılması haqqında qərar qəbul ediblər.

Number of View: 908