Türk dünyası ilə bağlı birgə addımlar atılacaq

CASCFEN sədri iş adamı ilə görüşüb

“Ötən ay mediaya verdiyimiz açıqlamada 20 yaşlı CASCFEN-in yeni dönəmə yeni strategiya və fəaliyyət planı ilə daxil olduğunu qeyd etmişdik. Bildirmişdik ki, xüsusilə də gənc könüllülərin təşkilatın sıralarına cəlb edilməsi, onların müxtəlif beynəlxalq tədbirlərdə iştirak üçün hazırlanması, o cümlədən müxtəlif yerli və xarici təşkilatlarla əməkdaşlıqların qurulması, sənədlərin imzalanması istiqamətində atacağımız addımlar var. Artıq bu istiqamətdə ilkin addımlar atılmaqdadır”.

Bunu “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri, Əməkdar jurnalist Nadir Azəri deyib.

Onun sözlərinə görə, artıq CASCFEN-in fəaliyyəti ilə maraqlanan gənc könüllülərin təşkilat daxilində mərkəzləşməsi istiqamətində işlər gedir: “Tezliklə, bununla bağlı mediaya geniş məlumat veriləcək. Eyni zamanda, müxtəlif təşkilatlarla danışıqlar və görüşlərə də başlamışıq. Yaxın vaxtlarda bir sıra təşkilatlarla, o cümlədən koalisiyalarla müəyyən məsələlərdə birgə əməkdaşlığa dair sənədlərin imzalanması gözlənilir. Heç şübhəsiz yeni QHT koalisiyalarının yaranması da mümkündür. Məqsədimiz türk dünyasının birliyinin daha da dərinləşməsi istiqamətində atılan addımlara QHT olaraq dəstək göstərməkdir”.

N.Azəri Unity Company şirkətinin təsisçisi, türk dünyası sevdalısı Fikrət Əliyevlə görüşdə də sözügedən istiqamətdə məsləhətləşmələrin aparıldığını deyib: “Qeyd edim ki, ilk görüşlərimizdən birinin məhz F.Əliyevlə olması heç də təsadüfi deyil. Çünki Fikrət bəy türk dünyası sevdalısı olmaqla yanaşı bu istiqamətdə çoxsaylı layihələrə imza atmış, bu sahədə görülən işlərə dəstək vermiş bir şəxsdir. Məhz bu baxımından gələcəkdə türk dünyası ilə bağlı daha nələrin edilə biləcəyinə dair maraqlı və məhsuldar görüşümüz oldu. Görüşdə bu istiqamətdə fikir mübadiləsi apardıq. Bir sözlə, mən bunu birgə addımların atılması istiqamətində mühüm görüş kimi dəyərləndirirəm”.

Number of View: 318