Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyəti Cenevrədə BMT-nin İnkişaf Proqramının Cenevrə ofisinin direktoru xanım Aqi Vereslə görüşüblər.
Bu barədə martın 16-da Agentlikdən məlumat verilib.
Bildirilib ki, ilk olaraq Agentliyin icraçı direktoru Aygün Əliyeva Azərbaycan vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti, qrant müsabiqələri, QHT-lərin beynəlxalq əməkdaşlıqları haqqında məlumat verib: “O bildirib ki, ötən il Agentlik və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin ofisi arasında imzalanan Memorandumun əsas məqsədlərindən biri Azərbaycanda donor qismində fəaliyyət göstərən BMT təsisatları ilə yerli QHT-lərin əlaqələrini gücləndirməkdir”.
Nümayəndə heyətini BMT-nin İnkişaf Proqramının Cenevrə ofisində görməkdən məmnunluq duyduğunu bildirən Aqi Veres qeyd olunan istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsini dəstəkləyib: “O bildirib ki, BMT-nin İnkişaf Proqramı hər zaman QHT-lərin bilik və bacarıqlarının artırılması, müxtəlif mövzularda layihələrin icrasını dəstəkləyib və Davamlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində üzv dövlətlərin vətəndaş cəmiyyəti təsisatları ilə sıx əməkdaşlıq edib”.
Number of View: 699