Dəli şeytan deyir ki…

Yaxud hər kəsi şeytan gözündə görənlərin şeytani əməlləri

Nadir İSMAYILOV – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin sədri

BAYRAQDAR MEDİA – İran haqqında ilk dəfə orta məktəbdə oxuyanda vətənpərvər müəllimlərimizdən eşitmişdim. 1988-ci ildə ermənilərin xalqımıza qarşı həyata keçirdikləri mənfur cinayətə etiraz olaraq başlanan xalq hərəkatı paytaxt Bakı ilə yanaşı digər şəhər və rayonlarda mitinqlərin keçirilməsi ilə müşayiət edilirdi.

Elə həmin illərdə Gülüstan və Türkmənçay müqavilələri ilə bağlı sovet tarix kitablarında yazılan “nağıllar”dan fərqli olaraq, dəyərli müəllimlərimiz bizə əsl həqiqətləri çatdırmışdılar. Bilmişdik ki, hazırda bir tərəfində rus, digər tərəfində fars imperiyasının hakimlik etdiyi Azərbaycan ikiyə bölünüb.

Hər dəfə İranın adı xəyanət, cinayət sözləri ilə birgə çəkildi

Ondan sonra İran haqqında tez-tez eşitməyə başladıq. Amma hər dəfə də mənfi çalarlarda. Hər dəfə İranın adı xəyanət, cinayət, Azərbaycana qarşı düşmən münasibət sözləri ilə birgə çəkildi.

Məsələn, bir dəfə eşitdik ki, Cəlilabad bazarına (həmin illəri xatırlayanlar bu bazar barədə məlumatlıdırlar – N.İ.) mal gətirən hiyləgər İran molla tacirləri xına əvəzinə azərbaycanlılara sarı torpaq satıblar.

Yaxud eşitdik ki, Şuşanın işğalı ərəfəsində İran tərəflərə vasitəçilik təklifi irəli sürüb və nə hikmətdirsə, o zamanki İran Prezidenti Haşimi Rəfsəncaninin vasitəşiliyi ilə 1992-ci ilin mayında Azərbaycan və Ermənistan dövlət başçıları (həmin vaxt Azərbaycan Ali Sovetinin sədri olan Yaqub Məmmədov həm də prezident səlahiyyətlərini icra edirdi – N.İ.) Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzalayıb. Lakin bu sazişin mürəkkəbi qurumamış – imzalanmanın səhəri günü – mayın 8-də Şuşa işğal edildi. Yəni ki, İranın müəmmalı vasitəçiliyi tariximizə Şuşanın işğalı faktı ilə düşüb.

İran bu işğal zamanı ona görə canfəşanlıq edirmiş ki…

Daha sonra İranın adını tez-tez eşitdik. Araz boyu rayonlarımız Ermənistan tərəfindən işğal edilən zaman İranın soydaşlarımıza qucaq açdığı barədə məlumatlar gəlirdi. Ancaq çox-çox sonralar biləcəkdik ki, bu qucaqaçma barədə nağıllar İranın həmin vaxt artıq Azərbaycana yerləşdirdiyi casus şəbəkəsinin təbliğatından başqa bir şey deyilmiş. Yəni İran bu işğal zamanı ona görə canfəşanlıq edirmiş ki…

Gəlin bu “ki”nin ardını əslən Cəbrayıl rayonundan olan doslarımdan birinin illər öncə gözü yaşlı halda mənə dediyi sözlərlə tamamlayaq. Həmin vaxt mənim “heç evinizi yuxuda görürsən” sualıma dostum bu cavabı vermişdi: “Hər gecə görürəm. Her gecə ayaqyalın öz həyətimizdə qaçıram. Amma nə qədər qaçıramsa evə girə bilmirəm. Hövlnak ayılıb bunun yuxu olduğunu görəndə isə daha yata bilmirəm. Nadir, bilirsən biz gec-tez o torpaqlara qayıdacağıq. Yeni evlər də tikəcəyik. Amma bizim torpaqlara iki dəfə yara vurulub. Bir yaranı ermənilər işğal zamanı vurublar. İkinci yaranı isə iranlılar, farslar işğaldan sonra ermənilərə verdikləri cüzi pul hesabına o yerlərdəki evləri, hətta darvazaları vəhşicəsinə söküb apararkən vurublar”.

İrandan bizə qarşı etdiyi bütün cinayətlərə görə hesab sormalıyıq

Mən müstəqilliyimizin ilk illərində sürətlə Azərbaycanda yerləşən İranın casus şəbəkəsi məsələsinə bir qədər sonra ətraflı toxunacağam. Amma bu məqamda QHT rəhbəri olaraq bir təklif və çağırış etmək istəyirəm.

Madam ki, İran bizə düşmən olduğunu bütün çılpaqlığı ilə ortaya qoyub, biz də bu düşmənin etdiyi bütün cinayətlərə görə hesab sormalıyıq. Elə bir qədər əvvəl qeyd etdiyim məqama, yəni yağmalama cinayətinə görə də İrandan hesab sorulmalıdır. Deyirəm, bəlkə QHT sektoru olaraq bu istiqamətdə ilk addımı biz ataq?..

Fars-molla rejimi Azərbaycanın ayaqda durmasını əngəlləmək üçün hər cür iyrəncliyə əl atıb

Gələk günümüzə, daha doğrusu, son günlər baş verənlərə. Söhbət İranın ölkəmizə qarşı təxribatlarından, bu dövlətin maliyyələşdirdiyi və xüsusi xidmət orqanları tərəfindən idarə olunan şəxslərin həyata keçirdiyi müxtəlif qanunsuz addımlardan gedir.

Əslində, dediyimiz kimi, İranın ölkəmizə qarşı təxribatları elə müstəqillik əldə etdiyimiz vaxtdan başlayıb. Fars-molla rejimi müstəqil Azərbaycanın ayaqda durmasını əngəlləmək üçün hər cür iyrəncilyə əl atıb ki, bu sırada casus şəbəkəsi xüsusilə fərqlənib.

İran xüsusi xidmət orqanları tərəfindən Azərbaycan vətəndaşları gizli şəkildə ölkə hüdudlarından kənarda hərbi təlimlərə cəlb olunub, Azərbaycanın dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq şantaj və digər zorakı üsullarla təsir dairəsində saxlanılıb.

Bundan başqa, fars şovinizminə əsaslanan dini ideologiyanın yayılması üçün Azərbaycanın müstəqilliyinin ilk illərində “İmdad” komitəsi vasitəsi ilə insanlara pul verilməsi və sərhəd bölgəsində hər ay ailələrə ucuz ərzaqların paylanması həyata keçirilib ki, bunun da arxasında məhz iyrənc məqsədlər dayanıb. Fars-molla rejimi bu yolla həm həmin insanlar arasında İranın təbilğatını aparıb, həm də bu insanların içərisindən də nisbətən zəif, təbilğat toruna asanlıqla düşənləri müəyyən edərək öz casus əməlləri üçün onlardan yararlanıb.

İranın bu yolda əl atdığı ən bağışlanmaz üsul isə dini təhsil və ya ziyarətlər üçün bu ölkəyə gedənləri, necə deyərlər, tora salması olub. İranda, xüsusilə Qum şəhərində dini təhsil alan Azərbaycan vətəndaşlarının “istismarı”, həmçinin, zaman-zaman dini ziyarətlərə gedənlərin kəşfiyyat tərəfindən “ovlanması” deyilənlərə sübutdur.

Son zamanlar, xüsusilə də Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərindən sonra isə İranın ölkəmizdəki casus şəbəkəsi öz fəaliyyətində iki yenilik edib. Bunlardan birincisi sosial şəbəkələrdə daha geniş hərəkətlənmə, ikincisi isə yas mərasimlərində “çağırılmamış qonaqlar” tərəfindən (biz bunu müharibənin ildönümlərində şəhidlər üçün verilən ehsan mərasimlərində hansısa qara paltarlı, İran sevdalı qadınların peyda olması zamanı müşahidə edirik – N.İ.) çıxarılan həngamələr fonunda müşahidə edirik. Hesab edirəm ki, Azərbaycanın hüquq mühafizə orqanları bu iki istiqamətdə araşdırmaları xüsusilə gücləndirməlidir.

İranın “din pərdəsi” altında beynini yuduğu insanlar

Əslində, bu da təəccüblü deyil. Güney Azərbaycanlı dostumuz Məcid Cavadinin dediyi kimi, İranın mövcud molla rejiminin öz fəaliyyətində bu metoda daha çox üstünlük verdiyi kimsəyə sirr deyil. O da sirr deyil ki, İran “din pərdəsi” altında beynini yuduğu bu insanlardan yeri gələndə qanlı cinayətlərin törədilməsində də istifadə edir. Yaxud da İran hansısa bir ölkəyə yeritdiyi agentlər vasitəsilə bu ölkədən mühacirət etmiş şəxslərə, həmçinin, üçüncü ölkə vətəndaşlarına qarşı terror aksiyası həyata keçirir və ya buna cəhd edir.

Xatırladaq ki, 2021-ci ilin oktyabrında Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) İran agentlərinə qarşı uğurlu əməliyyat həyata keçirmişdi. Həmin vaxt Vanda keçmiş iranlı zabiti qaçırmaq istəyənlər saxlanılmışdı. Onlardan ikisi İran İnqilab Keşikçiləri Ordusu (SEPAH) agenti olub. MİT tərəfindən keçirilən əməliyyat nəticəsində ümumilikdə 8 nəfər cinayət başında yaxalanmışdı.

Din adı altında şeytani əməl

Təbii ki, bu metod birbaşa cinayətdir. Özü də bağışlanmaz cinayət. Lakin bu cür cinayətlərin “din pərdəsi” altında reallaşdırılması adında “islam respublikası” ifadəsi keçən bir ölkə üçün ikiqat cinayətdir. Bu, din, Allah adı altında edilən şeytani əməldir.

Şeytandan söz düşmüşkən, İranın fars-molla rejiminin təmsilçiləri özlərindən başqa hər kəsi şeytan gözündə görməkdə adətkardır. Amma dərinə gedəndə görürük ki, əsl şeytani əməlləri edən elə məhz onların özüdür.

Belə şeytani əməllərdən biri də yanvarın 27-də Tehranda Azərbaycan səfirliyinə qarşı törədildi. İndi İranın əmmaməli mollaları iddia edir ki, guya terror törədən dəli imiş. Soruşuruq, ağa, əgər bu dəlidirsə, gedib başını daşa niyə vurmurdu, yaxud səfirliyə hücum edərkən ona “dost salamı” verən molla rejiminin polisinə niyə bircə güllə atmırdı?

Suallar çoxdur. Amma deyirəm ki, indi bu cinayətkar Yasin Hüseynzadə də dəli şeytana uya. Fars-molla rejiminin cinayəti ört-basdır etmək üçün psixiatriya xəstəxanasına yerləşdirdiyi bu Yasin “dəli şeytan deyir ki” deyib aça sandığı, tökə pambığı…

Sözardı: Xatirinizdədirsə, müharibədəki qələbəmizdən sonra ölkənin bəzi orta məktəblərində şagirdlərə İranın dini liderinə mədhiyyə oxudan müəllimlər da var idi. Hesab edirəm ki, o müəllimlər də “maraqlı nəsə danışa” bilərlər. Heç şübhəsiz bu danışıq, İran casus şəbəkəsinin orta məktəblərə uzanan əlinin də birdəfəlik kəsilməsinə səbəb olacaq!

Number of View: 1743