Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyi “Qloballaşma dövründə milli-mənəvi dəyərlərin qorunması” adlı layihəsinin icrasını davam etdirərək Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Biznes və menecment ” fakultəsinnin və “Humanitar fənnlər” kafedrasının təşkilatçılığı ilə növbəti tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin idarə heyətinin üzvü Günay Hacıyeva açaraq layihə haqqında geniş məlumat verib.
“Dialoq və İnkişaf Naminə” İctimai Birliyin sədri Çingiz Bayramov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyev mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm xüsusiyyəti kimi dəyərləndirib. O bildirib ki, “milli-mənəvi dəyərlərini qoruyub saxlayan xalq həmişə müstəqillik yolu ilə getmək və müstəqilliyi qorumaq əzmində olacaqdır”. Çünki milli dövlətçilik və milli-mənəvi dəyərlər arasında sıx bir daxili əlaqə vardır. Bu mənada yalnız milli kimliyi bəlli olan və özünü bir millət kimi dərk edən xalqın aydın və perspektivli inkişaf yolu ola bilər. Bir də unutmayaq ki, Azərbaycan xalqı bu günədək məhz milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində özünün mövcudluğunu, milli özünəməxsusluğunu qoruyub saxlaya bilib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)”Humanitar fənlər”kafedrasının dosenti sos.f.d.Telman Niftaliyev çıxışında qeyd edib ki, qloballaşma prosesi Azərbaycanın iqtisadi, siyasi, mədəni həyatına, milli-mənəvi dəyərlərinə və mənəvi-əxlaqi meyarlarına da təsir göstərir. Qloballaşma ayrı-ayrı mədəniyyətləri və milli ənənələri, ideyaları, milli-mənəvi dəyərləri ümumdünya sistemi daxilinə qataraq sivilzasiyaların dialoqu üçün də şərait yaradır. Belə dialoq zamanı qarşılıqlı anlaşma və ümumbəşəri əsaslar axtarışı konsensus, ayrı-ayrı mədəniyyətlərlə, ənənələrlə və dəyərlər sistemi ilə rastlaşarkən, onları inkar etmədən öz ənənələri və mədəniyyətinə, sadiq qalaraq başqa dəyərlərə hörmət etmək və anlaşmaq bacarığı tələb olunur.
DİNİB-in İdarə Heyətinin üzvü Vidadi Məmmədov çıxış edərək bildirib ki, tarixin süzgəcindən keçmiş milli-mənəvi dəyərlərimizin qloballaşma dövründə qorunub saxlanılması hər bir azərbaycanlının mənəvi borcu və vəzifəsidir. Natiq çıxışına davam edərək, ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərə verdiyi qiyməti nümunə olaraq gənclərin diqqətinə çatdırıb.
“İqtisadi Araşdırmalar və Təhlil Mərkəzi”nin rəhbəri, Xəzər Universitetinin müəllimi Radil Fətullayev bildirib ki, Azərbaycanın milli-mənəvi dəyərləri dövlət səviyyəsində qorunaraq təbliğ olunur.
Bakı şəhər Gənclər və İdman baş idarəsinin rəis müavini Aydın Yusifov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, hər bir ölkə və xalq milli-mənəvi dəyərləri hər şeydən üstün tutmalı, bu dəyərləri hər zaman qorumalıdır. “Qloballaşma heç də digər xalqlara məxsus dövlət-din modellərinin, adət-ənənələrin, milli mentalitetimizə xas olmayan dəyərlərin ölkəmizə idxalı deyil. Biz qloballaşma deyəndə beynəlxalq əməkdaşlığı və səmimi dostluğu nəzərdə tutmaqla yanaşı, milli dövlətçiliyimizə, mənəvi dəyərlərimizə, ulu öndər Heydər Əliyevin bizə əmanət etdiyi azərbaycançılıq məfkurəsinə sahib çıxmağı, milli kimliyimizi qorumağı nəzərdə tuturuq”.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov bildirib ki, tarixin bütün dövrlərində Azərbaycan dini dəyərlərə və müxtəlif dinlərin mənsublarına münasibətinə görə, sözün əsl mənasında tolerantlıq nümunəsi olub. Müxtəlif zaman kəsiklərində işğallara məruz qalmasına, müxtəlif xalqlar tərəfindən assimilyasiya cəhdlərinə baxmayaraq, Azərbaycan xalqı daim ən yüksək dini, mənəvi dəyərlərin daşıyıcısı olub və birgə yaşadığı xalqların mənəvi-mədəni dəyərlərinin yüksək səviyyədə formalaşması və inkişafına mühüm töhfələr verib.
“Şirvan”Xeyriyyə Cəmiyyətinin İctimai birliyinin sədri Aydın İsmayılov deyib ki, gənclərdə milli-mənəvi dəyərlərin inkişafı, onların qloballaşan dünyada öz istiqamətlərini itirməməsi üçün əvəzsiz rol oynayır. Gənclərin milli-mənəvi dəyərlər ruhunda yetişmələrinin vacibliyini vurğulayan professor diqqətə çatdırıb ki, onların bu ruhda yetişmələri milli məfkurəmizin gələcək nəsillərə ötürülməsinə, xalqımızın tarixi azərbaycançılıq ideyalarının daha da inkişaf etməsinə gətirib çıxaracaqdır.
Number of View: 443