“İrəli” Anım Günü çərçivəsində tədbirlərə başlayıb

“İrəli” İctimai Birliyi 27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq bir sıra tədbirlərin icrasına başlayıb.

İctimai Birlikdən bildirilib ki, təşkilatın nümayəndə və üzvlərinin iştirakı ilə İkinci Fəxri və Şəhidlər xiyabanında Vətən müharibəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi dərin ehtiramla anılıb.

Tədbirlər çərçivəsində Azərbaycan Gənclər Fondunun dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Müzəffər Əsgərimiz” layihəsinin 15 müxtəlif şəhər və rayonda təqdimatı keçirilib. Layihənin əsas məqsədi 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsidir.

Məlumata əsasən, layihə çərçivəsində hazırlanmış 27 videoçarxın qarşıdakı günlərdə minlərlə gəncin iştirakı ilə respublikamızın bütün bölgələrində təqdimatının keçiriləcəyi nəzərdə tutulur: “Həmçinin “İrəli” İctimai Birliyinin ofisində Mədəniyyət Nazirliyinin dəstəyi, “Bakı Media Mərkəzi” və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filminin nümayişi keçirilib. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi, habelə şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb”.

İctimai Birliyin baş katibi İlqar Axundov çıxış edərək qeyd edib ki, Vətən müharibəsi Azərbaycan xalqının birlik və həmrəyliyinin ən yüksək təntənəsi idi: “Müzəffər Ali Baş Komandanın yüksək sərkərdəlik məharəti, qətiyyəti və prinsipiallığı qısa müddətdə işğal altında olan torpaqlarımızın azad edilməsi ilə nəticələndi. İkinci Qarabağ müharibəsində qazanılan qələbəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirən İlqar Axundov diqqətə çatdırıb ki, nümayişin keçirilməsi Zəfər tariximiz haqqında gənclərin maarifləndirilməsi məqsədi daşıyır”.

Qeyd edilib ki, həyata keçirilən tədbirlərlə yanaşı, Birlik tərəfindən “Müzəffər əsgərimizi tanıt” adlı sosial media kampaniyasının keçirilməsi planlaşdırılır: “Kampaniyanın əsas məqsədi torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş igid Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla anmaq və onların döyüş yolu haqqında əhalinin məlumatlanmasını təmin etməkdir”.

Number of View: 573