“Azərbaycanda “qadın gündəliyi”nin hazırlanması ilə bağlı Bakıda fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarının I fokus qrup müzakirəsi keçirilib.
Xəbəri oktyabrın 5-də “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyindən veriblər.
Qeyd edilir ki, tədbiri sözügedən qurum təşkil edib.
Qurumun sədri, araşdırma qrupunun rəhbəri Vüsalə Hüseynli müzakirəyə ilkin hesabatın nəticələrini təqdim edib. O, qeyd edib ki, araşdırma çərçivəsində qadınların ictimai-siyasi proseslərdə iştirakı qiymətləndirilib. Eyni zamanda BMT-nin Davamlı İnkişaf Məqsədlərinin bir neçə məqsədini özündə əks etdirən “Qadın gündəliyi”nin tətbiqi və hədəfləri də araşdırılıb. “Azərbaycanda “qadın gündəliyi” və “gender gündəliyi” arasındakı fərq və bunlarla bağlı ölkədə maarifləndirmənin aparılması, statusundan asılı olmayaraq hər kəs üçün bu terminin anlaşılması və prinsiplərinin hazırlanması məqsədilə QHT-lər və ictimai fəal qadınlar arasında sorğu keçirilib”, – deyə bildirilir.
V.Hüseynli qeyd edib ki, layihə çərçivəsində QHT-lər və qadınlar üçün keçirilən I fokus qrup müzakirəsində qadın iştirakçılığı ilə bağlı maneələr araşdırılıb, təkliflər ətrafında fikir mübadiləsi aparılıb.
“İctimai müzakirədə QHT-lərə Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının üzvü, müstəqil ekspert Günel Səfərova, QHT rəhbərləri Məleykə Əlizadə, Mehriban Zeynalova, Əliməmməd Nuriyev, Cəsarət Hüseynzadə, Nailə İsmayılova, Xatirə Vəliyeva, Fariz Ələkbərov, Ziba Nağıyeva, Mətanət Əsgərqızı və Samirə Mustafayeva çıxış edərək hazırlanan araşdırma-hesabatın müvafiq dövlət qurumları və bu sahədə fəaliyyət göstərən QHT-lər üçün vacib mənbə və fəaliyyət istiqamətləri ola biləcəyini diqqətə çatdırıb.” Bu sözlər də xəbərdə yer alıb.
Çıxışlar və müzakirələrdə BMT Baş Assambleyası tərəfindən 2016-cı ildə qəbul edilmiş “Qadın gündəliyi – 2030” bəyannaməsindən irəli gələn bir sıra məqsədlər yerli vəziyyətlə müqayisə olunaraq təkliflər irəli sürülüb. Eyni zamanda Qadınlara Qarşı Ayrı-Seçkiliyin Ləğvi Komitəsinin (SEDAW) Azərbaycanın VI dövri hesabatı üzrə yekun tövsiyələrinin araşdırılması və praktik addımların atılması üçün hökumət və QHT-lərdən ibarət işçi qrupunun yaradılmasının vacibliyi xüsusi vurğulanıb.
Müzakirələr zamanı eyni zamanda gender büdcəsi, gender gündəliyi, qadınların səlahiyyətləndirilməsi ilə bağlı ictimaiyyət arasında maarifləndirmə, vəkillik işlərinin təbliği, yenilənən stereotiplərin aradan qaldırılması üçün alətlərin tapılması məsələləri də tövsiyələrdə yer alıb.
İctimai müzakirədə səsləndirilən fikirlər nəzərə alınmaqla tövsiyələr hazırlanacaq, hökumətə və aidiyyəti dövlət qurumlarına təqdim olunacaq.
Number of View: 416