QHT-lərin mətbuat və sosial media ilə əməkdaşlığı

CASCFEN-in reallaşdırdığı layihə çərçivəsində keçirilən tədbirdə bu məsələ müzakirə edildi

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il üçün kiçik qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) sentyabrın 1-dən etibarən “QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsi” adlı layihənin icrasına başlayıb.
Bu barədə sözügedən layihə çərçivəsində oktyabrın 6-da Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) keçirilən təlim-seminarda məlumat verildi.

Nadir İsmayılov: QHT-lərə göstərilən diqqət və qayğıya görə minnətdarıq

Tədbiri giriş nitqi ilə açan Birliyin sədri, layihə rəhbəri, Əməkdar jurnalist Nadir İsmayılov öncə qeyri-hökumət təşkilatlarına göstərilən diqqət, onların fəaliyyəti üçün yaradılan şəraitə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin timsalında Azərbaycan dövlətinə minnətdarlıq etdi: “Təbii ki, üçüncü sektoru hər zaman diqqətdə saxlayan, bu sektorun inkişafı üçün müvafiq sənədlər imzalayan cənab Prezident İlham Əliyevə xüsusi təşəkkür edirik. Bu gün Azərbaycanda qeyri-hökumət təşkilatlarına dövlət tərəfindən hərtərəfli dəstək göstərilir”.

Sədr qeyd etdi ki, QHT-lərin fəallığının artırılması, o cümlədən onların ideyalarının dəstəklənməsi istiqamətində qrant müsabiqələri keçirilir: “Heç şübhəsiz, biz QHT təmsilçiləri də yaradılan şəraitdən səmərəli istifadə etməli, dövlətin ayırdığı müvafiq qrantlar çərçivəsində o layihələri reallaşdırmalıyıq ki, onların dövlət və xalq üçün xeyri olsun. Yəni aktual məsələlərin həllinə yardım etmək bizim üçün prioritet olmalıdır. Məhz bu prizmadan yanaşaraq biz də üçüncü sektor, ümumilikdə cəmiyyət üçün aktual olan QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsinə dəstəyimizi göstərməyə çalışırıq”.

Seymur Verdizadə: Bu layihənin reallaşması olduqca aktualdır

Sonra çıxış edən layihə rəhbərinin köməkçisi, yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə qeyd etdi ki, hazırda QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının formalaşması istiqamətində layihənin reallaşması olduqca aktualdır.

S.Verdizadə bildirdi ki, “QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsi” layihəsi ölkədəki QHT-lərin mətbuatla işinin qurulması, həmçinin sosial mediada fəaliyyətlərinin düzgün istiqamətləndirilməsi işinə dəstək xarakteri daşıyır: “Yəni layihənin ideyasını QHT-lərlə jurnalistlər arasında peşəkar münasibətlərin qurulması yollarının tapılmasına, media ilə əməkdaşlıq mühitinin yaradılmasına, sosial media ilə işin düzgün qurulmasına dəstək üçün təkliflərin təqdim edilməsi, iş proqramının tutulmasına yardım edə biləcək tövsiyələrin verilməsi təşkil edir. Bu zaman qardaş Türkiyənin təcrübəsinin də araşdırılması, o cümlədən Azərbaycandakı ayrı-ayrı QHT-lərin mövcud məsələ ilə bağlı yanaşmalarının əsasında hazırlanmış məqalələrin saytlarda dərci nəzərdə tutulub”.

Məlumat verildi ki, layihə çərçivəsində iki təlim-seminarın keçirilməsi, layihənin gedişi barədə mediada və sosial şəbəkələrdə, o cümlədən təşkilatın öz saytında məlumatların yerləşdirilməsi nəzərdə tutulub: “Layihənin məqsədi QHT təmsilçilərinin media ilə iş sahəsində bilik və bacarıqlarının artırılmasına, media ilə QHT-lər arasında əməkdaşlıq mühitinin yaradılmasına yardım göstərməkdir”.

Umud Rəhimoğlu: CASCFEN uğurlu yol keçib

Sonra çıxış edən BAMF prezidenti, Mətbuat Şurası İdarə Heyətinin üzvü Umud Rəhimoğlu belə bir tədbirə ev sahibliyi etməkdən məmnunluq duyduğunu deyib.

CASCFEN-in yaranma tarixinə qısa ekskurs edən BAMF prezidenti təşkilatın ötən müddətdə uğurlu yol keçdiyini, yaddaqalan fəaliyyət sərgilədiyini dedi: “Ümid edirəm ki, CASCFEN-in reallaşdırdığı bu layihə də bütövlükdə cəmiyyətimiz üçün xeyirli olacaq”.

Vüqar İskəndərov: QHT-lər də öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmalıdırlar

Çıxış edən Milli Məclisin deputatı Vüqar İskəndərov QHT-lərin mətbuat və sosial media ilə əməkdaşlığı məsələsinin günümüzdə aktual olduğunu deyib.

QHT-lərə informasiya dəstəyinin vacib olduğunu söyləyən V.İskəndərov, “Təbii ki, QHT-lər də öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmalı, dövlət və xalq üçün vacib olan məsələlərin həllində öz üzərlərinə düşən işləri layiqincə icra etməlidirlər. Mən bu baxımdan artıq bir neçə ildir fəaliyyətini izlədiyim, tədbirlərində iştlrak etdiyim CASCFEN-i xüsusi qeyd etmək istəyirəm. Əminəm ki, təşkilat bundan öncəki layihələr kimi bu layihəni də uğurla başa çatdıracaq” dedi.

Azər Həsrət: Gələn il CASCFEN-in 20 yaşı tamam olur

Təşkilatın qurucusu, Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar Jurnalist Azər Həsrət isə çıxışına gələn il CASCFEN-in yaranmasının 20-ci ildönümü olacağını xatırlatmaqla başladı: “CASCFEN 2003-cü ilin 18-20 mart tarixində Novruz bayramı günlərində Bakı şəhərində keçirilən regional konfransın sonunda təsis edilib”.

O, qeyd etdi ki, ötən 20 il ərzində CASCFEN istər beynəlxalq təşkilatlarla əməkdaşlıq, istər türk dünyası və Güney Qafqaz regionu, istərsə də ölkə daxilində öz fəaliyyəti ilə seçilib. Təşkilatın hazırda reallaşdırdığı layihəyə gəlincə A.Həsrət, əslində, CASCFEN-in buna bənzər bir sıra layihələr reallaşdırdığını deyib: “QHT-lərin mətbuat və sosial media ilə əməkdaşlığının qurulması aktual məsələdir. Əminəm ki, digər layihələr kimi bu layihə də uğurla tamamlanacaq. Onu da deyim ki, istər layihə çərçivəsində, istərsə də ümumilikdə həm CASCFEN-ə, həm də QHT-lərə lazım olan dəstəyi verməyə, bu sahədə öz təcrübəmi bölüşməyə hazıram”.

Geniş bir konfransın keçirilməsi məqsədəuyğundur

Daha sonra layihənin təlimçiləri – Əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru Nüşabə Hüseynova və Sevda Əskərova müvafiq olaraq “Biz harada və niyə gecikirik?” və “QHT-lərin mətbuat və sosial media ilə əməkdaşlığı üçün nələri etməliyik?” mövzularında təqdimatlarla çıxış edərək mövcud durum barədə iştirakçıları məlumatlandırdılar.

Sonra tədbirdə iştirak edən QHT və media təmsilçiləri məsələyə dair təklif və fikirlərini bildirdilər. Vətəndaşların Sosial Müdafiəsi Naminə İctimai Birliyinin sədri İradə Rzazadə, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova, “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, QHT.az və ictimaishura.az saytlarının rəhbəri Cəsarət Hüseynzadə, Mətbuat Şurası İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müsfiq Ələsgərli və başqalarının çıxışları zamanı mövcud problemin həlli məqsədi ilə MEDİA və QHT-lərə Dövlət Dəstəyi Agentliklərinin, həmçinin, Mətbuat Şurasının iştirakı ilə konfransın keçirilməsi təklifi də səsləndirildi.

O da bildirildi ki, layihə çərçivəsində növbəti təlim-seminar onlayn formada Respublikanın bölgələrində fəaliyyət göstərən media və QHT təmsilçiləri üçün keçiriləcək.

Number of View: 461