“Azərbaycanda aparılan gənclər siyasəti dövlət siyasətinin əsas tərkib hissəsidir”.
Bunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva martın 17-də keçirilən görüşdə deyib.
Qeyd edək ki, Agentlikdə Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasına üzv gənclər təşkilatlarının rəhbərləri ilə görüş keçirilib. Görüş Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə baş tutub.
Bu barədə bayraqdar.info-ya Agentlikdən məlumat verilib.
Bildirilib ki, qonaqları salamlayan Agentliyin İcraçı direktoru Aygün Əliyeva gənclər təşkilatlarının inkişafı və şaxələnməsində böyük rolu olan Milli Şuranın belə bir görüşü təşkil etməsini yüksək qiymətləndirib.
Görüşdə çıxış edən ARGTMŞ-nın sədri Azər Əliyev öz növbəsində Agentliyin icraçı direktoru Aygün Əliyevaya təşəkkürünü bildirib. O, vurğulayıb ki, Milli Şuraya üzv olan gənclər təşkilatlarının fəaliyyətinin genişləndirilməsi və dövlət qurumları ilə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində dövlət qurumları rəhbərləri ilə mütəmadi görüşlər keçirilir və fikir mübadiləsi aparılır.
Görüşdə gənclər təşkilatları nümayəndələrinin rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.
Number of View: 2523