Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçilərinin işğaldan azad edilən Şuşa şəhərinə səfəri təşkil edilib. Bu səfərdə artıq 130-dan çox QHT təmsilçisi iştirak edib.
Bu sözləri QHT təmsilçilərini müşayiət edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev Şuşada AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.
O qeyd edib ki, iki gün ərzində ümumilikdə 300-ə yaxın QHT nümayəndəsinin Şuşaya səfəri planlaşdırılıb. V.Quliyev Azərbaycan dövlətinin, cəmiyyətinin maraqlarının fəal təbliğatçıları olan QHT-lərin Şuşa şəhərinə səfərinin çox böyük əhəmiyyət daşıdığını bildirib.
İşğaldan azad edilən ərazilərimizdə erməni vandallarının illərlə törətdikləri vəhşi əməllərin hər addımda nəzərə çarpdığını deyən Vüsal Quliyev qeyd edib ki, viran qoyulan şəhər və kəndlərimiz, yer üzündən silinən tarix və mədəniyyət abidələrimiz düşmənin nə qədər barbar, vəhşi olduğunu göstərir. O, düşmənin bütün dağıntıları məqsədli şəkildə etdiyini, milli izləri silməklə azərbaycanlıların bu torpaqlardakı mədəni kimliyini itirmək məqsədi güddüyünü bildirib: “Bu gün böyük potensiala malik olan QHT nümayəndələri təkcə Azərbaycan xalqına yox, ümumən bəşəriyyətə təhlükə yaradan erməni barbarlarının törətdikləri vəhşilikləri öz gözləri ilə görür, dağıdılan kəndlərin, viran qoyulan qəsəbələrin, qırılan meşələrin dəhşətli mənzərəsi ilə qarşılaşırlar. Dünya bilməlidir ki, erməni faşizmi bəşəriyyət üçün çox böyük təhlükələr yaradacaq. Ermənilər tərəfindən Azərbaycana qarşı yalan və böhtan xarakterli kampaniyalarının qarşısının alınması istiqamətində QHT-lərin səyi xüsusilə vacibdir. Onlar gördüklərini olduğu kimi, yerli və xarici ictimaiyyətin diqqətinə çatdırmalıdırlar”.
V.Quliyev hazırda Qarabağın quruculuq işləri çərçivəsində nəhəng yenidənqurma işlərinin yüksək sürətlə davam etdiyini bildirib: “Xalqımıza məxsus yüzlərlə mədəniyyət və dini abidələr, qəbiristanlıqlar Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı dövründə dağıdılıb, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə edilərək vandalizmə məruz qalıb.
Hazırda bu ərazilərdə nəhəng yenidənqurma işləri yüksək sürətlə davam edir. Şuşa şəhərində həyata keçirilən genişmiqyaslı quruculuq işləri çərçivəsində məscidlər, tarixi abidələr, məqbərələr, ev-muzeyləri bərpa edilir. QHT nümayəndələrinin bu baxımdan hazırda Şuşaya səfərləri xüsusən əhəmiyyətlidir. Bu gün Azərbaycanda böyük QHT şəbəkəsi formalaşıb. Bu hərəkatın iştirakçıları müstəqil Azərbaycanımızın və xalqımızın mənafeyini hər şeydən üstün tutaraq dövlətimiz ətrafında sıx birləşməkdə davam edirlər.
Number of View: 411